“Övladların özbaşınalığına görə ataların vəzifədən azad edilməsi düzgün addımdır” - Partiya sədri
Tarix: 4-04-2015, 10:41 |
Çap et
“Hesab edirəm ki, övladlarının özbaşınalığına görə atalarının vəzifədən azad edilməsi düzgün addımdır”.
Bunu Moderator.az-a açıqlamasında VİP sədri Əli Əliyev bildirib. Partiya sədri öz ailəsini tərbiyə edə bilməyənlərin cəmiyyətə yaxşı nə isə verəcəyinə inanmadığını vurğuladı:
“Ölkə idarəçiliyinə cəlb olunan şəxslər ilk növbədə konkret bir rayon və ya inzibati mülkdə vətəndaşlara nümunə göstərməlidir. Azərbaycan cəmiyyəti özünəməxsus keyfiyyətlərə malikdir. Bizim məmurlar ailənin tərbiyəsi, ailədəki qaydaları ilə fərqlənməlidirlər. Öz ailəsində nümunəvi tərbiyə formalaşdıran insanlar cəmiyyətdə nümunəvi ola bilərlər. Bu baxımdan övladlarını tərbiyə etməkdə, normal vətəndaş kimi yetişməkdə çətinlik çəkən yaşlı nəslin nümayəndələri cəmiyyətə nümunə ola bilməzlər deyə, onların vəzifədən uzaqlaşdırılması düzgün qərardır. Cəmiyyətə o adamlar nümunə kimi göstərilməli, vəzifə səlahiyyətləri o şəxslərə verilməlidir ki, onlar ilk növbədə öz ailələrində lazımi intizamı, lazımi mental keyfiyyətləri formalaşdırıblar”.