“Nurçuluq”, “Vəhabilik” dini parçalayır” - Araz Əlizadə
Tarix: 1-05-2014, 09:21 |
Çap et
“Azərbaycan Konstitusiyasına görə, dövlət dindən ayrıdır. Kiminsə dini ideologiya adı ilə ölkədə təsir imkanları əldə etməyə çalışması çox pis tendensiyadır”.
Bu sözləri Editor.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə rəsmi adı – “Gülən camaatı”, el arasında isə “Nur təriqəti” kimi tanınan cameənin lideri Fətullah Gülənə qarşı cinayət işi açılmasına münasibət bildirərkən belə deyib.
Türkiyə mediası xəbər verir ki, Fətullah Gülən barəsində Terrorla Mübarizə Qanunun 10-cu maddəsi ilə əlaqədar olaraq istintaqın başlanıb. Verilən məlumata görə, Gülən və “paralel yapı” adlanan qruplaşma üzvlərinin Türkiyə hökumətini devirmək təşəbbüsü ilə birlik yaratmaları haqqında məlumatlar da istintaq materiallarının içinə əlavə edilib.
ASDP sədri Araz Əlizadə Fətullah Gülənin həbsini Türkiyənin daxili işi sayır: “Şəxsən mən hesab edirəm ki, müxtəlif dini cərəyanlar nəinki insanlara mənəvi dəyələr aşılayır, əksinə olaraq dinin parçalanmasına xidmət edir. Bu mənada “Nur”, “Vəhabi” təriqətlərinin də fəaliyyətinə mənfi yanaşıram. Təəssüf ki, son illər “Nurçular” Azərbaycanda geniş təsir imkanları əldə ediblər və müxtəlif təhsil mərkəzləri və şirkətlərin əli ilə ictimai rəyə təsir imkanı qazanıblar. İndiki halda onların ifşası istiqamətində səyləri alqışlayır və bu mübarizə tədbirlərinin davamlı olmasını arzu edirəm”.