İslam Partiyasının sədri türmədən dostlarına salam yolladı
Tarix: 19-09-2014, 13:13 |
Çap et
“Azərbaycan hökuməti oktyabr ayının 24-nə qədər AİP lideri Mövsüm Səmədovla bağlı Avropa Məhkəməsinin ünvanladığı sorğunu cavablandırmalıdır. Yalnız sorğunun cavablandırılmasından sonra məhkəmə prosesinə start veriləcək.”
Bu sözləri AİP lideri Mövsüm Səmədovun vəkili Anar Qasımlı partiya sədrinin məhkəmə işi ilə bağlı açıqlama verərkən qeyd edib.
Ötən həftənin şənbə günü 11 saylı Cəza Çəkmə Müəssisəsində Mövsüm Səmədovla görüşdüyünü söyləyən vəkil, AİP liderinin səhhətinin və əhval ruhiyyəsinin qaydasında olduğunu söylədi: “Mövsüm Səmədov bütün dostlarına və onu tanıyanlara salam göndərdi. Hazırda Avropa Məhkəməsi Doktor Səmədovun işi ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib. Oktyabr ayının 24-nə qədər göndərilən sorğu cavablandırıldıqdan sonra, Avropa Məhkəməsində proseslərə start veriləcək. Yəqin ki, Avropa Məhkəməsi noyabr ayında öz işinə başlayar.”
Qeyd edək ki, Mövsüm Səmədov 2011-ci il yanvar ayının 2-də partiyanın baş məclisində Azərbaycan hakimiyyətinin ünvanına tənqidi çıxışdan 5 gün sonra yanvar 7-də həbs edilib. Həmin dövrdə AİP lideri haqqında yanvarın 20-də həbs qətimkan tədbiri seçilib. Oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədovu 12 il azadlıqdan məhrum edilib. Azadxeber