Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sabit sülh əldə etmək üçün lazımi şərtləri açıqlayıb.
DİA.AZ xəbər verir ki, bunu Mirzoyan macar həmkarı Peter Siyarto ilə İrəvanda keçirdiyi mətbuat konfransında deyib.
“Ermənistan və Azərbaycan arasında sabit sülh, Alma-Ata Bəyannaməsi və ən son SSRİ xəritələri əsasında iki ölkənin ərazi bütövlüyü və sərhədlərinin delimitasiyasının birmənalı şəkildə qarşılıqlı tanınması şərti ilə əldə edilə bilər”, - Mirzoyan bildirib.
Onun sözlərinə görə, təsadüfi deyil ki, məhz bu məqamlar Qranadada qəbul edilmiş bəyanatda öz yerini tapıb. Ermənistan bu bəyanata digər beynəlxalq tərəfdaşlardan dəstək gözləyir.
Nazirin sözlərinə görə, etimadın yaradılması üçün Qarabağ sakinlərinin hüquqlarına riayət edilməsi və erməni irsinin qorunması məsələləri də vacibdir.
Bundan əvvəl Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Ermənistanın Azərbaycandan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketi aldığını bildirib.
Sözügedən mövzu ilə bağlı "Sherg.az"a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin direktoru, politoloq Samir Hümbətov bildirib ki, bu ilin sonuna qədər sülhün imzalanması çətin məsələdir:
"Sülh sazişinin baş tutması üçün detallı razılıqlar olmalıdır. Eyni zamanda bəzi məsələlərə aydınlıq gətirilməlidir. Amma bu gün Ermənistan bəzi məsələlərə razılıq veri, daha sonra onu təkzib edir. Hətta açıqlamanı verdikdən sonra fikirləri səsləndirmədiklərini iddia edirlər. Sülh müqaviləsi daha çox dəqiqliyi sevir və qəti iradə tələb edir. Ona görə də, ilin sonuna qədər sülün olması gözlənilmir. Çünki sülh danışıqlarını qısa vaxtda yekunlaşdırmaq mümkün deyil. Azərbaycan tərəfindən beş baza prinsipi irəli sürülüb. Amma bunun açılışı olanda sərhədlərin delimitasiyası demarkasiyası işləri, bir-birinə güc tətbiq etməmək və Azərbaycanın dediyi xəritələrin ortaya qoyulma məsələsi oraya daxil edilməlidir. Eyni zamanda Zəngəzur dəhlizi açılmalıdır. Bunların hamısı ümumi sülh gündəliyi içərisində olan materiallardır. Onlar yekunlaşmadan sülh masasına oturaraq saziş imzalamaq asan deyil. Sülh məsələsini çox adiləşdirmişik. Sülh tək sənəd imzalamaqdan ibarət deyil. İntensiv danışıqlar olarsa, gələn il sülh ilə bağlı nəticələr əldə etmək olar".