RƏSMİ BAKIDAN RİÇARD MORNİNQSTAR AÇIQLAMASI
Tarix: 27-04-2012, 12:52 |
Çap et
“BU, ABŞ-IN AZƏRBAYCANA DİQQƏTİDİR”
Xarici İşlər Nazirliyi ABŞ prezidenti Barak Obamanın Azərbaycanda səfir vəzifəsinə Riçard Morninqstarın namizədliyini irəli sürməsinə münasibət bildirib. Mətbuat katibi Elman Abdullayev “Media forum” saytına deyib ki, Riçard Morninqstar Azərbaycanı və bölgəni yaxşı tanıyan peşəkar diplomatdır: “ABŞ-ın bir necə prezidentinin administrasiyasında işləyib, təcrübəli diplomatdır, həm akademik və peşəkar keçmişi var. Azərbaycan isə regionda mühüm əhəmiyyətə malik, proseslərdə vacib rol oynayan ölkədir. Bunu nəzərə alsaq, səfir vəzifəsinə belə bir təcrübəli diplomatın namizədliyinin irəli sürülməsi ABŞ-ın Azərbaycana olan diqqətini göstərir”.
XİN rəsmisi bildirib ki, Riçard Morninqstarın namizədliyi hələlik Azərbaycana təqdim olunmayıb: “Namizəd təqdim olunandan sonra Azərbaycan məsələyə münasibətini bildirəcək”.
ABŞ prezidenti Barak Obama Riçard Morninqstarı Azərbaycana səfir təyin etmək niyyətini açıqlayıb. 67 yaşlı Riçard Morninqstar Dövlət Departamentində Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndə vəzifəsini tutur. Vaxtilə ABŞ prezidentinin Xəzər hövzəsində enerji diplomatiyası üzrə xüsusi müşaviri işləyib.
Azərbaycanda səfir vəzifəsini tutmaq üçün Riçard Morninqstarın namizdəliyi Senatda təsdiq olunmalıdır.