Ermənistan KTMT-dəki daimi və səlahiyyətli nümayəndəsini tutduğu vəzifədən geri çağırdı. Eyni zamanda Ermənistan Rusiya ilə gərginlik fonunda ilk dəfə Ukraynaya yardım göndərib. Ermənistan Rusiyanı qıcıqlandıran açıqlamalar, aldığı qərarlar və başqa ölkə və təşkilatlarla yaxınlaşmalar ilə özünü bataqlığa çəkir. Rusiyanın son günlərdəki açıqlamaları Ermənistanın gələcəyini təhlükə gözlədiyini göstərir.
DİA.AZ-ın məlumatına görə, Milli Məclisin deputatı Vüqar İskəndərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistan bu ərazidə elə Rusiyanın özünün də iştirakı ilə yaradılmış layihə bir dövlətdir. Bəlkə elə bu səbəbdəndir ki, tarix boyu Ermənistan heç vaxt müstəqil dövlət ola bilməyib. Yarı müstəmləkə, yarı dövlət statusunu həmişə qoruyub saxlayıb. Rəhbərliyində olan liderləri ilə bir yerdə həmişə hansısa qüvvələrin, dövlətlərin maşası rolunu oynadı.
“Bu gün bu proses davam edir. Təbii ki, öz ağasının üzünə ağ olmaq erməni xarakterinin xislətidir. Tarix boyu yaşadığı ərazilərdə onlara həyat verən, onlara yaşamaq şəraiti yaradan dövlətlərə və xalqlara xəyanətləri ilə tarixə düşüblər. Bu proses bu gün də davam edir”-deyən deputat hesab edir ki, son zamanlar Ermənistanın Rusiya ilə olan gərginliyi Qərbdən gələn bir sifarişdir. Çünki Ermənistan öyrənib ki, onun yerinə işləsinlər, onun yerinə müharibə etsinlər, ona heç nə ödəmədən silah versinlər, onların yerinə ölsünlər və s. Bunu Vətən müharibəsində də müşahidə etdik. Ermənilər özlərinin acı məğlubiyyətini bütün sahələrdə olan boşluqlarını, bacarsızlıqlarını özlərində axtarmaq əvəzinə Rusiyada axtarır, Rusiyanı günahlandırdılar.
“Niyə ruslar yenə gəlib burada vuruşmadı, niyə ruslar bunlara silah vermədi, niyə ruslar gəlib burada onların əvəzinə ölmədi və s.
Bu siyasət artıq 3 ilə yaxındır ki, davam edir. Son zamanlar isə bu artıq cidd rol alıb. Paşinyanın son açıqlamaları hökümətdəki, parlamentdəki çıxışları onu deməyə əsas verir ki, onlar artıq mərhələli şəkildə Rusiyadan qopmağa çalışırlar. Bu isə, onların Qərbdəki "ağaları"nın verdiyi tapşırıqlardır”-deyə deputat əlavə edib.
Vüqar İskəndərovun fikrincə, Ermənistanın KTMT-dəki daimi səlahiyyətli nümayəndəsinin geri çağırması növbəti rotasiya olmaya da bilər. O, hesab edir ki, bu bir növ Rusiyaya göstərməkdir ki, artıq Ermənistan əvvəlki Ermənistan deyil.
“Az qala düşmən olduğu bütün məsələlərdə, Rusiya-Ukrayna müharibəsində tamamilə Rusiyanın yanında olması, hətda ora batalyon göndərməyə hazır olduğunu bildirən Ermənistanın, birdən-birə Ukraynaya yardım göstərməyə hazır olması deyilənlərə bariz nümunədir”-deyə Vüqar İskəndərov bildirib.