Əsas Səhifə > Dünya > Dehlidən Moskvaya zərbə: ən böyük xarici silah bazarı müharibənin qurbanı oldu

Dehlidən Moskvaya zərbə: ən böyük xarici silah bazarı müharibənin qurbanı oldu


27-04-2024, 08:48
Dehlidən Moskvaya zərbə: ən böyük xarici silah bazarı müharibənin qurbanı oldu
Rusiya silahlarının daxili hərbi sənaye kompleksinin ən böyük xarici bazarı olan Hindistana ixracı Ukraynadakı müharibənin qurbanı olub. 1960-cı illərdə SSRİ-nin ordusunu praktiki olaraq təkbaşına hərbi texnika ilə təchiz edən və Rusiyanın son 30 ildə təmin etdiyi ölkə artıq ondan bir dənə də olsun böyük silah alış-verişi etmək niyyətindən uzaqdır. Artıq dünyanın ən böyük silah idxalçısına çevrilmiş Hindistan gələcək alışlar üçün 100 milyard dollar ayırıb. Lakin Rusiya bu puldan çox az əldə edəcək. “Politico” nəşri aparıcı ekspertlərə və Hindistanın müdafiə sənayesinin nümayəndələrinə istinadən bu barədə yazıb.

Ukraynadakı müharibə, Qərbin sanksiyaları, real döyüş şəraitində belə zəif çıxış edən Rusiya texnikasının keyfiyyəti ilə bağlı Hindistanın narahatlığı, Moskvanın hətta artıq təşkil olunmuş təchizatı təmin edə bilməməsi, eləcə də Dehlinin öz müdafiə sənayesini inkişaf etdirmək istəyi – bütün bunlar başqaları ilə, ilk növbədə Qərb silah istehsalçıları ilə əməkdaşlığa keçmək qərarında rol oynadı.

Nəşr yazır ki, xidmətdə olan hərbi avadanlıq üçün ehtiyat hissələrinin Rusiyadan alınmasına davam edilsə də, Dehli artıq onu əsas təchizatçı hesab etmir.

“Observer Research Foundation” analitik mərkəzinin əməkdaşı Nandan Unnikrişnan Rusiyadan "böyük alışların" mümkünlüyünü istisna edir. Hindistanın müdafiə nazirinin keçmiş müşaviri Amit Kouşiş isə Moskvanın artıq heç öz ehtiyaclarını ödəmək iqtidarında olmadığını söyləyib.

Artıq iki ölkə arasında hərbi əməkdaşlığın pozulması prosesi də başlayıb. Stokholm Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, əgər 2009-2013-cü illərdə Hindistanın silah idxalının 76 faizi Rusiyanın payına düşürdüsə, 2019-2023-cü illərdə bu rəqəm cəmi 36 faiz olub. Son beşillik plan 1960-1964-cü illərdən bəri ilk plan idi ki, Rusiya və ya onun sələfi SSRİ Hindistanın satınalmalarının yarısından azını təmin edirdi.

Hindistan rəsmiləri deyirlər ki, Ukraynadakı müharibə bu prosesi sürətləndirəcək. Unnikrişnanın sözlərinə görə, Dehli Qərbin, xüsusən də ABŞ-ın qoyduğu “qırmızı xətləri” keçmək istəmir.

Müdafiə Tədqiqatları və Təhlil İnstitutunun əməkdaşı Svasti Rao isə qeyd edib ki, hindli mütəxəssislər rus texnikasının döyüş şəraitindəki vəziyyətindən təəccüblənirlər. “Necə oldu ki, “Patriot”lar (Amerikanın Patriot hava hücumundan müdafiə sistemi) toxunulmaz kimi təqdim edilən “Xəncər” raketlərini vurdular? Niyə Rusiya gəmiləri öz donanması olmayan bir ölkə üçün belə asan hədəfə çevrilir? Ukraynalılar A-50 erkən xəbərdarlıq təyyarələrini və qırıcıları necə effektiv şəkildə vura bilirlər”, - deyə Raonun sözlərinə görə, hindli mütəxəssislər sual edirlər.

“X-47M2 Xəncər” raketləri 2018-ci ildə şəxsən Rusiya Prezidenti Vladimir Putin tərəfindən təriflənmişdi. Rusiya lideri bu silahı “möcüzə silah” adlandırmışdı. Lakin ukraynalılar onları 1970-ci illərdə hazırlanmış raketlərin köməyi ilə vurmağı öyrəniblər.

Çin və Britaniya hərbi ekspertləri hətta Putinin iddia etdiyi kimi, onları hipersəs hesab etməkdən imtina etdilər.

Rusiya hərbi-sənaye kompleksi hazırda Ukraynadakı müharibəyə işləyir və Qərbin sanksiyaları ilə məhdudlaşır. Ona görə də sadə texnikanın belə tədarükünü təmin edə bilmir. 2019-cu ildə Hindistanda “Indo-Russian Rifles Private Limited” birgə müəssisəsi yaradıldı. 2021-ci ilin sonunda Rusiya tərəfindən göndərilən dəstlərdən “Kalaşnikov” AK-203 avtomatları istehsal edən zavod açıldı. Zavod hələ də ilk tədarükü gözləyir, baxmayaraq ki, 2024-cü ilin martına qədər Hindistan ordusunu ilk 5000 pulemyotla təmin etməli idi. Nəticədə Hindistan Müdafiə Nazirliyi təcili olaraq ABŞ-dan 73 min pulemyot almağa məcbur oldu.

Dehlidə yaşayan hərbi jurnalist Rahul Bedi deyir ki, bu, "çox həssas bir mövzu olduğu üçün heç kimin açıq şəkildə danışmadığı" nümunələrdən yalnız biridir.

Jurnalist başqa nüansları da açıqlayıb:

Rusiya vəd etdiyi 5 S-400 zenit-raket kompleksindən yalnız üçünü çatdırıb;

Hindistan 2025-ci ildən nüvə sualtı qayığı icarəyə götürmək istəyirdi, lakin görünür, bu plan ləğv edilib;

Dörd freqatın tədarükü ilə bağlı razılaşma var idi: ikisi Rusiya tərəfindən təmin edilməli idi, daha ikisi Qoa əyalətində tikildi, lakin burada da heç bir şey edilmədi.

“Beləliklə, Hindistan Parisdən alış-verişə keçir. Fransa yeni Rusiyaya çevrilir və daha çox silah verir”, - Svasti Rao deyib.

Bundan əlavə, İsrail və Cənubi Koreyadan idxalın artırılması planları var və Almaniya, İspaniya şirkətlərinə yeni sualtı qayıq sifariş etmək imkanları da nəzərdən keçirilir. Baş nazir Narendra Modinin keçən il Vaşinqtona səfəri zamanı Prezident Co Bayden “General Electric”ə Hindistan istehsalı olan döyüş təyyarələrində istifadə üçün mühərrik texnologiyasını Yeni Dehliyə ötürməyə icazə verən saziş imzaladı.

Ekspertlər hesab edirlər ki, Hindistan Rusiya müdafiə sənayesinin itirdiyi yeganə müştəri deyil. SIPRI-nin məlumatına görə, 2014-2018 və 2019-2023-cü illər arasında Rusiyanın ümumi silah ixracı 53 faiz azalıb. Müharibə səbəbindən proses xüsusilə son beş ildə sürətlənib: 2019-cu ildə Rusiya 31 ölkəyə silah satıbsa, 2023-cü ildə cəmi 12 ölkəyə silah satıb. Bununla da, Rusiya Fransadan sonra üçüncü yerdə qərarlaşır.

ayna.az

Geri qayıt