Əsas Səhifə > Dünya > Budapeşt qaydaları pozur: Macarıstan NATO-dan çıxarıla bilərmi?

Budapeşt qaydaları pozur: Macarıstan NATO-dan çıxarıla bilərmi?


18-06-2023, 09:21
Budapeşt qaydaları pozur: Macarıstan NATO-dan çıxarıla bilərmi?
NATO-nun Vilnüs sammitindən bir ay əvvəl Polşa Quru Qoşunlarının keçmiş komandanı Valdemar Skışipçak belə bir fikir bildirib ki, əgər Putinin tərəfində olduğunu hər cür nümayiş etdirən Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqına üzv ölkələri şantaj edirsə, ölkə NATO-dan çıxarılmalıdır. Çünki NATO monolit quruluşdur, demokratiyanı, azadlığı və sülhü müdafiə edənlərə açıqdır. Ona görə də hər iki tərəfdə oynayan ölkələrə yer yoxdur.

Prinsipcə, bu kontekstdə mən təkcə Macarıstanın NATO-da yox, həm də Macarıstanın Aİ-yə üzvlüyü ilə bağlı məsələ qaldırardım. Çünki Budapeşt mümkün olan bütün qaydaları pozur. Ancaq burada bir neçə "amma" var.

Əsas odur ki, NATO-nun tarixində ölkələrin NATO-dan çıxması təcrübəsi olmayıb. Yəni ki, bildiyimə görə, heç vaxt bir ölkənin NATO-dan çıxarılması mexanizmi tətbiq edilməyib. Üstəlik, belə bir mexanizm yoxdur. Necə ki, Aİ-dən xaric edilmə mexanizmi yoxdur. Aİ-dən Böyük Britaniya kimi, ölkə yalnız öz istəyi ilə çıxa bilər.

Məsələ ondadır ki, NATO ölkələri və Aİ ölkələri konsensus əsasında qərarlar qəbul edirlər - hər bir ölkə səs verməlidir. Buna görə də, Valdemar Skışipçakın ideyasını nəzərə alsaq, üzvlərdən birini qovmaq mexanizmini inkişaf etdirmək üçün hər ölkənin bununla razılaşması lazımdır. Macarıstan məlum səbəblərdən buna razı olmayacaq, çünki onsuz da hər şey onun istəklərinə uyğundur.

Macarıstanda hakimiyyət dəyişikliyi vəziyyəti dəyişəcəkmi? Təəssüf ki, yox. Orban da Putin kimi əhalinin əhəmiyyətli hissəsinin fikrini ifadə edir. Macarıstan da Rusiya kimi revanşist ölkədir, bu revanşizm 100 ildən artıqdır ki, yaşayır. 1920-ci ildə Macarıstanın krallığın 2/3 hissəsini (müasir Xorvatiyanın bir hissəsi, Rumıniyanın böyük bir hissəsi, Slovakiyanın bir hissəsi, Serbiyanın bir hissəsi və Ukraynanın bir hissəsi) itirdiyinə görə hələ də incikliyi var. Onlar İkinci Dünya müharibəsinə yalnız Hitlerin bütün bu əraziləri qaytaracağına söz verdiyi üçün onun tərəfində girdilər. Nəzəri olaraq hökumət dəyişə bilər, lakin macarların əhval-ruhiyyəsi çətin ki, dəyişsin. Məsələn, şəxsən mən Budapeştdəki restoranlarda yuxarıda qeyd olunan bütün ərazilərin göstərildiyi Macarıstan Krallığının xəritəsini gördüm. Onu asan isə Orban deyildi!

Bəs Ukraynanın hər hansı inteqrasiya istəkləri ilə bağlı Macarıstanın fikir ayrılığı səbəbindən “dolaşığa düşmək” mümkündürmü? Əslində Macarıstan çox açıq oynayır, amma “qırmızı xətləri” keçməməyə çalışır. Məsələn, onlar prinsipcə, sanksiyaları dəstəkləyirlər və ya BMT-də (Türkiyə kimi) Rusiyadan təzminat almaq üçün səs verirlər. Ona görə də, ABŞ Ukraynanın NATO-ya daxil olması ilə bağlı strateji qərar qəbul edərsə, o zaman macarlar etiraz etsələr, “yaxşı polislər” işə qarışacaqlar. Məsələn, ABŞ səfiri deyəcək ki, “siz səhv siyasət aparırsınız, Avroatlantik birlik var” və s. Və əgər bu cür davranmağa davam etsələr, “pis polislər” gələcəklər və Macarıstana “ABŞ-ın milli maraqlarına müdaxilə etsə, nələr olacağını düşünün” deyəcəklər.

Aİ ilə inteqrasiyadan danışsaq, problemlər ola bilər. Axı macarlar müqavimət göstərəcək, hüquqlarının Ukrayna tərəfindən pozulduğu iddia edilən macar azlıqları haqqında danışa, Zakarpatiyanın muxtariyyətini tələb edə və Rusiya Federasiyasını maraqlandıran digər mövzuları səsləndirə bilərlər. Aİ-nin Budapeştə subsidiyalarını dayandırmaqla bu axını dayandırmaq olar (illik 20 milyard avro). Amma bunu etmək istəyinin olub-olmaması böyük sualdır. Nəzərə almaq lazımdır ki, Ukraynanın daxil olması ilə bağlı Aİ-də prinsipcə konsensus yoxdur, çünki Ukraynanın böyük subsidiyalara ehtiyacı var. Bəzi hesablamalara görə, ildə 100 milyard avroya qədər pul lazımdır. Ona görə də Avropanın bir çox ölkəsi buna qarşıdır.

Müəllif: Taras Zaqorodnı - Milli Antiböhran Qrupunun idarəedici partnyoru.
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur
Geri qayıt