VHP Gənclər Təşkilatının sədri istefa verib
Tarix: 14-03-2014, 12:47 |
Çap et
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gənclər Təşkilatı Məclisinin növbəti yığıncağı keçirilib.
VHP-dən APA-ya verilən məlumata görə, toplantıda təşkilati məsələlər və konfransa hazırlıq məsələləri müzakirə edilib.
Müzakirələrdə çıxış edən VHP Gənclər Təşkilatının sədri Pünhan İmamlı bildirib ki, artıq ötən konfransdan iki il ötür, Gənclər Təşkilatının Əsasnaməsinə görə təşkilatın seçkili orqanları buraxmalı, təşkilat komitəsi yaradılmalı və konfransa hazırlıq işlərinə başlanmalıdır.
P. İmamlı Gənclər Təşkilatının Əsasnaməsinə uyğun olaraq səlahiyyət müddəti bitdiyi üçün istefa verib. Məclis P. İmamlının istefasını qəbul edib və sədrin səlahiyyətlərinin icrası müvəqqəti olaraq Vüsal Namiqoğluna həvalə edilib.
Gənclər Təşkilatının Məclisi də özünü buraxıb, 5 nəfərdən ibarət konfransa hazırlıq üzrə təşkilat komitəsi yaradılıb. Nicat Kamal təşkilat komitəsinin sədri, Röyalə Məmmədova isə katibi seçilib.
Gələn həftədən etibarən konfrans nümayəndələrinin seçiminə başlanılacaq, gənclər təşkilatının sədrliyinə namizədlər irəli sürüləcək və təbliğat-təşviqat kampaniyasına start veriləcək.