Alman pilot intihar, kabinə qapısı barədə onlayn axtarışlar aparıbmış
Tarix: 3-04-2015, 08:44 |
Çap et
Germanwings sərnişin təyyarəsini Fransada Alp dağlarında qəzaya uğratdığı bildirilən pilot internetdə intihar metodları, kabinə qapısının təhlükəsizliyi barədə axtarış aparıbmış.
Almaniyada prokurorlar aprelin 2-də bildiriblər ki, Andreas Lubitz-in Duesseldorfdakı mənzilindən tapılmış kompüterdə onun internetdə nəyi axtardığını aşkarlayıblar.
Ötən həftə təyyarənin qara qutusu öyrəniləndən sonra diqqət Lubitz-ə yönəlib. Müstəntiqlər inanırlar ki, 27 yaşlı pilot kapitanı üçün kabinənin qapısını açmayıb və təyyarəni qəsdən dağa toxundurub. Martın 24-də Barselonadan Duesseldorfa uçan təyyarədə 150 nəfər həlak olub.
Marseldə prokuror Brice Robin deyib ki, müstəntiqlər 150 DNT aşkarlayıblar. Ancaq onların qurbanların ailələrinin təqdim etdiyi DNT nümunələri ilə tutuşdurulması vaxt aparacaq.