Fazil Mustafa əlillik alarsa, mandatı LƏĞV OLUNACAQ? - AÇIQLAMA
Tarix: 21-08-2023, 16:19 |
Çap et
Bir müddət əvvəl sui-qəsd cəhdinə məruz qalan deputat Fazil Mustafa ayağında və qolunda yaranan məhdudiyyətlərə görə əlillik dərəcəsi almaq istəyir.
DİA.AZ bildirir ki, bu barədə "Sherg.az"a açıqlamasında millət vəkili özü bildirib.
O vurğulayıb ki, bununla bağlı tibb müəssisəsinə müraciət edib:
"Artıq sənədlər hazırlanıb. Daha sonra Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə göndəriləcək. Hələ ki, bu prosedur keçirilməlidir. Müvafiq komissiyanın yoxlamasından sonra dəqiq münasibət bildiriləcək. Bu bilavasitə törədilən terror aktı nəticəsində alınan xəsarətdir. Ona görə də bunun tibbi qiymətləndirilməsi vacibdir. Söhbət baş verən xəsarətdən sonra müəyyən fiziki fəaliyyət qabiliyyətinin məhdudlaşmasından gedir. Bunun isə mandata heç bir dəxli yoxdur. Bu, işimə hansısa intellektual və ya əqli fəaliyyətimə maneə olacaq məsələ deyil. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən, müvafiq qurumun rəhbərliyindən zəng edib bu məsələni maraqlanıblar. Onlar öz köməkliklərini göstərdilər. Burada hər hansı narahatlıq yoxdur. Yaxın zamanda sənədlər tam şəkildə təqdim olunacaq".
Qeyd edək ki, bu ilin 28 martında F. Mustafa Bakıda yaşadığı evinin qarşısında güllələnib.
Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb.
O, iki güllə yarası alıb. Çiyin nayihəsindən və ayağından yaralanıb..