Ukrayna hadisələri ilə əlaqədar Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Ukraynanın erməni əsilli Daxili İşlər naziri Arsen Avakova zəng edib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna kütləvi informasiya vasitələri məlumat yayıb.
Qeyd olunur ki, partiya sədri ukraynalı rəsmiləri ölkənin şərqində davam edən əməliyyatların dayandırılmasına inandırmağa çalışıb. Bunun üçün nədənsə o, Ukrayna Daxili İşlər nazirini seçməli olub. Nazirin qəbul otağına zəng edən Jirinovski Avakovun məsləhətçisi Anton Qeraşenko ilə danışmaq məcburiyyətində qalıb. Ənənəsinə uyğun olaraq, qarşı tərəfi söz atəşinə tutacağını zənn edən Jirinovski müqavimətlə üzləşib. Qeraşenko çox emosional tərzdə Ukraynaya qarşı aqressiyaya görə Rusiyanı nələrin gözlədiyini Jirinovskinin diqqətinə çatdırıb və Moskvanı təcavüzə son qoymağa çağırıb.
Xatırladaq ki, daha sonra qarşılıqlı ittihamlar müəyyən faktların açılması üzrə davam edib. Hər iki şəxs bir-birini Haaqa Məhkəməsi ilə hədələyib. Sonda Jirinovski Ukrayna Daxili İşlər Nazirliyinin onu axtarışa verməsini böyük narazılıqla qarşılayaraq, bu əmri verənlərin özlərinin məhkəmə qarşısında dayanacağını dilə gətirib.