Mövsüm Səmədov: “Qapalı rejimlər bizi qorxutmaz”
Tarix: 5-02-2014, 11:49 |
Çap et
Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədov bəyanatla çıxış edib. Onun vəkili Anar Qasımlı “Media forum” saytına bildirib ki, Mövsüm Səmədov ruhani Abgül Süleymanovun saxlandığı rejimin dəyişdirilməsinə etiraz edib: “Mövsüm Səmədov bəyan edir ki, Abgül Süleymanova qarşı təzyiqlər təkcə ona yox, bütövlükdə islamçılara qarşı yönəlib. Amma belə təzyiqlər, qapalı rejimlər bizi qorxutmaz. Yaxşı olar ki, hökumət buna sərf etdiyi vaxtı, qüvvəni, enerjini vəhhabilərlə mübarizəyə həsr etsin”.
Vəkil bildirib ki, Mövsüm Səmədovun səhhətində problemlər var: “Böyrəkləri ağrıyır. Müalicə müəssisəsinə keçirilməsi üçün müraciət olunub. Növbəti həftə köçürülməsi gözlənilir”.
Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub. Bakıdakı 11 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.
Abgül Süleymanov 2011-ci ilin avqust ayında həbs olunub, 11 il müddətinə azadlıqdan məhrum edilib. 2014-cü ilin yanvarında o, 13 saylı Cəzaçəkmə Müəssisəsindən ciddi rejimli 8 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.