...Məhkəmə hakimlərinin bir çoxunun özbaşınalıqları, Allahsızlıqları sərhəd tanımır. “Təzadlar” bu barədə konkret faktlara istinadla yazılar dərc edib. Axı niyə ədalətli, vicdanlı hakimləri barmaqla saymalıyıq??? Bax bu səbəbdəndir ki, ədalətsiz hakimlərin Azərbaycan dövləti adından çıxardıqları qanunsuz qərarların səsi Avropa Məhkəmələrindən gəlir, Azərbaycan onların günahı üzündən sanksiyalarla üz-üzə qalır, cərimələr ödəməli olur.
...Sumqayıt şəhər sakini, şəhid atası İnqilab Məmmədov da 2 il yarımdır ədalətsiz hakimlərin günahı üzündən əzablar içində yanıb, qovrulur. İkinci Qarabağ savaşında şəhid olmuş oğlunun ağrı, əzabı bir tərəfdən, o biri tərəfdən isə haqsız yerə 18 il həbs cəzası alan digər oğlunun dərdi, İnqilab kişinin qəddini əməlli-başlı əyib. Heç şəhid oğlunun dərdi ona bu qədər yer eləməmişdi. Elə şəhid atasının “Təzadlar”ın qapısını döyməsi də bu dərdin bir az da yüngülləşdirilməsi məqsədi daşıyırdı: “Mənə dedilər sizin qəzet şəhid ailələrinə, qazilərə, Qarabağ döyüşçülərinə və haqqı tapdalanan insanlara çox həssaslıqla yanaşır, onların dərdini lazımı ünvanlara və Prezident cənab İlham Əliyevə çatdıra bilir. Mən də gəlmişəm ki, hakimlərin başıma gətirdikləri müsibətləri sizin qəzetiniz vasitəsilə hörmətli Prezidentimizə çatdırım”.
Şəhid atasını dinlədikcə bəzi hakimlərin haqsızlıqlarından nəinki adamın ayağının altından yer qaçır, hətta adam dəli olmaq dərəcəsinə gəlir ki, bu boyda da haqsızlıq olarmı? Sumqayıt şəhər sakini H.Z.Tağıyev qəsəbəsi D.Qorqud küçəsi SMP-barak 2, mənzil 2-də yaşayan İnqilab Məmmədovun cəmi iki oğul övladı var, daha doğrusu var idi... 33 yaşlı oğlu Röyal Məmmədov hakimlərin ədalətsizliyi üzündən 18 il dustaq həyatı yaşamağa məhkum edilib. İnqilab kişinin də oğlu Röyala əli çatmır ki, dərdinə bir çarə edə bilsin. Bu barədə elə indiki yazıda ətraflı məlumat verəcəyəm. O biri oğlu, 30 yaşlı Novruz Məmmədov isə 2020-ci ilin sentyabrın 27-də başlayan 44 günlük II vətən savaşında könüllü olaraq iştirak edib, Füzulinin, Hadrutun, Cəbrayılın azad olunması uğrunda qəhrəmancasına döyüşüb və oktyabrın 24-də şəhidlik zirvəsinə ucalıb. Bu il martın 20-də şəhid Novruzun 30 yaşı tamam olub və ilk dəfə evdə onsuz ad günü keçirilib. İnqilab kişi, bu itki nə qədər ağır olsa da, mərdi-mərdanə dözüb, “Vətən sağ olsun” deyərək, şəhid oğluna ağlamayıb. Amma böyük oğlunun haqsız yerə həbsi və heç bir günahı olmadan 18 il iş alması İnqilab kişini, sözün əsl mənasında ağlar günə qoyub. Novruz Məmmədov Ali Baş Komandan, Prezident İlham Əliyevin çağırışına səs verərək, II vətən müharibəsinin ilk günündən cəbhəyə yollanıb. Tale onun alnına vətən yolunda şəhid olmağı yazıbmış... Allah bütün şəhidlərimizə rəhmət eləsin!
***
Bəs şəhid atasının başına nə gəlib? İnqilab kişi niyə Prezidentə müraciət etmək məcburiyyətində qalıb? Hadisə belə olub: 23 fevral 2019-cu ildə Röyal və dostları- Teymur, İsgəndər və Elşən Hüseynov qardaşları, həmçinin onların əmiləri Zaman Hüseynov Yardımlı rayonunun Lərzan kəndində yaşayan tanışları Bəhruz İsgəndərovun iti ilə öz itlərini döyüşdürmək üçün Sumqayıtdan ora gediblər. İtlərin döyüşü zamanı görürlər ki, Teymurun iti Bəhruzun itini boğub öldürəcək. Ona görə də Bəhruzun qardaşı Tərlan İsgəndərov itləri aralamaq istəyib. Bu zaman əvvəlcə mübahisə düşür, sonra bu mübahisə kütləvi davaya çevrilir. Bu davada daş, ağac əsas silaha çevrilir. Belə məqamda Bəhruz əlbəyaxa olduğu Teymura cibindəki bıçaqla bir zərbə vurur. Teymur yaralı halda bıçağı Bəhruzun əlindən alır və sonra ona dörd bıçaq zərbəsi vurur. Bu zərbələr öldürücü olur və Bəhruz İsgəndərov dünyasını dəyişir. Bəhruzun qardaşı və dostları olan yerli sakinlər bundan sonra kütləvi davanı dayandırır. Necə deyərlər, aləm bir-birinə qarışıbmış, nəhayət, Bəhruzun ölümü ilə ara sakitləşir və işə artıq hüquq-mühafizə orqanları qarışır. Maraqlıdır ki, polislər yalnız dava edən bir tərəfi, yəni Sumqayıtdan gələn qonaqları həbs edir. Davanın digər iştirakçılarına isə, “gözün üstə qaşın var” deyən olmur. Baxmayaraq ki, hər iki tərəfdən bu dava zamanı ağır bədən xəsarətləri alanlar olur. Lakin yerli sakinləri polislər və sonradan məhkəmə zərərçəkən kimi tanıyır. Halbuki it döyüşünü Bəhruz təşkil edir...
Beləliklə üç qardaş, əmiləri və Röyal hakim qarşısına çıxarılırlar. 10 dekabr 2019-cu ildə Lənkaran Ağır Cinayətlər Məhkəməsinin hakimləri İlkin Abdullayevdən (sədr), Mehdixan Abdullayevdən və Müşfiq Məmmədovdan ibarət tərkibdə keçirilən sonuncu məhkəmə iclasında Bəhruzun ölümünə səbəb olmuş Teymur Hüseynova 19 il 6 ay, qardaşları Elşən Hüseynova 17 il 6 ay, İsgəndər Hüseynova 5 il 6 ay, əmiləri Zaman Hüseynova 5 il 6 ay və Röyal Məmmədova isə 18 il 6 ay həbs cəzasının verilməsi barədə hökm çıxarılır. Məhkəmə prosesləri zamanı Teymur Hüseynov dəfələrlə bildirsə də ki, Bəhruz İsgəndərovu özünü müdafiə edərkən, o özü öldürüb, qalanlarının bu hadisədə heç bir iştirakı olmayıb. Amma görünür hakim İlkin Abdullayev hadisə baş verən anda orada olub və hər şeyi də gözləri ilə gördüyündən başqa cür düşünüb. Yəni “Molla gəlmişkən ölən ölsün” prinsipi ilə hadisəni sadəcə görənlərə və bunun qarşısını almağa çalışanlara çox ağır hökm çıxarır. Əgər hakim İlkin Abdullayev öldürənlə iştirakçıya verdiyi cəzada 6 ay fərq görürsə, bu hüquqi nihilizmdir. Bu, Allahsızlığın son həddidir.
Öldürən bəllidirsə və özü də boynuna alıb etiraf edirsə, bəs onda kənarda qalanlara 18 il 6 ay, 17 il 6 ay, iki nəfərə 5 il 6 ay - cəmi 64 il verilməsi hansı məntiqlə izah olunur? Ölüm hadisəsində heç bir iştirakı olmayan Röyal Məmmədova hakim İlkin Abdullayev 18,6 il iş oxuyanda heç olmasa, vicdanı sızıldadımı? A kişilər, öldürənlə iştirakçıya-şahidə az qala eyni dərəcədə cəza vermək Allahsızlıq deyilmi? Qoy buna Ədliyyə Nazirliyi və Məhkəmə Hüquq Şurası aydınlıq gətirsin ki, görək hüquq sistemində belə hal mümkündürmü? Hətta Bəhruzu öldürən Teymura verilən cəza belə, həddindən artıq çoxdur. Çünki birinci Bəhruz bıçaqla Teymuru vurub və o da özünü müdafiə edərək, bıçağı onun əlindən alıb, onun özünə vurmuşdur. Bu isə, Bəhruzu qəsdən öldürmək niyyəti ilə yox, özünümüdafiə məqsədi ilə edilib ki, hakim İlkin Abdullayev bu nüansları qətiyyən nəzərə almayıb. Görünür hakim İlkin Abdullayev və onun köməkçiləri Mehdixan Abdullayev, Müşfiq Məmmədov dağılmış Azərbaycan Universitetinin hüquq fakültəsini bitiriblər. Axı o universitetdə ümumiyyətlə, dərs keçilmirdi. Nə isə...
Yaxşı, tutaq ki, özünümüdafiə məqsədi ilə olsa da, hər halda ölüm hadisəsi baş verib. Teymur özü də Bəhruzu öldürdüyünü etiraf edir. Bəs bu ölüm hadisəsində heç bir iştirakı olmayan, kütləvi davada başqası ilə əlbəyaxa olan Röyala 18,6, Elşənə 17,6 iş verilməsini hakim İlkin Abdullayev necə izah edə bilər? İnsan obyektivlik hissini nə qədər itirməlidir ki, ölüm hadisəsində heç bir iştirakı olmayan insanlara görünməmiş dərəcədə ağır cəza versin? Bu insanlar məgər dövlət çevrilişi ediblər? Yoxsa düşmən kimi Azərbaycan ərazisində terror əməliyyatı həyata keçiriblər? Heç onlarla dinc və hərbi insanlarımızı qətlə yetirən ermənilərə belə, bu qədər ağır cəza verilməyib.
Bəs hakim İlkin Abdullayev və dəstəsi Sumqayıtdan gələn qonaqlara, heç də qonaqpərvərlik göstərməyərək, daşla, ağacla, müxtəlif dərəcəli bədən xəsarətləri yetirən yerli sakinlərdən niyə məsuliyyətə cəlb edilən olmayıb? Görəsən, hakim İlkin Abdullayev bu qədər ağır cəza verdikləri insanların erməni yox, azərbaycanlı olduqlarını müəyyən edə bilibmi? İnanmaq olmur ki, müəyyən edə bilib. Əlbəttə, verilən cəzalar, birmənalı olaraq bildiririk ki, hadisəyə adekvat deyil.
Şirvan Apellyasiya Məhkəməsindən daha bir qanunsuz qərar...
Fikirləşmək olardı ki, bu haqsızlığı Apellyasiya Məhkəməsi aradan qaldıracaq. Amma nə yazıqlar olsun ki, Şirvan Apellyasiya Məhkəməsinin hakimləri Rafiq Cəfərov (sədr), Etibar Camalov və Elşad Əliyevdən ibarət tərkibdə, 25 iyul 2021-ci ildə keçirilən məhkəmə iclasında digər vəkillərin, o cümlədən Röyalın hüquqlarını müdafiə edən vəkil İlhamə Həsənova, təqdim etdikləri dəlil- sübutlara hakimlər heç gözlərinin ucu ilə də baxmayıblar. Baxmayaraq ki, İlhamə xanımın təqdim etdiyi sənəd, sübutlar, şahid ifadələri göstərir ki, Röyal Məmmədovun qətl hadisəsində heç bir iştirakı olmayıb. Lakin bu hakimlər görünür hansısa bir sifarişləri yerinə yetirdiyindən və ya şəxsi maraqlarını dövlət və hüquqi mənafedən üstün tutduqlarından göstərilən faktlara əhəmiyyət verməyiblər.
Beləliklə, Lənkaran Ağır Cinayətlər Məhkəməsinin hakimi İlkin Abdullayevin çıxardığı ədalətsiz qərarı Rafiq Cəfərov demək olar qüvvədə saxlayıb. Beş nəfərin hər birinə verilən cəzanın üstündən 6 ay götürməklə, guya ədalətli qərar çıxarıb. Axı hadisədə heç bir iştirakı olmayan Röyala 18 il və Elşənə 17 il iş verilməsi hakim vicdanının satılması deməkdir. Yəni, haqsızlıq bu dərəcədə olmaz. Görünür hakim Rafiq Cəfərovun gözlərində tor var ki, əsl həqiqəti görə bilməyib. Bu yerdə ustad şairimiz Məmməd Arazın “Göyərdi” şeirindən bir bəndi stat gətirmək yerinə düşərdi:
“Çox gözlü var, torpağına kor baxır,
Dan yerinə, bəbəyində tor baxır.
Yüz də çevir, min də ələ torpağı,
Namərdinən mərd yanaşı göyərdi”.
Bəli, bu gün şəhid atası mərd İnqilab kişi ilə yanaşı, namərd hakimlər də göyərib, əmələ gəlib. Hakim Rafiq Cəfərovun gözlərində tor olmasaydı, ən azından şəhid qardaşı olduğu üçün Röyala müəyyən güzəşt edə bilərdi. Bir də ki, Rafiq Cəfərov şəhidin nə olduğunu hardan bilsin axı? Çünki 44 günlük vətən savaşında Rafiq Cəfərovun evində, ailəsində, qohumlarında yəqin ki, şəhid olmayıb. Olsaydı, Prezidentimizin əsgəri olmuş şəhid Novruz Məmmədovun qardaşı Röyal Məmmədova heç bir günahı olmadığı halda haqsızcasına 18 il cəza verməzdi.
Elə ona görə də şəhid atası İnqilab Məmmədov ədalətin bərpasına ümidlə yanaşaraq Ali Məhkəməyə müraciət etməzdən əvvəl, onun şəhid olmuş əsgərinə heç bir hörmət qoymayan hakimlərin cəzalandırılması, haqq-ədalətin zəfər çalması üçün Ali Baş Komandan Prezident cənab İlham Əliyevə həm yazılı, həm də video müraciət edib. İnqilab kişi yazılı müraciətində deyir:
“Hörmətli cənab Prezident!
Şəhid atası olaraq Sizə müraciət etməyimin səbəbi oğlum Məmmədov Röyal İnqilab oğlunun günahsız olaraq məsuliyyətə cəlb olunması ilə bağlıdır. Bununla əlaqədar bir çox dövlət orqanlarına dəfələrlə müraciət etməyimə baxmayaraq, oğlumun hüquqları yenə də pozulmaqda davam edir. Şirvan Apellyasiya Məhkəməsində iyulun 25-də məhkəmənin sədri Vəli Abdullayev başda olmaqla, hakimlər Rafiq Cəfərov (sədr), Etibar Camalov, Elşad Əliyev oğluma 18 il hökm oxudular. Hüquq müdafiəçisi tərəfindən ekspert rəyi əsasında çıxarılmış faktlar, sübutlar təqdim edilsə də, qəbul olunmadı. İşdə olan boşluqların heç biri nəzərə alınmadı. İddiaçı tərəfindən məhkəmədə heç kim iştirak etmədiyi halda, tutarsız dəlillər əsasında hakimlər hökm çıxarıblar. Bu da məndə, hakimlərin, həmçinin başda məhkəmənin sədri Vəli Abdullayevin çıxardığı qərarların ədalətli olmağına haqlı olaraq şübhə yaradır və onların heç birinə inanmıram. Qanunun işləmədiyi, şərəfini, ləyaqətini pula satanlar, tutduqları vəzifədən sui-istifadə edənlər, 2 il 4 aydır ailəmin rahatlığını pozan hakimlər, inanıram ki, vaxt gələcək qanun qarşısında cavab verəcəklər.
Hörmətli cənab Prezident!
Həyatda mənim varım, dövlətim iki oğlum idi. Bir oğlum Novruz Məmmədov 44 günlük vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid oldu. Digər oğlum Röyal Məmmədov qeyri-peşəkar, ədalətsiz hakimlərin qurbanına çevrildi. Bütün dövlət orqanlarına müraciət etmişəm. Heç bir nəticəsi yoxdur. Amma Sizdən başqa şəhid ailəsinə qayğı göstərən görmədim. Ona görə də inanıram və ümidvaram ki, mənim harayımı eşidəcək, səsimə səs verərək günahkarların cəzalanmasına və oğlumun ədalətli mühakimə olunmasına göstəriş verəcəksiniz.
Əvvəlcədən Sizə dərin təşəkkürümü bildirirəm.
Hörmətlə: Şəhid atası İnqilab Məmmədov”.
Göründüyü kimi, hakimlərin ədalətsizliyi və haqsızlığı ortadadır. Vicdansızcasına çıxardıqları qərarları ilə şəhid atasını bir oğlundan ermənilər, o biri oğlundan isə haqq-ədalət hissini itirmiş hakimlər məhrum ediblər. Gec-tez günahsız gənclərin həyatının məhvinə yönələn haqsız cəzaya görə bu hakimləri yerdə bəndənin verdiyi cəzadan daha çox göydə Allah mütləq cəzalandıracaq. Allahın cəzası onların Röyala və digər gənclərə verdikləri cəzadan qat-qat artıq və ağır olacaq.
Məlumat üçün bildirirəm ki, Röyalın vəkili, tanınmış hüquqşünas, 20 saylı Vəkil Bürosunun və Vəkillər Kollegiyasının üzvü İlhamə Həsənova Şirvan Apellyasiya Məhkəməsinin qərarından hazırladığı kassasiya şikayətini bu günlərdə Ali Məhkəməyə təqdim edəcək. Bizimlə söhbətində İ.Həsənova bunları dedi: “Mən indiyə qədər hakimlərin bir çox haqsız qərarları ilə rastlaşmışam, amma belə haqsızlığı birinci dəfə idi görürdüm. Müdafiə etdiyim Röyal Məmmədovun heç bir günahı yoxdur. Bunu şahid ifadələri və ekspert rəyləri də göstərir. Məhkəmə sənədlərində qeyd olunub ki, guya Röyal Teymurla yanaşı mərhum Bəhruzun sağ böyründən bir bıçaq zərbəsi vurub. Amma meyidə baxış zamanı Bəhruzun sağ böyründə heç bir yara aşkarlanmayıb. Bunu ekspert rəyi də təsdiq edir. Şahid ifadələri də sübut edir ki, Teymurla Bəhruzun davasında Röyal həmin yerdən uzaqda olub. Bütün bu faktlara, sübutlara baxmayarq Röyala 18 il iş verilməsi haqsızlığın ən yüksək səviyyəsidir. Müstəntiqin qərəzli və səhv qərarını niyə hakimlər oxumayıblar??? İnanıram ki, Ali Məhkəmə bu haqsızlığı aradan qaldıracaq”.
Biz də inanırıq ki, Ali Məhkəmədə bir vicdanlı hakim tapılacaq və şəhid atasının yaralı ürəyinə, ədalətli qərarı ilə məlhəm olacaq. Ona da inanır və ümid bəsləyirik ki, Ali Baş Komandan, Prezident cənab İlham Əliyev onun çağırışına səs verib döyüşə yollayan və 44 günlük vətən savaşında qəhrəmancasına şəhid olan Novruz Məmmədovun sinəsi dağlı atası İnqilab Məmmədovun harayını eşidəcək və şəhid qardaşı Röyalın Ali Məhkəmədə hüquqlarının bərpası, həmçinin ədalətli qərarın çıxarılması üçün aidiyyəti qurumlara lazımı göstərişlərini verəcək.