“Əksəriyyəti “kadırovçu”lar olan 35 rusiyalı muzdlu əsir götürülüb” - Ukraynanın müdafiə naziri
Tarix: 21-07-2014, 10:15 |
Çap et
Ukrayna Silahlı Qüvvələri son bir sutka ərzində Luqansk vilayəti ərazisindəki döyüşlərdə 35 silahlını əsir götürüb.
APA-nın xəbərinə görə, bunu özünün “Facebook” səhifəsində Ukraynanın müdafiə naziri Valeri Qeletey yazıb. O, iyulun 20-də axşam Luqansk vilayətinin Lisiçansk, Rubejnoye, Severodonetsk və Luqansk şəhərləri ətrafında toqquşmaların davam etdiyini deyib:
“Terrorçular panika halında hərbi texnika ilə birlikdə mühasirədəki Lisiçansk şəhərindən çıxmağa cəhd göstəriblər, lakin Ukrayna Silahlı Qüvvələrinin atəşi altında qalıblar. Nəticədə onlara məxsus 3 hərbi texnika vurularaq yandırılıb. Muzdlular döyüş yerindən mühasirədəki şəhərə qaçmağa məcbur olublar. Son sutka ərzində Ukrayna hərbçiləri 35 rusiyalı muzdlunu əsri götürüb, onların böyük hissəsi “kadırovçu”lardır. Biz irəliləməyə davam edirik”.
Qeyd edək ki, “kadırovçu”lar adı altında Rusiyanın Çeçenistan Respublikasının rəhbəri Əhməd Kadırovun Ukraynaya separatçılara dəstək məqsədilə göndərdiyi muzdlu çeçenlər nəzərdə tutulur.