Əsas Səhifə > Dünya > Kremlin KTMT şousu və Ukrayna blefi
Kremlin KTMT şousu və Ukrayna blefi30-08-2023, 15:29 |
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qərargah rəisi Anatoli Sidorov təşkilatın daha da genişlənəcəyini deyib. O, BRİKS (BRICS) kimi müşahidəçilər siyahısının artırılmasından bəhs edib: “Biz prinsipcə Latın Amerikası, Afrika və digər qitələrdən tərəfdaşlar və müşahidəçilər olarsa, qəbul etməyə hazırıq. Dövlət başçıları qərar verdilər və BRICS 6 dövlət artdı. Eyni şey KTMT-də də baş verə bilər”. Qeyd edək ki, hazırda KTMT-yə bu dövlətlər daxildir: Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan. 2022-ci ilin yanvarında Qazaxıstanda baş verən etirazlardan sonra KTMT Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayevin çağırışı əsasında bu ölkəyə öz qoşunlarını yeridib. Təşkilatın Nizamnaməsində qeyd olunur ki, KTMT-yə üzv dövlətlərin hər hansı birinə qarşı hərbi təhlükə yaranarsa, o zaman digər ölkələr həmin ölkənin təhlükəsizliyinin təminatı üçün birlikdə döyüşməlidir. DİA.AZ xəbər verir ki, Kanadada yaşayan azərbaycanlı politoloq Anar Mahmudov AYNA-ya müsahibəsində KTMT-nin genişlənmək ehtimalları, ABŞ-Qərb qarşıdrması, “Vaqner” döyüşçülərinin lideri Yevgeni Priqojinin ölümü və digər mövzular ətrafında danışıb. - KTMT-nin qərargah rəisi Anatoli Sidorov Latın Amerikası və Afrika dövlətlərinin müşahidəçi qismində təşkilata üzv olacaqlarını bildirib. Bu, o deməkdir ki, Rusiya postsovet məkanı ilə kifayətlənmək niyyətində deyil və tərəfdaş coğrafiyasını böyüdür? - KTMT rəsmisi Sidorovun təşkilatın fəaliyyətinin genişlənməsi barədə açıqlamasını ciddi saymıram. Onsuz da onun eyham vurduğu Latın Amerikası və Afrika ölkələri Moskvanın yanındadır. Müşahidəçi və tərəfdaş qismində quruma qoşulmaqla sadəcə münasibətlərini rəsmiləşdirəcəklər. Bu gün KTMT-də 6 üzv ölkə təmsil olunur ki, onların arasında da dərin ziddiyyətlər mövcuddur. Ermənistanla Rusiyanın münasibətləri gərgindir. Rəsmi İrəvan qərbyönümlü siyasət yürüdür. Bu isə, heç şübhəsiz, postsovet məkanını istisnasız olaraq öz ətrafında görmək istəyən Putin administrasiyası üçün qəbuledilməzdir. Rusiya keçmiş ittifaq respublikalarının müstəqil siyasət yürütməsinin qarşısında əsas maneədir. Məhz elə bu səbəbdən Gürcüstan və Ukraynaya təcavüz edib. Gürcüstanın mövcud iqtidarı Moskvaya münasibətdə yumşaq siyasət yürütdüyünə görə, bu hücumlardan yayınmağı bacarsa da, Ukrayna və Moldovaya Kremlin münasibəti göz qabağındadır. Mövcud şəraitdə Rusiya öz ətrafında olan ölkələri belə, təsir dairəsində saxlaya bilmir. İndi Latın Amerikası və Afrika ölkələri müşhidəçi qismində KTMT-yə üzv olsa, nə dəyişəcək ki?! KTMT elə də ciddi qurum deyil və heç zaman NATO-nun rəqibi olmayacaq. - Qərb-Rusiya qarşıdurması davam edir. Rusiya-Ukrayna müharibəsi ilə gərginləşən münasibətlər ətrafında müxtəlif mülahizələr irəli sürülür. İddialara görə, yaxın aylarda tərəflər arasında qarşılıqlı güzəştlər əsasında razılaşma əldə ediləcək. Razılaşırsınız bu fikirlə? - Rusiya vaxtilə Gürcüstana və Ukraynaya qarşı işğalçılıq siyasəti yürüdəndə ABŞ, Böyük Britaniya və Qərb dövlətləri ona qarşı hərəkətə keçmədi. Gözləmə mövqeyi Rusiyanı daha da gücləndirdi və Moskva yeni iddialarla çıxış etməyə başladı. Görəndə ki, artıq Moskva nəinki region, bəşəriyyət üçün bir təhlükəyə çevrilir və onun liderliyi altında Qərbə qarşı geniş koalisiya formalaşır, o zaman Ukraynaya dəstək verməyə başladılar. Lakin bu dəstək də yüksək səviyyədə deyil. Qərb öz mahiyyətinə uyğun formada davranır və hər zaman özü üçün bir “işıq yeri” qoyur. Ukraynanın daha da güclənməsi və üstünlük əldə etməsi üçün Qərbin silah tədarükünə, yeni növ silahlara ehtiyacı var. Hazırda Qərb Ukraynaya lazım olan zəruri silahları vermir. Yalnız o silahları verir ki, təki Ukrayna məğlub olmasın, müqavimət göstərsin və müharibə tez qurtarmasın. Qərb çalışır ki, tərəflər bir-birlərini mümkün qədər çox zəiflətsinlər. O ki qaldı razılaşmaya, yaxın gələcək üçün belə bir perskepktiv görmürəm. Düzdür, Roman Abramoviçin Qərbin adından Moskvada danışıqlar aparmaq üçün gəlməsi barədə məlumatlar tirajlanır. Yayılan informasiyalara əsasən, Abramoviç bir neçə gün öncə Moskvada olub və Qərbin təkliflərini Kremlin yüksək dairələrinə çatdırıb. Dünya mətbuatının yazdığına görə, Rusiya ordusunun indi olduğu ərazilərdə dayanması şərtilə müharibəni dayandırması və danışıqlara başlanılması, Krım və Donbassın güzəşti müqabilində Rusiyanın Ukrayna müharibəsindən qalib ayrılmasının təmin edilməsi, əvəzində isə Afrika məsələsində Kreml güzəştə gedilməsi və yaxud geri çəkilməsi tələbinin qoyulduğu iddia edilir. Hesab edirəm ki, bu, belfdir və Moskvanın “təbliğat maşını” tərəfindən süni olaraq dövriyyəyə buraxılır. Çünki Ukrayna müharibəsində Rusiya böyük itkilərə məruz qalıb və müharibəni dayandırmaq istəyir. Bunu isə edə bilmir. Çünki bu qərar Putin rejiminin sonu deməkdir. Bu cür təbliğat metodları ilə dünya və Rusiya ictimaiyyətinə Qərbin müharibəni dayandırmaqda maraqlı olduğu rəyini aşılamağa çalışırlar. - “Vaqner” döyüşçülərinin lideri Yevgeni Priqojinin olduğu təyyarə qəzaya uğradı və qəza nəticəsində Priqojin də həlak oldu. Priqojinin ölümü kimin marağında idi – Qərbin, Moskvanın, yoxsa Rusiya daxilindəki klanların? - Yevgeni Priqojin Kremlə bağlı kriminal qruplaşmanın nümayəndəsi olub və hər zaman Putin rejiminə sədaqətlə xidmət edib. Bir neçə ay öncə “Vaqner” qiyamı başlayanda bəziləri ondan qəhrəman obrazı düzəltməyə çalışırdılar. Guya ki, Priqojin saraydaxili çəkişmələrin əsasını qoyaraq, Putin iqtidarına qarşı çevriliş ssenarisini həyata keçirir. Lakin sonradan məlum oldu ki, əslində Priqojin Putinə deyil, hakimiyyətin daxilində olan qüvvələrə qarşı qiyama qalxıb. Unutmaq lazım deyil ki, Priqojin kimi insanlar çox sayda cinayətlərə yol veriblər və onların azadlıqda gəzməsi yalnız Putin kimi avtoritar liderlərin sayəsində mümkün ola bilər. Afrikada Rusiyanın müəyyən üstünlük qazanmasından sonra Priqojinin təyyarə qəzasına uğramasını Qərbin proyekti kimi qiymətləndirənlər var. Lakin mən düşünürəm ki, bu, yanlış yanaşmadır. Sadəcə Priqojin sonuncu dəfə rəhbərinə sədaqət nümayiş etdirdi və bir müddət əvvəl etdiyi kobud səhvin bədəlini ödədi. ABŞ dövlət katibi Entoni Blinkenin “Priqojin və onun kimilərinin yerində olsaydım, yenə də çox narahat olardım. NATO-nun açıq qapı, Rusiyanın açıq pəncərə siyasəti var”, Böyük Britaniya rəsmisinin “Priqojin Rusiya təhlükəsizlik qüvvələrinə yenidən inteqrasiya olunsa da, ABŞ rəsmiləri ondan qisas alınacağını bildirirdilər” kimi açıqlamaları Priqojinə qarşı sui-qəsdin hansı qüvvələr tərəfindən törədildiyinə şübhə yeri qoymur. Putin bilir ki, Ukraynaya qarşı təcavüz, Rusiyanın çoxsaylı canlı qüvvə və hərbi texnika itkisi, çoxvektorlu embarqolar fonunda iqtisadi böhranın dərinləşməsi, rus rublunun sürətlə dəyər itirməsi yaxın gələcəkdə daxildə kütləvi etirazların əsasını qoyacaq. Əslində ABŞ və Qərbin də planı budur. Daxildə belə bir qiyam gözlənildiyinə görə, Priqojinin ölümü ilə cəmiyyətə ciddi mesaj ötürülür. Bu mesaj da ondan ibarətdir ki, heç kim, hətta sonradan əməlindən səmimi peşman olaraq sədaqətlə xidmət edənlər belə, törətdiyi xəyanətə görə cavabsız qalmayacaqlar. Geri qayıt |