Əsas Səhifə > Dünya > Ukraynada analoqsuz “xüsusi əməliyyat”: döyüşə “zeklər” gedir
Ukraynada analoqsuz “xüsusi əməliyyat”: döyüşə “zeklər” gedir25-07-2022, 07:52 |
Bu, fantaziya aləmindən olsa da, Rusiya Prezidentinin və onun kimilərin sözlərinə inanmağa çalışaq. Tutaq ki, Rusiya qonşu dövlətin ərazisində “xüsusi əməliyyat” keçirir və hətta, buna əsası da var. Bəs niyə bu hərbi əməliyyat başladığı ilk günlərdən ən az xüsusi əməliyyata, əslində isə real genişmiqyaslı müharibəyə bənzəyirdi? Bəli, Ukraynanın işğalı ilə bağlı kadrlara bir baxışda Rusiyanın “xüsusi əməliyyata” hər yerdə olduğu kimi məhdud sayda xüsusi təyinatlı dəstənin köməyi ilə başlamadığını başa düşmək üçün hərbi mütəxəssis olmaq lazım deyildi. Bütün dünyada “xüsusi əməliyyat” mülki əhaliyə və obyektlərə zərər vermədən həyata keçirilir, problemlər tez, peşəkarcasına həll edilir. Amma dünyanın ikincisi sayılan ordunun bütün gücü ilə öz qardaş ölkəsinin üzərinə şığıması yolu ilə deyil. Axı, xüsusi əməliyyat nədir? Gəlin bunu anlayaq və inandırıcılıq üçün hətta “Wikipediya”ya müraciət edək. - Birincisi, xüsusi əməliyyat güc strukturlarının, o cümlədən silahlı qüvvələrin və polis strukturlarının bir növ xüsusi tədbirləridir. Yaxşı, bu, qismən aydındır, yəni iştirakçılarla, bağlı hər şey aydındır – bu məsələdə yalnız xüsusi təyinatlılar iştirak edirsə. - İkincisi, xüsusi əməliyyatlar həm məqsədlərinə (kəşfiyyat, təxribat, sabotaj fəaliyyətləri və s.), həm də metodlarına (məxfiliyin və gizliliyin artırılması) görə adi hərbi əməliyyatlardan fərqlənir. Və bütün baş verənlər heç də tənqidə dözmür, çünki bütün Rusiya ordusu, tamamilə açıq şəkildə, indiyədək nüvə qüvvələri istisna olmaqla, silahlı qüvvələrin bütün qolları ilə Ukraynada ölümcül döyüşə girib. - Üçüncüsü, xüsusi əməliyyatın əsas xüsusiyyətləri gözlənilməzlik və fəaliyyət sürətidir. Bu məsələ ilə bağlı tam uğursuzluq hökm sürür – “blitskrieg” uğursuz oldu, Rusiya Ukraynada dərin bir bataqlığa düşüb və o qədər dərin ki, artıq beş aydır ki, bu bataqlıqdan çıxmağa nail ola bilmir və baş verənlərin sonu görünmür. - Dördüncüsü - bu, bəlkə də, ən vacib şeydir - xüsusi əməliyyatlar adətən yüksək döyüş və psixoloji hazırlığa malik olan, istənilən şəraitdə müstəqil hərəkət etmək qabiliyyətində olan xüsusi təyinatlıların kiçik qrupları (kəşfiyyat, təxribat və s.) tərəfindən həyata keçirilir. Artıq qeyd etmişdik ki, Putin bütün silahlı qüvvələrini Ukraynada yerləşdirib. Ola bilsin ki, əvvəlcə təxribat qrupları öz vəzifələrini həll edərkən, ağır hərbi texnikanın müşayiəti ilə çoxminlik ordudan sadəcə qorxuducu qüvvə kimi istifadə etmək planlaşdırılmışdı. Ancaq üç gün ərzində Ukraynaya tam parad geyim formasında gələn əsgərlər evlərinə qələbə ilə qayıtmadılar - bəziləri başını Ukraynanın qara torpaqlarında qoydu, bəziləri orada qollarını və ya ayaqlarını itirdi, qalanları isə müharibədə ölümü gözləməkdə davam edir. Budur təhlilimizin sonuncu - dördüncü məqamına, gəlin daha yaxından nəzər salaq. Əgər bu müharibə deyilsə, onda: - Niyə Rusiya Federasiyasının bütün qoşun növləri, “xüsusi əməliyyata” hazır olmayan quru qoşunları, o cümlədən çağırışla yenicə qəbul olunmuş gənc əsgərlər və artıq vətən qarşısında borcunu yerinə yetirmiş ehtiyatda olan əsgərlər iştirak edirlər? - Nə üçün könüllülər, muzdlular “xüsusi əməliyyata” və çox vaxt hədə-qorxu, rüşvət və hətta şantaj yolu ilə cəlb olunurlar? Məhz bu gün “General SVR” teleqram kanalı məlumat verdi ki, iyulun 15-də FSB direktoru Aleksandr Bortnikov Prezidentə Rusiyanın cənubunda, bir neçə bölgədə gizli səfərbərlik üzrə yeni üsulla eksperiment aparıldığını bildirib - potensial muzdlularıın bank hesabı bloklanır, sonra onlarla bankda bir FSB zabiti danışır və "dövlətə təcili ehtiyac" arqumenti ilə vətəni müdafiə etmək üçün sənəd "imzalatdırırlar". - Və nəhayət, “xüsusi əməliyyatda” iştirak etmək üçün qulluğa qəbulu qızğın gedən həbs yerlərində hərbi vəzifəyə və ya hərbi ixtisasa çağırışın nə dəxli var? “Gulagu.net” hüquq müdafiəsi layihəsi cəza çəkən məhkumların, onların yaxınlarının, eləcə də həbs yerlərindən yenicə azad edilmiş şəxslərin hekayələri əsasında bu barədə kifayət qədər dolğun məlumat yayır. “Gulagu.net”in “qaynar xətt”inə orduya qəbulla bağlı şikayətlər Nijni Novqorod, Voronej və Lipetsk vilayətlərinin, Mordoviya, Sankt-Peterburq və bir sıra cənub vilayətlərinin penitensiar müəssisələrindən daxil olur. Üstəlik, onlar təkcə qaynar nöqtələrdə xidmət edənləri deyil, həm də oğurluq və soyğunçuluq, dələduzluq, narkotik və silah alveri cinayətlərinə görə cəza çəkən, peşə bacarığı olmayan məhbusları da işə cəlb edirlər. Putinin "Ukraynanın demilitarizasiyası və denazifikasiyası" və “Donbasda dinc əhaliyə qarşı qanlı cinayətlərə” görə məsuliyyət daşıyan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi ilə bağlı qarşıya qoyduğu tapşırıqlar yerinə yetirilməyib, "xüsusi əməliyyat" nəinki əvvəlki məqsədlərindən kənara çıxıb, məqsədləri artıq bir neçə dəfə dəyişib. Rusiya ordusunun bütün potensialının səfərbər olmasına baxmayaraq, əlavə qüvvələrin artması olmadan “əməliyyat” boğulur və qıcolmalara düşür. Bəs bu necə “xüsusi əməliyyat”dır ki, məqsədləri, miqyası, qüvvə və vasitələrin iştirakı baxımından irimiqyaslı müharibə kateqoriyasına qalxıb? Məsələn, Türkiyə başqa dövlətlərin ərazisində - Suriyada, İraqın şimalında xüsusi əməliyyatlar aparır, onları xüsusi təyinatlılarla ildırım sürəti ilə, bacarıqlı, peşəkar və təmiz həyata keçirir. Rusiya isə, həqiqətən də, həmişə olduğu kimi, yenə də şansa ümid edirdi, amma bu dəfə də kərəntisi daşa dəydi. “Xüsusi əməliyyat” uğursuzluğa düçar oldu, onu davam etdirmək üçün qüvvələr və vasitələr tükəndi və səfərbərlik o halda elan oluna bilər ki, onun adı müharibəyə çevrilsin. Buna cəsarətləri varmı? İzləyib görəcəyik. //AYNA// Geri qayıt |