Separatçılar Donetsk aeroportuna hücum edib
Tarix: 2-10-2014, 12:24 |
Çap et
Ukrayna hərbçilərinin nəzarətində olan Donetsk aeroportu bu gün səhər separatçıların hücumuna məruz qalıb. Bu barədə Ukraynanın şərqində xüsusi əməliyyatlar üzrə mətbuat mərkəzinin rəhbəri Vladislav Seleznyov məlumat verib.
Ötən axşam hərbçilər aeroporta bir neçə hücumun qarşısını alıblar. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının məlumatına görə, 7 separatçı öldürülüb, 10-dan çoxu yaralanıb. Hərbçilər arasında itki yoxdur. Aeroportun hər iki terminalı hərbçilərin nəzarətindədir.
Oktyabrın 1-də “Donetsk Xalq Respublikası”nın baş naziri Alexandre Zakharchenko jurnalistlərə deyib ki, separatçılar həftənin sonunadək Donetsk aeroportunu tutmağa çalışır.
UNİAN xəbər verir ki, ötən sutka ərzində separatçılar Ukrayna hərbçilərinin Donbassdakı mövqelərini 30 dəfədən çox atəşə tutub. Atəş tanklardan, minomyotlardan, toplardan açılıb. Hərbçilər arasında itki barədə məlumat yoxdur.