TÜRKİYƏDƏN BAKIYA ŞÜBHƏLİ QONAQ
Tarix: 19-03-2012, 15:57 |
Çap et
HANSI MƏMURUMUZ PKK-LI İLƏ QOHUM OLMAĞA HAZIRLAŞIR?
DİA.AZ: - Dəfələrlə bəzi məmurlarımızın Türkiyədə minlərlə türkü qətlə yetirmiş PKK terror təşkilatı ilə əlaqələrindən mətbuatda yazılar dərc olunsa da, nə bu səbəbdən kiməsə «gözün üstündə qaşın var» deyilib, nə də hansısa formada izahat verilib. Yazılanların qulaqardına vurulmaqla yetinilib. Hətta zaman-zaman rəsmi Ankarının bu məsələ ilə bağlı Azərbaycan hakimiyyətindən izahat etməsi də mətbuatda müzakirə predmetinə çevrilib.
Bu dəfə redaksiyamızın əldə etdiyi məlumatlar isə bizdə şok effekti yaratdı. DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, məmurlarımızdan biri hazırda Türkiyədə PKK davasını aparan Barış və Demokratiya Partiyasının sayılıb-seçilən nümayəndələrindən biri ilə qohum olmağa hazırlaşır.
Bu barədə məlumatı verən mənbəmiz vurğulayır ki, hər iki şəxsin övladları Türkiyədəki tədbirlərin birində tanış olublar: «Həmin tədbir maraqlıdır ki, kürd millətçiliyinə həsr olunub və bu tədbirdə azərbaycanlı məmur öz övladı ilə iştirak edib. Sonradan da məlum tanışlıq baş tutub».
Mənbəmiz bildirir ki, yaxın günlərdə Türkiyədən azərbaycanlı məmurun yeni qohumları Bakıya təşrif buyuracaqlar: «Məmurumuzun övladının nişanı Türkiyədə olub. Bakıda isə ailəvi tanışlıq törəni olacaq və sonra da toyun planlaması baş verəcək».
Onu da bildirək ki, həmin məmuru kimliyi redaksiyamıza məlumdur. Sadəcə olaraq, əldə real faktları olmaması ehtiyatlı davranmağımızı labüd edib.