Kosovo separatçılarının lideri seçkini uddu
Tarix: 9-06-2014, 09:57 |
Çap et
Serbiyadan qoparılmış Kosovo Respublikasında növbədənkənar parlament seçkisi keçirilib. “Media forum” saytı xəbər verir ki, iyunun 8-də keçirilmiş seçkinin ilkin nəticələrinə görə, baş nazir Haşim Taçinin rəhbərlik etdiyi Kosovo Demokrat Partiyası önə çıxıb. 31,22 faizlik səslə qalib gələn Kosovo Demokrat Partiyası liderini üçüncü dəfə baş nazir kürsüsündə oturtmaq imkanı əldə edib.
Müxalif Kosovo Demokratik İttifaqının (lideri İsa Mustafa) 26,19 faiz səslə ikinci yerdə olduğu bildirilir.
Növbədənkənar seçki parlamentin özünü buraxması ilə bağlıdır. Serblər Kosovo ordusunun yaranmasına səs vermədikləri üçün ötən ay parlament özünü buraxıb.
120 yerlik Kosovo parlamentində serblərin 10, digər azlıqların 10 bron yerləri var. 8 iyun seçkisində ilk dəfə serblər də iştirak edib.
1999-cu ildən Serbiyanın nəzarətindən çıxarılaraq BMT-nin himayəsində olan Kosovo 2008-ci il fevralın 17-də müstəqilliyini elan edib. 100-dən çox ölkə Kosovonun müstəqilliyini tanıyıb. Ancaq dünya birliyinin bu məsələdə rəyi haçalanıb. Bir sıra dövlətlər, o cümlədən Azərbaycan Kosovonun müstəqilliyini tanımır.