"Abxaziya və Cənubi Osetiyanın anneksiyasından “söhbət getmir”" - Rusiya gürcü torpaqlarına əl qoyur
Tarix: 26-11-2014, 09:19 |
Çap et
Rusiya Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya regionlarını anneksiya etmək planlarını yalan adlandırıb. Xarici işlər nazirinin müavini Grigory Karasin noyabrın 25-də AzadlıqRadiosunun “İndiki zaman” proqramına deyib:
“Hər hansı anneksiyadan söhbət getmir”.
Gürcüstan və Qərb Rusiya və Abxaziyanın noyabrın 25-də imzaladığı “strateji tərəfdaşlıq” razılaşmasını tənqid edib. Tbilisi bu paktı Moskvanın regionu anneksiya etmək cəhdi adlandırıb.
Karasin onu da deyib ki, Rusiya qonşularının “özlərini təhlükədə hiss etməməsi üçün heç bir cəhdi, əsəb və maliyyə xərcini əsirgəməyəcək”. “Böyük və güclü dövlət olan Rusiya sərhədləri boyunca sabitlik və sərhədlərində baş verən hər bir şey üçün cavabdehdir,” Karasin söyləyib.
“Strateji tərəfdaşlıq” sazişinə görə, Rusiya və Abxaziya qüvvələri Rusiyanın komandanlığı altında birləşəcək.