Əsas Səhifə > Dünya > “Dünya sülh sistemi Buça zirzəmilərində, Mariupol küçələrində ölür”
“Dünya sülh sistemi Buça zirzəmilərində, Mariupol küçələrində ölür”11-04-2022, 15:30 |
Ukrayna Prezidenti Vladimir Zelenski BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı deyib ki, sülhü təmin etməli olan bu əsas dünya qurumu effektiv işləyə bilmir: “Təhlükəsizlik Şurasının təmin etməli olduğu təhlükəsizlik haradadır? BMT-nin təmin etmək üçün yaratdığı sülh haradadır? Aydındır ki, istənilən təcavüzkarın sülhə məcbur edilməsini təmin etməli olan əsas sülh institutu sadəcə olaraq səmərəli işləyə bilmir”. O, BMT Nizamnaməsinin 1-ci fəslinin sülhü dəstəkləyən təşkilatın məqsədi ilə bağlı 1-ci maddəsini xatırladıb və vurğulayıb ki, indi nizamnamə elə birinci maddədən pozulur. Prezident rus işğalçılarının Ukraynadakı hərbi cinayətlərindən danışıb: “Ukrayna şəhərlərinin artilleriya və hava zərbələri ilə dağıdılması, şəhərlərin blokadaya alınması, mülki əhalinin edam edilməsi. Buçada dinc əhalinin qətliamı işğalçıların Ukraynada etdiklərinə dair çoxsaylı nümunələrdən biridir və onların cinayətləri İkinci Dünya müharibəsinin bitməsindən bəri ən pis hadisədir”. “Rusiya BMT Təhlükəsizlik Şurasındakı veto hüququnu ölüm hüququna çevirir. O, qlobal təhlükəsizliyin bütün arxitekturasını pozur, pisliyin cəzasız qalmasına və bütün dünyaya yayılmasına imkan verir. Belə davam edərsə, son nəticə o olacaq ki, hər bir ölkə öz təhlükəsizliyini təmin etmək üçün yalnız silah gücünə arxalana bilər, beynəlxalq hüquq və beynəlxalq institutlara deyil. BMT sadəcə olaraq bağlana bilər”, - deyə Ukrayna lideri bildirib. Zelenski BMT sistemində islahat aparmağa çağırıb və qeyd edib ki, təcavüzkar sülhə məcbur edilməli, Rusiya hərbçiləri və onlara əmr verənlər məsuliyyətə cəlb edilməlidir: “BMT indi ya təcavüzkar ölkəni Təhlükəsizlik Şurasında qərarların qarşısını almaqdan uzaqlaşdıra, ya qurumun necə formatlaşdırıla biləcəyini göstərə, ya da özünü ləğv edə bilər”. Maraqlı təkliflərdir. Həqiqətən də, nüvə bombalarına sahib olan, özü üçün məqbul olan istənilən qərarı vermək istəyən bir ölkənin bu cəzasızlığı ilə bağlı nəsə etməyin vaxtıdır. Burada Zelenski tamamilə haqlıdır – Kremli BMT Təhlükəsizlik Şurasında veto qoymaq imkanından məhrum etmək lazımdır. BMT-nin bu ali strukturunun yenidən formatlaşdırılmasının yolları, mexanizmləri varmı? Əks halda, ümumilikdə Təhlükəsizlik Şurasının bütün fəaliyyəti bir növ farsa çevrilərək, təcavüzkara dünya ictimaiyyətini açıq şəkildə ələ salmağa imkan verir. Burada hansı çıxış yolları görünür? dia-az.life xəbər verir ki, AYNA mövzunu tanınmış əcnəbi ekspertlərlə müzakirə edib. Qərbi Avropa diplomatı, Norveç Krallığının Azərbaycandakı keçmiş səfiri Steinar Gil: “Veto hüququ BMT Təhlükəsizlik Şurasını iflic edir. BMT yaranandan bəri belə olub və veto ləğv edilənə qədər də belə olacaq. Böyük dövlətin müharibə cinayətləri törətməsi və sonra bu müharibə cinayətlərini dayandıra biləcək istənilən tədbirə veto qoyması absurddur. BMT Təhlükəsizlik Şurası və əslində BMT-yə üzv olan bütün dövlətlər vetonun ləğvi ilə bağlı ciddi müzakirələrə başlamalıdır. Problem ondadır ki, veto hüququ olan beş ölkədən heç biri bu səlahiyyətdən imtina etmək istəmir. Veto hüququ ləğv edilsə belə, sual olaraq qalır: əvvəllər veto hüququ olan ölkə Təhlükəsizlik Şurasının onun maraqlarına zidd qərarlarına tabe olacaqmı? Amma bu çətinliklərə baxmayaraq, mən hesab edirəm ki, Təhlükəsizlik Şurasında veto hüququnun ləğvi üçün prosesə başlamaq lazımdır. Ukraynalı politoloq, Yaxın Şərq Araşdırmaları Mərkəzinin icraçı direktoru İqor Semivolos: “Ukrayna torpağında moskvalıların davam edən dəhşətli cinayətlərindən belə ağrı ilə danışan Ukrayna Prezidentinin sözlərinə heç kim biganə qala bilməz. Buça və Ukraynanın digər şəhərlərində dinc sakinlərin soyuqqanlı şəkildə qətlə yetirilməsi Rusiya təbliğatı və Kreml ordusunun “qələbə dəliliyi”nin misantropik ideologiyası ilə təqdis olunan dəhşətli cinayətdir. Hətta Qundyayevin rəhbərlik etdiyi Moskva kilsəsi də bu kabusa, Ukrayna xalqının soyqırımına xeyir-dua verdi. Amma indi də, minlərlə şahid ifadələrindən sonra, minlərlə sübut və yüzlərlə jurnalistin iştirakı ilə ortaya çıxanlardan sonra da moskvalılar bununla heç bir əlaqələri olmadığını deyir, açıq-aşkar yalan danışmağa davam edirlər. Belə bir vəziyyətdə, həqiqətən, aşkar şeylər haqqında düşünürsən: Yaradandan başqa bu dəhşəti dayandıra biləcək bir qüvvə varmı? BMT-nin preambulasında sivilizasiyadan və insan həyatından çox bəhs edilir və bəyan edilir ki, bu beynəlxalq qurum “Birləşərək hərəkət et” şüarını təcəssüm etdirməlidir. İkinci Dünya müharibəsinin dəhşətlərindən sonra çoxları eyni sualı verdi. Cavab BMT və bir neçə ölkənin birmənalı olaraq imtiyazlara və öldürmək hüququna malik olduğu sistem oldu. Mən indi, düzünü desəm, bu strukturun yenidən qurulmasının, onun səmərəliliyinin artırılmasının yollarını görmürəm. Beynəlxalq hüquq əvvəllər də çətinliklə işləyirdi, indi isə daha çox. Ancaq əvvəllər 1940-cı illərin fəlakətinin xatirəsi siyasətçiləri dəlilikdən saxlaya bildisə, Moskvadakı hazırkı qruplaşmanı Ukrayna ordusundan başqa heç nə saxlaya bilmir. Belə strukturlardan və beynəlxalq hüquqdan imtina etməyə dəyərmi? Heç nəyə baxmayaraq, yox! Nəhayət, prosedurlar və institutlar vacibdir və onlar xaosdan nizam yaradır. Yalta dünyasının sistemi Buça və Borodyankanın zirzəmilərində, Mariupol küçələrində ölür və bu göz qabağındadır. Bundan sonra nə baş verəcək və kim olacaq – bu, Ukraynanın bəşər sivilizasiyasını nə dərəcədə uğurla müdafiə etməsindən asılıdır. Və bizə kömək lazımdır. BMT bunu etməlidir”. Geri qayıt |