"Hazırda müzakirə aparılası elə bir məsələ yoxdur" - Partiya sədri
Tarix: 5-04-2022, 09:42 |
Çap et
“Doğrudur, mövcud şəraitdə siyasi partiyalar arasında əlaqələrə çox böyük ehtiyac var”. DİA.AZ xəbər verir ki, bu fikirləri ölkədaxili siyasi durğunluq fonunda partiyalararası da təmasların xeyli seyrəlməsinin səbəblərinə toxunan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Yenicag.az-a açıqlamasında deyib.
ADP sədrinin fikrincə, yaranmış vəziyyətdə partiyalar arasında hansısa məsələni müzakirə etmək zərurəti görünmür:
“Açığı, hazırda müzakirə aparılası elə bir məsələ yoxdur. İndiki halda nəyi müzakirə edə bilərik? Hazırda partiyaların əsas fəaliyyəti siyasi maarifçiliyə və gündəlik məsələlərin şərhinə yönəlib. O baxımdan belə bir durumda nəyisə müzakirə etmək zərurəti görünmür.
Qarabağ ətrafında yaranmış vəziyyət, həmçinin digər proseslərlə bağlı partiyaların öz mövqeləri var və bunu yeri gəldikcə bəyan edirlər. Doğrudur, mövcud şəraitdə siyasi partiyalar arasında əlaqələrə çox böyük ehtiyac var. Lakin elə bir situasiya yoxdur ki, yığışıb nəyisə müzakirə edək”.