Əsas Səhifə > Dünya > Rusiyadan Azərbaycana göndərilən rublda milyard yarım azalma
Rusiyadan Azərbaycana göndərilən rublda milyard yarım azalma29-12-2023, 10:14 |
Qeyri-rəsmi məlumatlara görə, Rusiyada bir neçə milyon azərbaycanlı miqrant yaşayır və əsasən ticarət fəaliyyəti ilə məşğul olurlar. Xüsusən regionlardan olan soydaşlarımız Rusiyada əldə etdikləri gəlirlərdən Azərbaycandakı doğmalarına da göndərirlər. 2023-cü ilin yanvar-sentyabr aylarında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 829 milyon 410 min dollar vəsait göndərilib. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.7 dəfə və ya 1 milyard 437 milyon 926 min dollar azdır. 2022-ci ilin yanvar-sentyabr aylarında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 2 milyard 267 milyon 336 min dollar vəsait daxil olub. Qeyd edək ki, hesabat dövründə Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul vəsaitləri, ümumi daxilolmaların 64.8 faizini təşkil edib. Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən daxil olan vəsaitlərin həcminin təxminən üç dəfə azalması milyonlarla əyalət sakinini yeganə gəlir mənbəyindən məhrum edir. Regionlarda işsizlik, faktiki olaraq istehsal müəssisələrinin olmaması vəziyyəti daha da çətinləşdirir. Ölkəmizdə elə bölgələr var ki, orada əhalinin əksəriyyəti Rusiyada yaşayan doğmalarının vəsaitləri hesabına dolanır. Ekspertlərə görə, rublun dəyərdən düşməsi isə vəziyyəti daha da çətinləşdirir. Bu səbəbdən soydaşlarımız Azərbaycanda yaşayan doğmalarına vəsait göndərməkdə çətinlik çəkirlər. Rusiyada pul köçürmələrinə tətbiq olunan qadağalar da situasiyaya təsirsiz ötüşmür. Bütün bu amillər daxil olan vəsaitlərin həcmini əhəmiyyətli surətdə azaldıb. Belə azalma bundan sonra da davam edəcək. Qeyd edək ki, Rusiyanın internet resurslarından kiçik araşdırma apararaq, “Azərbaycanda bank hesabına necə pul köçürmək olar” sualına cavab tapmağa çalışdıq. Öyrəndik ki, Rusiyanın bəzi kredit təşkilatları Azərbaycanda bank hesablarına köçürmələr edir. Amma bu xidmət hər yerdə mövcud deyil və onun bir sıra məhdudiyyətləri var. Məsələn, “Sberbank” bunu yalnız bir bank filialına şəxsi ərizə ilə təqdim edir. VTB müştərilərinin mobil proqram vasitəsilə Azərbaycana pul göndərmək imkanı var. Lakin bunun üçün onlar manatda hesab açmalıdırlar. Bank həmçinin köçürmə məbləğinin 1%-i, lakin 200 manatdan çox olmamaq şərti ilə komissiya alır. Ayda bir şəxsə 1 milyon rubl ekvivalentində köçürə bilər. Ödəniş sistemləri vasitəsilə də Azərbaycana pul köçürmək olar. Bildirilir ki, Azərbaycana pul köçürmələri etmək üçün ruslar “Qiwi”, “Garant”, “Contact” və “Zolotaya Korona” ödəniş sistemlərindən istifadə edə bilərlər. "Western Union" və "PayPal" 2022-ci ildən Rusiyada mövcud deyil və "Unistream" Azərbaycan bankları ilə işləmir. Sanksiyalara görə bir çox Rusiya bankı SWIFT beynəlxalq köçürmə sistemindən ayrılıb. Bu baxımdan Azərbaycana bu üsulla köçürmələr yalnız bəzi kredit təşkilatları tərəfindən həyata keçirilir. Bəs Rusiya poçtu ilə Azərbaycana necə pul göndərmək olar? Rusiya poçtundan Azərbaycana bir dəfəyə 60 min rubla qədər pul göndərə bilərsiniz. Köçürmə məbləğindən asılı olaraq komissiya 1,5 ilə 3% arasında dəyişəcək. Göründüyü kimi, Rusiyadan pul köçürmək üçün əngəllər var. Politoloq İlyas Hüseynov dedi ki, pul vəsaitinin ötürülməsində yaranan problem məhz Rusiyaya qarşı qlobal müstəvidə həyata keçirilən iqtisadi-maliyyə sanksiyalarının nəticəsidir: "Məhz bu xüsusda bizim soydaşlarımızın doğmalarına pul göndərmələri Rusiyanın problemidir. Yaxşı olardı ki, Mərkəzi Asiya, Qafqaz respublikaları, postsovet məkanında olan digər respublikalara pul köçürmək istiqamətində müəyyən mexanizmlər formalaşdırılsın. Bizim soydaşlarımız əziyyət çəkir, ailələrinə pul göndərə bilmirlər". Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov da mövzu ilə bağlı bildirdi ki, Rusiyada yaşayıb çalışan vətəndaşlarımızın sayı barədə məlumatlar dəqiq deyil: “Mən uzun illər Rusiyada yaşamışam. Orada yaşadığım müddətdə apardığım müşahidələr əsasında azərbaycanlıların sayının bəzi mənbələrdə bəyan edildiyindən bir neçə dəfə çox olduğu qənaətinə gəlmişəm. Bu insanların arasında elə bir şəxs tapılmaz ki, orada qazandığı pulun bir hissəsini Azərbaycandakı yaxınlarına göndərməsin. Başqa bir məsələ isə bu vəsaitlərin Azərbaycana hansı yollarla göndərilməsidir. Ortada iki yol var: bunlardan biri rəsmi yol, yəni banklar vasitəsilə köçürmələrdi. Digər yol isə qeyri-rəsmi və ya qeyri-leqal yoldur. Rusiyada qeyri-leqal pul göndərişi ilə məşğul olan işbazlar var. Bu üsulla pul göndərmək çox asan və sadədir. Sən Azərbaycana göndərmək istədiyin pulu həmin işbazlara təqdim edirsən və pulu alacaq yaxının barəsində onları məlumatlandırırsan. Sənin Azərbaycandakı yaxının həmin pulu anındaca o işbazların bizim ölkədəki "nümayəndələrindən" alırlar. Rusiyadan Azərbaycana öz yaxınlarına pul göndərən insanların əksəriyyəti bu üsuldan istifadə edirlər. Bu səbəbdən Rusiyada yaşayan azərbaycanlıların sayı qədər də Rusiyadan Azərbaycana göndərilən vəsaitlərin həcmi də dəqiq deyil. Yəni gerçəkdə bu göndərişlərin həcmi bank köçürmələri əsasında tərtib olunan rəsmi statistikanın verdiyi məlumatlardan bir neçə dəfə çoxdur. Bu dediklərimiz pul köçürmələrinin texniki tərəfləridir. Məsələnin ikinci tərəfi, Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra baş verən proseslərlə bağlıdır. Bu müharibə nəticəsində Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların sayı artıq 20 minə yaxınlaşır. Bu sanksiyaların böyük əksəriyyəti Rusiyanın iqtisadiyyatını iflic halına salmağı hədəfləyib. Artıq həmin sanksiyalar gerçəkdən Qərbin gözləntilərini doğrultmağa başlayıb. Bütün dünyada olduğu kimi, Rusiyada da iqtisadiyyatın onurğa sütununu kiçik və orta biznes təşkil edir. Azərbaycanlıların da böyük əksəriyyəti bu ölkədə məhz kiçik və orta biznes fəaliyyəti ilə məşğuldurlar. Rusiyadan Azərbaycana pul göndərişlərinin həcminin azalmasına ciddi təsir edən əsas amillərdən biri də Qərbin sanksiyaları nəticəsində rus rublunun dəyərdən düşməsidir. Bütün bu baş verənlərin fonunda Rusiyadan Azərbaycana pul göndərişlərinin həcminin azalması təbiidir". “Yeni Müsavat” Geri qayıt |