Əsas Səhifə > Dünya > Amerika dünyaya hansı üzünü göstərəcək?
Amerika dünyaya hansı üzünü göstərəcək?22-10-2023, 12:05 |
ABŞ Prezidenti Co Bayden ikinci müddətə namizədliyini irəli sürməsinin səbəblərini açıqlayıb. O, CBS telekanalına müsahibəsində deyib ki, Yaxın Şərqdəki vəziyyəti normallaşdırmaq və Rusiya rejimini əzmək üçün Avropanı birləşdirmək istəyir: “Təsəvvür edin ki, biz Yaxın Şərqdə uğur qazana və münasibətləri normallaşdıra bildik. Əgər biz bütün Avropanı birləşdirsək, nə baş verərdi”, - deyən Bayden öz vəzifələri siyahısına Rusiya Federasiyasının və indiki Rusiya hökumətinin sıxışdırılmasını da əlavə edib. “Ki, Rusiya artıq problem yaratmasın. Bizim bu dünyanı daha yaxşı bir yerə çevirmək üçün böyük imkanımız var”, – deyə o vurğulayıb. Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib. Anti-Qərb koalisiyası keçmiş Prezident Donald Trampın yenidən prezidentliyinə ümid etsə də, artıq onun heç bir şansının qalmadığı söylənilir. Trampın Baydeni Rusiya-Ukrayna müharibəsinə görə sərt tənqid etməsi və onu dünyanı qarışdırmaqda suçlaması ABŞ-ın rəqiblərini onu dəstəkləmək üçün hərəkətə gətirib. Analitiklər hesab edir ki, Bayden gələn ilin noyabrına qədər Rusiyanı ciddi şəkildə zəiflədə və Ukraynanın üstünlüyünü təmin edə bilməsə, növbəti seçkilərdə qələbəsi müşkül olacaq. Digər iddiaçılar isə Baydenin son açıqlamasını imitasiya adlandırır və hesab edirlər ki, yenidən və sonuncu dəfə prezident seçilərsə, ölkəsi Ukraynaya dəstəyini azaldacaq. Avropa birləşdirmək, Rusiyaya təzyiq amillərinin isə sadəcə seçkiöncəsi təbliğat məqsədilə ortaya atıldığı bildirilir. DİA.AZ-ın məlumatına görə, amerikaşünas, politoloq Kamran Cəfərov mövzuya dair AYNA-ya şərhində deyib ki, dünyanın taleyində bu seçkilər çox mühüm rol oynacaq: “Bayden artıq gələn il keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb və hazırkı vitse-prezidentlə marafona qoşulacaq. Onun seçki qərargahının rəhbər heyətinin tərkibinə nəzər yetirsək, görərik ki, burada əsasən latın amerikalılar təmsil olunur. Bunun da əsas səbəbi 2020-ci ilin prezident seçkilərində Baydenin latın amerikalı əhalidən lazımi qədər səs ala bilməməsi ilə bağlı idi. Demokratlar əsas diqqəti məhz bu kateqoriyadan olan seçicilərdən səs almağa yönəldiblər”. “Baydenin kifayət qədər peşəkar üstünlükləri var ki, bunlardan da ən əsası onun “birləşdirici” rolunu uğurla oyana bilməsindədir. Onun təşəbbüsü ilə NATO və Avropa İttifaqının birliyinin bərpa olunması, Rusiyanın Ukraynaya hücumu fonunda Ukraynaya dəstək məqsədilə “Ramştayn formatı” yaradılması və NATO ilə başqa regionlardan olan müttəfiqlərini bir yerə gətirməsi bu xüsusda qeyd olunmalıdır. Bütün bunlar Baydenin qarşıdakı seçkilərdə şansını artırır”, - deyə analitik bildirib. Onun sözlərinə görə, prezident seçiləndən sonra Baydenin ABŞ-ın daxilində Trampın yaratdığı qarşıdurmalara son qoyması və hamını Ağ Evin ətrafında birləşdirməsi də mühüm məqamdır: “Onun dövlət başçısı kimi fəaliyyətə başlamasından qısa müddət sonra Böyük Britaniyanın Baş naziri ilə birlikdə “Yeni Atlantik Xartiyası”nı imzalaması və bununla yeni dünya nizamının qurulmasının anonsunun verilməsi ciddi dəyişikliklərə səbəb oldu”. “Hətta bir çox senatorlar açıq şəkildə bəyan edirlər ki, nəyin bahasına olursa olsun, Baydeni müdafiə edəcəklər. Bu sırada nüfuzlu senator Berni Sanders və digərlərinin adını çəkmək olar. Nəticə etibarı ilə demokratlar 2024 seçki kampaniyasına vahid qüvvə kimi və vahid mövqe ilə qatılırlar. Rəqib partiya isə seçkilərə dərin ideoloji boşluq şəraitində qatılacaq”, - deyə Cəfərov söyləyib. Əlavə edib ki, Bayden Rusiya məsələsində israrlı mövqeyini davam etdirəcək: “Təbii ki, növbəti seçkilərə qədər Ukraynanın üstünlük əldə etməsi onun şanslarını artıracaq. Bayden seçkilərə qədər çalışacaq ki, Rusiyaya qarşı təzyiqləri maksimum həddə çatdırsın. Onun Rusiya məsələsində sona qədər dirəniş göstərəcəyini ehtimal edirəm”. DİA.AZ-ın məlumatına görə, Azərbaycanın sabiq dövlət müşaviri, professor Qabil Hüseynli də AYNA-ya açıqlamasında qeyd edib ki, Baydenin qələbəsində Ukrayna amilinin mühüm rolu olacaq: “Məhz buna görə də Bayden Rusiyaya qarşı mübarizənin və Avropanı birləşdirmə siyasətinin davam edəcəyini bəyan edir. Çünki 2020-ci ildə iqtidara bu vədlərə gəlmişdi. Rusiyaya qarşı kəskin təzyiqləri başlatdı. Lakin Ukraynaya ciddi yardımlar ayırmadı. Görünən odur ki, ABŞ və müttəfiqləri bu müharibənin uzanmasına çalışırlar. Bilirlər ki, Rusiya kifayət qədər güclü dövlətdir və onu asanlıqla təslim etmək olmayacaq. Buna zaman lazımdır. Geri də çəkilə bilməzlər. Bu, anti-Qərb koalisiyasının beynəlxalq miqyasda güclənməsinə səbəb olacaq. Həm də keçmiş prezident Donald Trampın haqlı olduğunu ortaya çıxaracaq. Bu isə Baydenin sonu deməkdir”. Hüseynlinin fikrincə, gələn il keçiriləcək seçkilərə qədər vəziyyət dəyişə bilər: “Ötən seçkilərdə analitiklər Trampın daha şanslı oldğuun söyləyirdilər. Lakin Bayden qalib gəldi. ABŞ-da vəziyyət sürətlə dəyişir və burada seçkilərin taleyinə təkcə daxili amillər deyil, xarici faktorlar da təsir edir”. Geri qayıt |