Əsas Səhifə > Dünya > Birqütblü dünya nə ilə əvəz olunacaq?
Birqütblü dünya nə ilə əvəz olunacaq?20-10-2023, 10:47 |
Rusiya və Çin “soyuq müharibə”dən sonra Amerika Birləşmiş Ştatlarının formalaşdırdığı birqütblü dünya modelinə son qoymaq istəyirlər. Moskva və Pekin Vaşinqtonla mübarizənin yeni mərhələsinə daxil olurlar. Kremlin vəziyyəti daha ağırdır, Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə görə Qərbin müxtəlif sanksiyaları ilə üzləşib, Kremlin ABŞ və Avropa İttifaqı ölkələrinin əksəriyyəti ilə münasibətləri gərginləşib. Pekinin də Qərblə münasibətlərdə problemləri var. ABŞ Çinin hərbi gücünü artırmasından, qonşularına yaratdığı problemlərdən və Tayvan adasını nəzarətə götürmək istəyindən narahatdır. Vaşinqton Pekini durdurmaq üçün bölgədə müxtəlif siyasi və hərbi bloklar formalaşdırıb. Belə şəraitdə Pekində keçirilən “bir kəmər, bir yol” forumu diqqət mərkəzində olub. Pekindəki foruma qatılan Rusiya prezidenti Vladimir Putin Rusiya-Çin ticarət mübadiləsinin 200 milyard dollara çatmasından fəxrlə danışıb. Bu rəqəm əsasən Çinin Rusiyanın yeraltı sərvətlərini almasıyla bağlıdır. Çin Rusiyadan hazır məhsul almır. Çünki Rusiyanın istehsal etdiyi məhsullara Çinin ehtiyacı yoxdur. Çin Rusiyadan qaz, neft, taxta və digər məmulatlar alır. Rusiya isə əksinə Çindən müxtəlif hazır məhsullar alır. Qərbin sanksiyalarına görə Rusiyanın Çinin məhsullarına asılılığı artıb. Ancaq bu məhsulların bir qismi keyfiyyət baxımından Qərbin eyni məhsullarından geri qalır. Rusiya-Çin iqtisadi və ticarət əlaqələrinin həcminin artımı Vaşinqtonu narahat edir. ABÇ-ın əfsanəvi diplomatı Henti Kissincer 50 il əvvəl Çini faktiki ABŞ-ın tərəfdaşına çevirmişdi. Kissincerin digər məqsədi Pekin-Moskva ittifaqına mane olmaq idi. Ancaq Vaşinqtonun son illərdə həm Moskva, həm də Pekinə qarşı sərt siyasəti Rusiya ilə Çini müttəfiqə çevirib. “The New York Times” nəşrində yayımlanan məqalədə Rusiya prezidenti Vladimir Putinin məqsədinin ABŞ-a qarşı Çinlə ittifaqı gücləndirmək olduğu göstərilib. “South China Morning Post” nəşrində yayımlanan məqalədə isə Çinin Rusiyaya satdığı hərbi texnologiyalar da Vaşinqtonu narahat edir. ABŞ dövlət katibi Entoni Blinken Pekini xəbərdar edib ki, Rusiyaya satılan hərbi texnologiyalar ABŞ-la münasibətlərdə Çinə əlavə problemlər yaradacaq. “Financial Times” nəşrinin məqaləsində isə yazılıb ki, Rusiya Çinlə münasibətlərinin strategiyasını 2030-cü ilə qədər müəyyənləşdirməyi hədəfləyib. Buna baxmayaraq, Pekin beynəlxalq məsələlərdə Kremldən asılı olmaq istəmir və müstəqil qərarlara üstünlük verir. Misal üçün Çin Rusiya ilə yanaşı Türkmənistandan da qaz alır. Bu Çinə ona görə lazımdır ki, Rusiya enerjisindən asılı vəziyyətə düşməsin. Rusiyadan neft alışında Hindistan Çini üstələyib. “The New York Times” nəşri Pekindənki forumda Qərb ölkələrindən nümayəndələrin olmamasına diqqət çəkib. Bunun əsas səbəbi odur ki, Qərb liderləri və xarici işlər nazirləri Ukraynaya qarşı işğalçı müharibə aparan Putinlə eyni masada oturmaq istəməyiblər. Avropa liderlərindən toplantıya sadəcə Macarıstan baş naziri Viktor Orban qatılıb. Orban Putinlə ikitərəfli görüş keçirib, ancaq o bu görüşdən məyusluğunun gizlətməyib. Çünki Putin Orbana deyib ki, Ukraynaya qarşı müharibəni dayandırmaq fikri yoxdur. “Atlas” Araşdırmalar Mərkəzi DİA.AZ Geri qayıt |