Ermənistan silahlı qüvvələri Naxçıvan, Kəlbəcər, Gədəbəy və başqa istiqamətlərdə davamlı təxribata əl atmaqda, atəşkəsi pozmaqdadır. Ötən gün Ermənistana məxsus kvadrokopter Azərbaycan ərazilərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Lakin bölmələrimiz tərəfindən açılan atəş nəticəsində kvadrokopter Ermənistan istiqamətində geri qayıtmağa məcbur edilib. Son günlər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin və Ermənistan silahlı qüvvələrinin qalıqlarının aktivliyi də müşahidə olunur. Separatçılar yeni müdafiə hədləri qurur, səngərlər qazır, əraziyə minalar basdırırlar. Bundan başqa, mülki əhalinin kütləvi şəkildə silahlandırılması faktları da aşkarlanıb. Planlaşdırılmış şəkildə atəş mövqeləri yaşayış evlərinin yaxınlığında yerləşdirilib.
DİA.AZ-ın məlumatına görə, Ermənistanın təxribatlarının intensiv hal alması ilə bağlı "Sherg.az"a danışan Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə bildirib ki, vəziyyət bu cür davam edə bilməz. Partiya rəhbərinin sözlərinə görə, artıq bıçaq sümüyə dirənib:
"Sülh danışıqları nəticə verməzsə belə, Azərbaycan tərəfi öz ərazilərində nəzarəti bərpa etmək istiqamətində addımlar atacaq. İrəvan proseslərin rəsmi Bakının lehinə getdiyinin fərqindədir. Ona görə də son bir aydır davamlı olaraq, hər cəbhədə Azərbaycana qarşı total, masştablı hücuma keçiblər. Bu hücumda Ermənistanla yanaşı, onların havadarları, erməni lobbisi, bəzi Qərb ölkələri və təşkilatları da ciddi fəaliyyət sərgiləyir. Məqsəd məsələləri daha qəliz hala salmaq, gərginliyi artırmaq və beynəlxalq müstəviyə daşımaqdır. Çalışırlar ki, beynəlxalq güclərin təzyiqi, müdaxiləsi ilə Azərbaycanı ən azından qısa müddətlik də olsa öz mövqeyindən çəkindirsinlər. Əsasən də, Laçın yolu üzərindəki nəzarət-buraxılış məntəqəsinin ləğv olunacağına ümid bəsləyirlər. BMT-nin Təhlükəsizlik Şurasına müraciət etmələrində də qayə budur. Görünən odur ki, bir sıra dövlətlər, o cümlədən Rusiya regionda sabitliyin bərqərar olunmasında maraqlı deyillər. Ancaq bu təşəbbüslərin istənilən nəticə verməsi mümkün deyil. Ermənilərin gözləntiləri özünü doğrultmayacaq. Əslində sülh danışıqlarının yarıda qalması ilk növbədə Ermənistanın və separatçıların ziyanına olacaq. Çünki Azərbaycan həmin andan etibarən öz ərazilərində suverenliyini tam təmin edəcək. Danışıqla olmasa belə, hərbi güclə hədəflərimizə çatacağıq".