“Otağın yaxşısını İsa Qəmbərə, nisbətən pisini Arif Hacılıya ayıra bilərlər”
Tarix: 14-10-2014, 10:16 |
Çap et
“Yeni Müsavat” qəzeti baş redaktorunun I müavini, müsavatçı Azər Ayxan “facebook” profilinde Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbəri tənqid edən status yazıb.
Müsavatın keçmiş başqanını yeni başqanın fəaliyyətinə əngəl olmaqda ittiham edən Azər Ayxan bildirib ki, “İsa Qəmbər lazım olsa, bir neçə ay evdə oturmalı idi, amma bunu etməməli idi, bunlar oyuncaq məsələlər deyil”.
Editor.az-a danışan Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa bunu Müsavat Partiyasının daxili işi sayır: “Bu o qədər xırda, kiçik məsələdir ki, mən buna vaxt ayırmaq istəmirəm. Hazırda tarixi bir kitab üzərində çalışıram. Əsas diqqətim ona yönəlib. İsa Qəmbərin Arif Hacılı üzərində nəzarəti saxlamasına gəldikdə, bu onların öz işidir. Bəlkə bu yolla Müsavatı qorumağa çalışırlar. Bu onların taktikasıdır. Müəmmər Qəddafi çadırda otururdu. İsa Qəmbər isə Müsavatın qərəgahında otura bilər. Bəlkə keçmiş rəhbər kimi böyük otağı ona ayırıblar. Nisbətən kiçiyini isə yeni başqana. Otağın yaxşısını İsa Qəmbərə, nisbətən pisini Arif Hacılıya ayıra bilərlər. Bu ciddi məsələ deyil”.