Nazirlik 3 ildir ki, bu kəndin sakinlərini aldadır... - NARAZILIQ VAR...
Bakıdan Hacıqabula gedəndə yolun sağındakı Navahi kəndinə tərəf boylanan hər kəs köhnə məktəbin binasını görə bilər. Bura M.Ağayev adına Navahi kənd tam orta məktəbidir. Azı 300 nəfər şagirdi olan bu məktəblə kəndin arasında 3 kilometr məsafə var. Kəndin məktəbliləri təhsil ili boyunca qar-palçıq demədən kənddən məktəbədək yol qət edirlər. Son vaxtlar valideynlər öz təşəbbüsləri ilə avtobus tutublar ki, heç olmasa ibtidai sinifdə oxuyanlar dərsə əziyyətlə gedib-gəlməsin. Dərd bununla bitmir, təqribən 3 il əvvəl Meydan TV həmin məktəbdən yazmışdı. Navahi kəndinin sakinləri müraciət edərək məktəbin bərbad vəziyyətdə olmasından gileylənir, yeni məktəblə bağlı arzularını dilə gətirirdilər. Ancaq indi məlum olur ki, o vaxt dövlət qurumlarının verdiyi vədlər boşa çıxıb, kənd sakinlərinin yeni, işıqlı, müasir məktəb arzusu hələ də gerçəkləşməyib.
“Bu məktəb 1875-ci ildə yaradılıb”
İbad Nəzirov 23 il (2000-ci ilədək) Hacıqabul Şəhər İcra Hakimiyyətinin Navahi kəndi üzrə nümayəndəsi işləyib. Bu dəfə Meydan TV-yə o müraciət edib, kənd məktəbinin problemlərini təkrar gündəmə gətirməyimizi istəyib. İbad Nəzirov sözə məktəbin yaranma tarixinə ekskursiya etməklə başlayır. Deyir, rəsmi sənədlərdə bu təhsil ocağının 1970-ci ildə inşa olunduğu qeyd edilsə də, əslində tarixi 1800-cü illərə gedib çıxır:
“Buralar keçmiş Şamaxı qəzasına aid olub. 1875-ci ildə Bakı-Tiflis dəmiryolu xətti çəkiləndə Talışınski soyadlı bir xeyriyyəçi kəndimizdə ikimərtəbəli rus-tatar məktəbi açır. Udulu, Paşalı və başqa kəndlərin uşaqları həmin məktəbdə təhsil alırmış. Şamaxı qəzasında ən iri məktəb sayılan bu təhsil ocağı əvvəllər Şamaxı qəzasının xeyriyyəçilərinin dəstəyi ilə vaxtaşırı təmir olunur, baxımlı saxlanılırmış. Sonralar bu adamlar da həyatdan köçür, məktəb baxımsız qalır. 1970-ci illərdə məktəb bərbad vəziyyətdə olanda o vaxt “Mozalan” Satirik Jurnalı məktəbdən tənqidi süjet hazırlayır. Bundan sonra məktəb əsaslı təmir olunur. Hətta uzaqdan gələn müəllimlərin yollarda qalmaması üçün ikimərtəbəli yataqxana da inşa edilir. 1961-ci ildə Navahi kəndi artıq Şamaxı qəzasından çıxarılaraq Salyanın, 1990-cı ildə Hacıqabulun tərkibinə verilib. Bax, elə kəndimiz Hacıqabulun tərkibinə keçəndən sonra bağçalar, məktəblər baxımsız qaldı. Müəllimlər üçün tikilmiş yataqxana dağıldı, indi dörd quru divarı qalıb. O yataqxana da, uşaq bağçası da dağıldı, bircə divarları qalıb”.
“Sovet hökuməti məktəbləri, uşaq bağçalarını, yataqxanaları da özüylə apardı”
İbad bəyin sözlərinə görə, hələ Sovet vaxtı kəndin kolxoz sədrinin təşəbbüsü ilə kolxozda işləyənlərin uşaqları üçün uşaq bağçası da tikilib. İllərlə uşaqların istifadəsində olan bağça da Sovet dağılandan sonra baxımsız qalıb və istifadəyə yararsız olduğuna görə illər əvvəl qapısı qıfıllanıb:
“Sovet hökuməti dağıldı, özü ilə məktəbləri, uşaq bağçalarını, yataqxanaları da apardı. Mən o vaxt təklif etmişdim ki, Sovet dağılandan sonra baxımsız qalan o ikimərtəbəli uşaq bağçasını ibtidai sinif məktəbi edək. 1-5-ci sinifləri o məktəbə verək, balaca uşaqlar 3 kilometr yol gedib, kəndin qırağına çıxmasınlar. Aidiyyəti qurumlara da müraciət etdik, nəticəsi olmadı. O boyda bina istifadəsiz qalıb. Bu məktəbə görə də çox müraciətlər etmişik. Məktəbin rəhbərliyi müəllimlərdən, valideynlərdən xahiş edir ki, şikayət yazmasınlar, çünki onsuz da heç kəs gəlib məktəb tikən deyil, əvəzində yuxarı qurumlar məktəb rəhbərliyini qaralalayırlar. Bax, vəziyyət belədir”.
İbad Nəzirovun sözlərinə görə, son illərdə Navahidə dörd məktəb tikilib, ancaq azı 300 şagirdi olan bu məktəbdə bircə dəfə də əsaslı təmir işi aparılmayıb:
“Sovet vaxtı qaz olub, istilik təchizatı olub, 30 ildən çoxdur ki, o qaz xətləri sinif otaqlarının divarlarında paslanıb, qalıb. Sinif otaqları odunla qızdırılır. Qışda valideynlər əllərində balta, məktəbin qarşsında odun yarırlar. Sizə göndərdiyimiz fotolardan məktəbin vəziyyəti aydın görünür. Döşəmələr, dam örtüyü çürüyüb. Avadanlıqlar köhnə, sınıq-salxaqdır, ayaqyolu demək olar ki, yoxdur”.
Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsindən yabildirilib ki, sözügedən məktəb binasının sökülərək yerində yenisinin tikilməsi ilə bağlı ilkin sənədləşmə işləri başa çatıb. Yeni məktəb binasının layihəsi təsdiq olunduqdan sonra tikinti işlərinə başlanılacaq.
O da qeyd olunub ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində 177 ümumtəhsil, 53 məktəbəqədər, 7 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Son iki ildə bu təhsil müəssisələrinin 60-dan çoxunda təmir işləri aparılıb. Yeddi yeni təhsil müəssisəsi tikilərək istifadəyə verilib.