Əsas Səhifə > Hadisə, Manşet > FAKT ORTADADIR: Amma Vüsal Kərimli də azadlıqdadır...

FAKT ORTADADIR: Amma Vüsal Kərimli də azadlıqdadır...


29-09-2022, 09:40
FAKT ORTADADIR: Amma Vüsal Kərimli də azadlıqdadır...
Dövlətin pandemiya ilə əlaqədar sənişindaşımaya dəstək məqsədilə ayırdığı 7, 5 milyon manatın hamısının Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən "Bakubus" MMC-yə verilməsi digər daşıyılar arasında haqlı narazılığa səbəb olub. Daşıyıcılar Azərbaycan prezidentinə məktubla müraciət edərək pandemiya ilə əlaqədar 2020-ci ildə dövlətin sərnişindaşıma şirkətlərinə yardım məqsədilə ayırdığı vəsaitin onlara verilmədiyindən şikayətləniblər.
Qeyd ediblər ki, Nazirlər Kabinetinin 04.04.2020-ci il tarixli, 135S saylı qərarı ilə "həyati vacib sərnişindaşıma sahəsinə" maliyyə dəstəyinin verilməsi üçün 280 milyon manat (tədbirlər planın 10-cu bəndi) vəsait ayrılıb. Lakin tədbirlər planının 10-cu bəndində nəzərdə tutulmuş "həyati vacib sərnişindaşıma sahəsi" üçün ayrılmış vəsaitin bir hissəsi Bakı şəhərində fəaliyyət göstərən sərnişindaşıma şirkətlərinin maliyyə dayanıqlılığının təmin edilməsi üçün nəzərdə tutulsa da, bu vəsait onlara ödənilməyib. Pandemiya dövründə bu vəsaitin ayrılması dövlətin sərnişindaşıma sahəsinə diqqətini əks etdirir. Halbuki vəsaitin ödənilməsi ağır vəziyyətdə olan şirkətlərin fəaliyyətinə kifayət qədər müsbət təsir göstərərdi.

"Bizə bir manat da vermədilər"

DİA.AZ-ın məlumatına görə, "Azland Plaza" MMC-nin rəhbəri Azadxan Xanməmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, şirkət BNA-nın dövlətin ayırdığı vəsaiti ancaq "Bakubus" MMC-yə verməsindən narazıdır. Həmsöhbətimiz deyir ki, pandemiya dövründə bütün daşıyıcı şirkətlər əziyyət çəkib, ziyanla işləyib. Bəs hansı əsasla BNA dövlətin ayırdığı vəsaitin hamısını yalnız bir daşıyıcıya ayırıb?
A. Xanməmmədovun sözlərinə görə, pandemiya dövründə onlar da digər daşıyıcılar kimi sərnişin çatışmazlığı ilə üzləşib: "Pandemiyada elə vaxt olub ki, yanacaq pulunu cibimizdən ödəmişik. Yəni xəttə çıxan avtobuslar heç yanacaq xərcini çıxartmayıblar. Pandemiyadan sonra digər daşıyıcı şirkətlər kimi bizim də vəziyyətimiz pisləşdi. Avtobusların xarab olan ehtiyyat hissələrini almağa maliyyə vəsaitimiz çatmadı. Məcbur olub qarajda olan avtobuslarımızı satışa çıxartmışıq ki, kredit borclarımızı verək. Axı biz müasir avtobusları xaricdən kreditlə almışıq. Bu gün də onların kreditini ödəyə bilmirik. Belə çətin anımızda dövlətin ayırdığı maliyyə vəsaiti bizim "əlimizdən tutardı". Amma bizə bir manat da vermədilər. İndi müflifləşmək ərəfəsindəyik. Çarəsiz qalıb avtobuslarımızı satışa çıxartmışıq ki, vəziyyətdən çıxaq".

BNA ayrıseçkilik edib

"General Avto Company" firmasının direktor müavini Asif Rüstəmov da vəziyyətlərinin pis olduğunu söylədi. A. Rüstəmov Sputnik Azərbaycan-a bildirib ki, pandemiya dövründə sərnişin olmasa da avtobuslar işləyib: "Həmin vaxt yanacaq çənlərni öz cibimizin vəsaiti hesabına doldurmuşuq. Bizə Dövlət Vergi Xidmətindən başqa heç bir dövlət qurumu bir manat da köməklik etmədi. Dövlət Vergi Xidməti sağ olsun ki, sürücülərin əmək haqqının 50 faizini ödədi. Həmçinin bizim kreditimizin faiz borclarının 10 faizini banka qaytarıb. Bu bizim üçün böyük köməklikdir. Amma pandemiyaya görə ayrılan vəsaitdən bizə heç nə verilmədi. Halbuki, bizim vəziyyətimiz, "Bakubus" MMC-dən də ağırdır. Pandemiyadan əvvəl stehsalat bazamızı yenilədik. Kreditlə müasir və bahalı avtobuslar aldıq. Bundan sonra pandemiya başladı. Sərnişin çatışmazlığı yarandı. Biz indiyə qədər də borc içindəyik. Müasir tipli avtobusların ehtiyat hissələri xaricdən gətirilir. Qiymətləri kəskin bahalaşıb. 100 manata aldığımız təkər 380 manat olub. Elə ehtiyat hissələri var ki qiyməti 4 min manatdır. Bu amillər onsuz da pis olan maddi vəziyyətimizi daha da ağırlaşdırır. Belə bir vaxtda BNA-nın daşıyıcılar arasında ayrıseçkilik etməsi doğru deyil. Biz də "Bakubus" MMC kimi sərnişindaşıma xidməti göstəririk".
BNA-nın dövlətin ayırdığı küllü məbləğdə vəsaiti heç bir əsas olmadan ancaq "Bakubus" MMC-yə ayırması, sosial platformada da geniş müzakirələrə səbəb olub. BNA dövlət qurumu kimi səlahiyyətindən sui istifadə etməkdə, özbaşına qərar verməkdə günahlandırılır.

Niyə məhz "Bakubus"?

DİA.AZ-ın məlumatına görə, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, BNA-nın bu qərarı özbaşınalıqdır. Ekspert bildirir ki, sərnişindaşıma ilə məşğul olan daşıyıcılara ayrıseçkiliyin qoyulması doğru deyil: "Bu məsələ prokurorluq tərəfindən də ciddi araşdırılmalıdır. BNA-nın bu qərarı verməkdə məqsədi üzə çıxardılmalıdır. Aydınlaşdırılaraq bu vəsait geri-qaytarılmalı, bütün daşıyıcı şirkətlər arasında göstərdikləri xidmətə müvafiq olaraq bölünməlidir. Çünki, nə cənab prezidentin imzaladığı sərəncamda, nədəki baş nazirin qərarında bu vəsaitin ancaq "Bakubus" MMC-yə ayrılması barədə bənd yoxdur. BNA-isə bu qərarını heç nə ilə əsaslandırmır. Belə çıxır ki, burada BNA-nın marağı var. Detalları hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır".
E. Muradlı deyir ki, əgər bu vəsait vaxtında daşıyıcılar arasında bərabər paylanılsaydı, indi şirkətlər müflis vəziyyətə düşüb avtobuslarını satışa çıxartmaz, gediş haqqının artırılması tələbini irəli sürməzdilər.
Həmsöhbətimiz deyir ki, bu vəsait daşıyıcıların vaxtında avtobuslara texniki qulluq etməsinə, onların ehtiyat hissəsi almasına, sərnişindaşıma xidmətinin keyfiyyətinə də təsir edərdi.

7,5 milyon ayrılsa da, "Bakubus" MMC-nin avtobusları qarajda, sərnişinlər dayanacaqlarda qalıb

E. Muradlının sözlərinə görə, dövlətin ayırdığı vəsaitin qəpiyinədək "Bakubus" MMC-ə ödənilsə də, bu şirkətin sərnişindaşıma xidmətinin yüksəlməsinə bir təsir göstərməyib. Əksinə "Bakubus" MMC-nin xəttə çıxardığı avtobusların sayı azalıb. Nəticədə sərnişinlər saatlarla dayanacaqda avtobus gözləmək məcburiyyətində qalıblar. "Bakubus"a məxsus olan "Koroğlu"da, Zığda və Buzovnada yerləşən qarajlarda 500-ə yaxın avtobus saxlanılır. Gündüz saatlarında Zığdakı qarajda 300 ədəddən artıq avtobusun saxlanılmasını vizual olaraq müşahidə etmək mümkündür. Bəs bu zaman sual olunur ki, 7, 5 milyon manat vəsaiti "Bakubus" MMC hara xərcləyib?
BNA işinin öhdəsindən gələ bilmir. Çünki, qurum üzərinə götürdüyü vəzifələrin yerinə yetirə bilmir. Nə ictimai nəqliyyatı inkişaf etdirə bilir, nədəki taksi fəaliyyətini tənzimləyir. Tənzimləyici qurum olsa da, daşıyıcıların heç bir probleminə kömək göstərmir. Əgər daşıyıcılar problemlərinin həllini prezidentə müraciət etməkdə görürlərsə BNA nəyə lazımdır? BNA-nın fəaliyyətinə heç bir ehtiyac qalmır.

BNA 7, 5 milyon manatı niyə "Bakubus" MMC-ə ayırdı?

Bakı Nəqliyyat Agentliyinin məbuat katibi Mais Ağayev dövlətin sənişindaşımaya dəstək məqsədilə ayırdığı 7, 5 milyon manatın hamısının "Bakubus" MMC-yə verilməsinin əsasının olduğunu, bunun səbəbinin tezliklə ictimaiyyətə açıqlanacağını söylədi.
Məlumat üçün bildirək ki, Bakı Nəqliyyat Agentliyinin İdarə heyətinin sədrinin müşaviri Faiq Abbasov "İctimai" televiziyada çıxışında dövlətin daşıyıcı şirkətlər üçün ayırdığı 7,5 milyon manatın "Bakubus" MMC-yə verildiyini təsdiqləyib. Amma vəsaitin hansı səbəbdən digər daşıyıcılara ödənilməsiməsi ilə bağlı fikir bildirməyib.

Geri qayıt