“Hökümət “Rusiya pasportu“ təhlükəsinin reallığını hiss edib“ - Fazil Mustafa
Tarix: 6-05-2014, 10:09 |
Çap et
Millət vəkili Fazil Mustafa parlamentdə qaldırdığı məsələyə verilən reaksiyanı "mədəniyyətsiz formada tənqid" adlandırıb.
Hafta.az-ın verdiyi xəbərə görə, F.Mustafa bildirib ki, Müzəffər Baxış adında bir hüquqşünas onların Rusiya vətəndaşlığını qəbul edən şəxslərin Azərbaycan vətəndaşlığından məhrum edilməsi barədə təkliflərini mədəniyyətsiz formada tənqid edib:
"Bildirib ki, Rusiyadan bizə heç bir təhlükə gözlənilmir. Həqiqətən də Azərbaycan Respublikası Konstitusiyasında şəxsin vətəndaşlıqdan məhrum edilməsi nəzərdə tutulmur. Təbii ki, bizim təklifimiz daha çox siyasi mahiyyət daşıyır və qanunvericilikdə dəyişikliklər yolu ilə Rusiyanın atdığı siyasi addıma bir cavab xarakterindədir.
Azərbaycanda yalnız bir vətəndaşlıq qəbul olunur və ikili vətəndaşlıq anlayışı yoxdur. Bu halda Azərbaycanda problemlər yaratmaq məqsədi ilə Rusiya vətəndaşlığı qəbul edənlərə qarşı qanunvericilikdə yeni tərtibata zərurət var və biz də bunu təklif etmişik.
Adam Rusiyanın ölkəmizə müdaxilə etmə ehtimalına o qədər sevinmiş ki, hansısa təhlükənin olmadığını arxayınlıqla söyləyir. Əzbərlədiyi beş-on hüquq termini ilə siyasi savadsızlığını ört-basdır edə bilmir.
Bildiyim qədər artıq hakimiyyət də bu təhlükəni daha real hiss etməyə başlayıb və yeni hüquq normalarının qəbul olunması gözlənilir".