Əsas Səhifə > Dünya > Rusiya Türkiyəyə qarşı ŞANTAJA KEÇİB...

Rusiya Türkiyəyə qarşı ŞANTAJA KEÇİB...


29-04-2022, 10:38
Rusiya Türkiyəyə qarşı ŞANTAJA KEÇİB...
Voronej vilayəti yaxınlığında “Bayraktar” PUA-sının vurulması Rusiya telekanallarında anti-Türkiyə əhvalını artırıb. �?’Rossiya 1’’ telekanalında yayımlanan “60 dəqiqə” analitik proqramında Türkiyə hədəfə alınıb. Rusiya ekspertlərinə görə, Ukraynada sülhyaratma niyyətini ortaya qoyan Türkiyə Kiyevi silahlandırmaqda davam edir. İddia olunur ki, Rusiyaya qarşı sanksiyalara qoşulmayan Ankara birtərəfliyini qorumalıdır. Bildirilib ki, Türkiyə Kiyevi silahlandırmaqda davam edərsə, bu, gələcək münasibətləri ciddi şəkildə zədələyə bilər.

Qeyd edək ki, hələ Ukrayna müharibəsindən əvvəl də Kiyevə “Bayraktar”lar satılması Moskvanın etirazına səbəb olmuşdu... Maraqlıdır ki, aprelin 28-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub. Halbuki tərəflər cəmi iki gün öncə də telefonla danışmışdılar.

Bəs Türkiyə PUA verməkdən imtina edə bilərmi? Rusiya ilə münasibətlər önəmlidir, yoxsa Ukraynaya “Bayraktar” vermək?

Bəzi məlumatlara görə, Ukrayna türk PUA-larını öz ölkəsində istehsal edir. Burada bir məqam da var - Ukraynanın silah arsenalında kifayət qədər böyük həcmdə Rusiya silahları var. Eləcə də Azərbaycana qarşı döyüşən, ərazilərimizi işğal edən Ermənistan tam halda Rusiya silahları ilə təchiz olunub. Rusiya bütün dünyaya silah ixrac edən ən böyük dövlətlərdəndir. Elə Azərbaycanda da kifayət qədər Rusiya silahları var. O zaman gərək hər kəs Rusiyaya qarşı bəyanat versin... Bu mövzuda Rəcəb Tayyib Ərdoğana qədər Türkiyə rəsmilərinin açıqlamaları var. Onlar deyirlər ki, Türkiyə �?’Bayraktar’’ları silah bazarında şəffaf şəkildə satır. Kim onu alırsa, silah da, işlətməsinə görə məsuliyyət də onun olur. Necə ki, Rusiya tanklarını satın alan hər hansı ölkə onu hansı istiqamətə, hansı hədəf ölkənin üstünə sürməsinə görə özü məsuliyyət daşıyır. Rusiya təbliğat vasitələri bu sadə gerçəyi görmürmü? Niyə buna cığallıq edirlər?

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli buna səbəb kimi rusların keçmişi unutmadıqlarını görür: “Rusiyada çox güclü anti-Türkiyə əhval-ruhiyyəsi var. Bu da rusların milli genefondundan irəli gəlir. Ruslar üçün türk tarixən bir nömrəli düşmən olub. Çünki onların xərac vermə tarixləri yaddaşlarından silinməyib. Şimal qonşumuzun dövlətçilik tarixi 300-400 il öncədən o tərəfə yoxdur. Həmin ərazilər türk hökmdarlarının nəzarətində olub. Rusların antitürk hisslərinin ikiqat yüksək olmasında İslam faktoru da böyük rol oynayır. Təbii ki, burada erməni lobbisinin də təsirləri az deyil. Regionda Türkiyə-Rusiya maraqlarının toqquşmasını da burada gözardı etmək olmaz. Antitürk əhval-ruhiyyəsində olan rus elitasına Türkiyənin üzərinə getmək üçün bir bəhanə lazımdır. Bir sözlə, bəhanələr axtarmaq izindədirlər. Türkiyə hamıya silah satır. Bu baxımdan sualınızda qeyd olunanı məsələni bəhanə hesab edirəm. Qardaş ölkə Ukraynaya ”Bayraktar"ları pulsuz vermir. O məntiqlə Azərbaycan daim etiraz etməlidir ki, Rusiya, sən Ermənistanı silahlandırırsan. Türkiyə də etiraz edə bilər ki, Rusiya, mənə rəqib, düşmən olan Yunanıstana S300-ləri satırsan. Rəsmi Ankaranın özü Rusiyadan S400-ləri alıb. Rusiya da istəsə, “Bayraktar”ları ala bilər. Sadəcə, özlərinə hələ ki bu silahı almağı sıxışdırmırlar. Çünki türk hərbi istehsalı daha güclü silah icad edib. Sözün əsl mənasında bu silah rus silahını “döyür”. Suriyada, Liviyada, Qarabağda, indi də Ukraynada bunun şahidi olmuşuq. Rusiya ərazisində partlayışlar olub. Deyilənə görə, bu “Bayraktar”larla olub. Rusiyanın müdafiə sistemi bu silahın qarşısında aciz qalıb. Bu da rusları yerindən oynadır. Türkiyəyə olan hücumların kökündə məhz bu dayanır".

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Rusiyanın heç bir tələb irəli sürməyə haqqının olmadığını diqqətə çatdırdı: “2014-cü ildə Rusiya Krımı işğal edərək özünə birləşdirərkən Türkiyə bunu tənqid etsə də, NATO-nun Rusiyaya qarşı sanksiyalarına qoşulmayan yeganə üzv dövləti olub. Lakin bu, Türkiyənin Rusiyaya hər sahədə və hər zaman güzəştə gedəcəyi anlamına gəlmir. Bu gün Türkiyə Rusiyaya qarşı savaşan Ukrayna ordusunu ”Bayraktar"larla təmin edirsə, bu, tamamilə silah ticarəti və biznes maraqları çərçivəsində dəyərləndirilməlidir. Belə ki, “Bayraktar”ların Suriya, İraq, Liviya, Qarabağ və Ukraynada uğurlu istifadəsi ona olan marağı daha da artırmaqdadır. Hətta Almaniya da bu silahı satın alacağını elan edib. Keçən ilin dekabrında Qırğızıstan, bugünlərdə isə onunla münaqişə vəziyyətində olan Tacikistan bu uçuş aparatını əldə edib. Halbuki tarix boyu yaşanan münaqişələrin hər iki tərəfinə silah satan Rusiya bu gün Türkiyəni ən yaxşı anlamalı olan dövlətdir. Odur ki, Rusiyadan Türkiyənin davranışına “həddən artıq kəskin” reaksiyanın gəlməyəcəyi, həmçinin NATO-nun ona sanksiya tətbiq etməyən yeganə üzvünü Rusiyanın itirmək istəməyəcəyini də deyə bilərik. Silahın münaqişə tərəflərindən yalnız birinə satılması, həmin tərəfin silah satan ölkənin strateji və təbii müttəfiqi olması halında olur, məsələn, Türkiyə və İsrailin 44 günlük müharibə dövründə yalnız Azərbaycana silah satması kimi. Ümumiyyətlə, birtərəfli mövqe də məhz bu cür strateji və təbii müttəfiqlik halında mümkün olur. Bu gün Rusiyanın Türkiyə qarşısında belə bir tələb irəli sürməsi üçün heç bir siyasi, hüquqi, yaxud mənəvi haqqı yoxdur".
“Yeni Müsavat”

Geri qayıt