Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyası 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə namizədini irəli sürüb. Sözügedən qərar Yeni Azərbaycan Partiyası İdarə Heyətinin genişləndirilmiş iclasında qəbul edilib.
Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Arzu Nağıyev bunu bütün xalqın qərarı və istəyi kimi xarakterizə edib:
“Bildiyiniz kimi, hakim partiyanın növbədənkənar prezident seçkilərində namizədi İlham Əliyev oldu ki, bu da təsadüfi deyil. Çünki Prezident İlham Əliyev bugünə qədərki siyasəti, xalqımıza bəxş etdiyi böyük zəfərlər və uğurlarla sübut edib ki, o, bundan sonra da xalqımıza rəhbərlik etməyə, onu böyük ideyaların, məqsədlərin arxasınca aparmağa qadirdir. Başqa sözlə desək, bu, sadəcə Yeni Azərbaycan Partiyasının qərarı deyil, həm də xalqın seçimidir.
Qüdrətli və çiçəklənən Azərbaycan Prezident İlham Əliyevin amalıdır. Onun bütün siyasətinin ana xəttini məhz bu amal təşkil edir. Ərazi bütövlüyümüzün və suverenliyimizin qorunması, müstəqilliyimizin daha da güclənməsi, ölkəmizin iqtisadi-siyasi nüfuzunun artması, xalqımızın rifahının yüksəlməsi dövlət başçımızın ali məqsədi olub və bu məqsəd bundan sonra da öz aktuallığını, önəmini qoruyub saxlayacaq.
Hesab edirəm ki, İlham Əliyevin bundan sonra da ölkəmizə rəhbərlik etməsi dövlətimizin yeni uğurlarının təmini və qarantı demək olacaq ”.