«AVROVİZİYA» ASFALTLARI İNDİDƏN DAĞILIR
Tarix: 5-05-2012, 13:17 |
Çap et
BAKI MERİNİN PA-DAKI TOPLANTIDA DANLANMASI DA İŞƏ YARAMADI
DİA.AZ: - Dünən məlumat verərək bildirmişdik ki, Prezident Administrasiyasında qeyri-rəsmi şəkildə «Avroviziya-2012» mahnı yarışması ilə əlaqədar toplantı olub. Toplantıya az qala bütün hökumət üzvləri qatılıb. Mənbəmiz bildirir ki, müsabiqə tədarükü ilə bağlı aparılan inşaat işlərinin ləngliyi ciddi şəkildə dartışılıb.
Qeyd edək ki, yarışmaya yetişə bilmədiyindən Bayıl qəsəbəsinin ərazisində iki yol xətti tələm-tələsik şəkildə çəkilib ki, sözügedən toplantıda bu işə məsul olan Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov ciddi şəkildə danlanılıb.
Bu gün isə Bayıl sakinlərinin DİA.AZ-a bildirdiklərindən belə aydın olur ki, Hacıbala Abutalıbovun qəsəbənin içindən çəkdiyi yeni «Avroviziya» yolu darmadağın olub. Belə ki, yeni çəkilmiş asfalt yolun Bayıldakı «RealMarket»in önündən keçən hissəsində təxminən 4 metr uzunluğu 2 metr eni olan böyüklükdə və dərinliyi 30-40 santimetr olan çuxur əmələ gəlib.
Hər halda, əgər görülən iş budursa və təqdim olunan keyfiyyət belədirsə, o zaman yarışmanın keçiriləcəyi «Bakı Büllur Sarayı»nın da uçma ehtimalından danışmağa hər kəsin haqqı var. Tələm-tələsik görülən işin nəticəsi belə də olmalıdır.