Ərdoğanın "Xalq TV"-yə qarşı məhkəmə şikayəti rədd edilib
Tarix: 16-04-2014, 09:37 |
Çap et
Türkiyənin baş naziri Ərdoğanın məhkəmə iddiası rədd edilib.
ANS PRESS-in xəbərinə görə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkədəki "Xalq TV"-yə qarşı etdiyi məhkəmə şikayəti rədd edilib.
"Duman" qrupunun "Rəzil" adlı mahnısından və Ərdoğanın şəkillərindən hazırlanmış klipi yayımlayan telekanala baş nazir tərəfindən onun şəxsiyyət hüquqlarını pozmaq səbəbilə məhkəmədə mənəvi təzminat iddiası qaldırılmışdı.
Ankara 14-cü Asliyə Hüquq Məhkəməsindəki prosesdə Ərdoğanın vəkilləri Əli Özkaya və Muammər Cemaloğlu ilə Xalq TV-nin vəkili Şükrü Evrim İnal iştirak edib.
Hakim Kenan Altıparmak vəkillərin son bəyanatlarını dinlədikdən sonra "əsassız görülən iddianın rəddinə" qərar verdiyini bildirib.
Qeyd edək ki, həmin klip Xalq TV-nin efirində 2013-cü il may ayının ortalarında nümayiş olunub. Ərdoğan da bu klipi özünə qarşı hüquq pozuntusu kimi qələmə verərək, kanalın müdirindən 60 min lirə təzminat tələb edirdi.