Pakistanda “küfr danışana” ölüm hökmü qüvvədə qaldı
Tarix: 17-10-2014, 09:25 |
Çap et
Pakistan məhkəməsi küfr danışmaqda ittiham olunan xristian qadına ölüm hökmünü qüvvədə saxlayıb. Bu hökm 4 il əvvəl çıxarılıb.
Asia Bibi-nin vəkili deyib ki, qərar oktyabrın 16-da çıxarılıb və o, Ali Məhkəməyə şikayət verəcək.
Beş uşaq anası olan Bibi 2009-cu ildə həbs olunub. O, bir müsəlman qadınla mübahisədə Məhəmməd Peyğəmbər barədə aşağılayıcı sözlər işlətməkdə təqsirli bilinib.
Beynəlxalq ictimaiyyət Pakistanın küfr danışmağa görə verdiyi cəzaları pisləyir. Bu qanunvericilik 1980-ci illərdə qüvvəyə minib. İnsan haqları fəalları Pakistanı həmin qanunu ləğv etməyə çağırır və arqumentlərini belə əsaslandırırlar ki, adətən bu qanunvericilik şəxsi mübahisələrin həlli üçün istifadə olunur.
Bu elə həssas məsələdir ki, hətta əsaslandırılmamış iddialar belə kütləvi zorakılıqlara gətirə bilər.