“Müsavat Partiyasının qurultayı parlament seçkilərindən sonraya təxirə düşəcək” - Siyavuş Novruzov
Tarix: 1-09-2014, 13:15 |
Çap et
“Müsavat Partiyasının sentyabrın 27-nə təyin etdiyi qurultayı keçirilməyəcək. Bu qurultay parlament seçkilərindən sonra baş tutacaq”.
APA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.
Onun sözlərinə görə, qurultay bu il keçirilməyəcək və müsavatçıların müxtəlif bəhanələri ilə parlament seçkilərindən sonraya qədər təxirə salınacaq: “Müsavatçılar buna səbəbkar kimi hakimiyyəti günahlandıracaqlar. Bəhanə edəcəklər ki, guya iqtidar qurultay keçirməyə yer vermədi və s.”
S.Novruzov onu da qeyd edib ki, qurultayda düzgün seçkilər keçirilsə, İsa Qəmbər partiyadan uzaqlaşacaq: “Hazırda orda əsasən iki qrup fəaldır. Birincisi Müsavat Partiyasını öz gəlir mənbəyinə çevirənlər, yəni xarici təşkilatlardan maliyyə dəstəyi alıb partiyanı maliyyə aldıqlarının əli ilə idarə edənlərdir. İkinci qrup isə islahata getmək istəyənlərdir. Hazırda bu qruplar arasında ciddi mübarizə gedir”.