«QAÇQINKOM» ŞEFİ ƏLİ HƏSƏNOV YOL ÜSTÜNDƏDİR
Tarix: 2-04-2012, 13:10 |
Çap et
KOMİTƏDƏ KORRUPSİYA İTTİHAMI İLƏ HƏBSLƏR DƏ HƏYATA KEÇİRİLƏCƏK
DİA.AZ: - Daha bir kadrs islahatı gözlənilir. Bu barədə məlumat DİA.AZ-a Nazirlər Kabinetindəki qaynaqlarımız tərəfindən ötürülüb. Məlumatda deyilir ki, may ayının əvvəllərində bir sıra dövlət qurumlarında kadr islahatı həyata keçiriləcək.
Mənbəmizin sözlərindən belə aydın olur ki, məcburi köçkünlərlə iş üzrə dövlət komitəsinin sədri postunda da dəyişiklik planlaşdırılır. Bu barədə qaynağın iddia etdikləri: «Hazırda komitəyə rəhbərlik edən Əli Həsənovun görəvindən alınması nəzərdə tutulur. Onun yerinə isə hazırda Dağlıq Qarabağın azərbaycanlı icması İctimai Birliyinə rəhbərlik edən Bafram Səfərov təyin ediləcək».
Bu barədə artıq ilkin tədarük işlərinin görüldüyünü bildirən mənbəmiz onu da vurğuladı ki, əslində Əli Həsənovla bağlı yuxarı instansiyalara yetərincə faktlar ötürülüb və hətta qaçqın ailələri üçün qəsəbələrin salınmasında yol verilən yeyinti faktlarının Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə ötürülməsi də məlumdur. Eyni zamanda neçə illərdir ki, Qarabağdakı evlərindən didərgin düşmüş vətəndaşlarımız Əli Həsənovun idarəsindəki özbaşınalıqları mətbuatda işıqlandırsalar da, bu yöndə heç bir tədbir görülmür.
Mənbəmi iddia edir ki, həmin materialların böyük əksəriyyəti bir dosya halına salınaraq komitə sədrinə qarşı istifadə ediləcək: «Hətta «Qaçqınkom»da bəzi işçilərin həbsi də nəzərdə tutulub. Onlara qarşı korrupsiya ittihamının irəli sürülmə ehtimalları yüksəkdir».
Mövzu diqqətimizdədir. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…