İRAN DİPLOMATI BRAZİLİYADA İLİŞİB
Tarix: 19-04-2012, 18:17 |
Çap et
O, 4 QIZ UŞAĞINA TOXUNMAQDA İTTİHAM OLUNUR
İranın Braziliyadakı səfirliyinin əməkdaşı, diplomat Hikmətullah Qurbani tutulub. “Media forum” saytının məlumatına görə, aprelin 14-də üzv olduğu klubun hovuzunda üzən 50 yaşlı Hikmətullah Qurbani 9 yaşından 15 yaşına qədər olan 4 qız uşağının bədən orqanlarına toxunduğuna görə polisə aparılıb.
Braziliya polisi diplomat toxunulmazlığı olan Hikmətullah Qurbanini sərbəst buraxsa da, polis rəsmisi jurnalistlərə açıqlamasında hadisədən heyrətləndiyini bəyan edib: “Bir diplomatın belə bir rəftar və hərəkət etməsi son dərəcə təəccüblüdür”.
Hadisədən sonra hovuz rəhbərliyi İran diplomatının kluba üzvlük kartını ləğv edib.
Braziliyada bu kimi əməllərinə görə tutulanlara 8 ildən 15 ilə qədər həbs cəzası nəzərdə tutulsa da, İran diplomatının azad buraxılaraq səfirlik rəsmilərinə təhvil verilməsi qızların valideynlərinin kəskin etirazı ilə qarşılanıb. Braziliya Xarici İşlər Nazirliyinin bir rəsmisi azyaşlı qız uşaqlarının valideynləri ilə görüşəcəyini, onların şikayətinə baxacağını vəd edib.