Əsas Səhifə > Partiya, Güney Press > Rusiya masada özündən başqa heç kimi istəmir
Rusiya masada özündən başqa heç kimi istəmir15-01-2021, 08:54 |
44 günlük Vətən Müharibəsi Azərbaycanın regiondakı üstünlüyünü bərpa edib. Artıq bölgədə proseslər yeni müstəviyə keçib. Azərbaycanın öz sərhədlərini, ərazi təhlükəsizliyinin qorunması müstəvisində qarşılaşdığı vəziyyətlər gərginliyi ilə diqqət çəkir. Bu və ya digər məsələlərlə bağlı hafta.az-a müsahibə verən Ümid partiyasının sədri İqbal Ağazadə maraqlı nüansları önə çəkib. - Azərbaycan-Ermənistan arasında aparılan danışıqlarda əsas vasitəçi olan Rusiya regionda nəyə nail olmağa çalışır. Bu prosesdə Azərbaycan üçün mühüm olan nədir? - Bu gün Azərbaycan üçün mühüm olan odur ki, proses gedir. Azərbaycan bu prosesdən uduzmur. Rusiya bu görüşləri ona görə təşkil etmir ki, tərəflər sülhə nail olsun, Cənubi Qafqaza əminəmanlıq gəlsin. Hamı yaxşı başa düşür ki, Kreml bu görüşü regionda möhkəmlənmək, regionu öz nüfuz dairəsindən çıxmamaq üçün yollar axtardığına görə təşkil edir. Moskva daha çox “masalar” təşkil edir və daha çox sənədlərin imzalanmasına çalışır ki, onun əsasında tərəflərə təzyiq edib regionda qalmaq üçün hüquqi əsas tapsın. Şimal qonşumuz bunu reallaşdırmaq üçün hələlik ortaya mövqe qoya bilir. Hələlik regionda masanın başında Rusiya dayanır. - Azərbaycan Ermənistanla danışıqlarda kommunikasiya və iqtisadi-ticari əlaqələrin qurulmasından əvvəl ilk növbədə hansı məsələnin həlli üzərində dayanmalıdır? - Kommunikasiyaların açılması, nəqliyyat dəhlizlərinin yaradılması yalnız o şərtlə mümkün ola bilər ki, tərəflər Azərbaycanın ərazi bütövlüyünü tanısın. Hesab edirəm ki, yaradılan işçi qrupunun və Azərbaycanın səlahiyyətli nümayəndələrinin danışıqlarda ilk qaldıracağı məsələ bu olmalıdır. Artıq ondan sonra prosesi fərqli istiqamətdə aparmaq rahat olacaq. Təəssüf ki, bu məsələ indiyə qədər ortaya gətirilməyib. Ona görə də Azərbaycanın danışıqlarda birinci növbədə BMT-də qəbul edilmiş sərhədlər çərçivəsində dövlətlərin ərazi bütövlüyünün və suverenliyinin tanınması məsələsini qaldırmalıdır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam tanımalıdır. Ərazi bütövlüyü tanındıqdan sonra konflikt yeni bir mərhələyə daxil olur. Artıq bundan sonra Ermənistan tərəfindən hər hansı bir hərbi müdaxilə baş verərsə, bu, bir ölkənin başqa bir ölkənin ərazisinə qəsdi və yaxud da müharibəyə başlaması kimi qiymətləndirilə bilər. Diqqət edirsizsə, Rusiya bu məsələdə də maraqlı deyil. Rusiya ərazi sərhədlərinin bütövlüyü məsələsinin müzakirəsinə başlanılmasını istəmir. - Sizin fikrinizcə, Qarabağ məsələsi yenidən beynəlxalq müstəvidə hüquqi bir mərhələyə daxil ola bilərmi? - Ərazilərimizin tanınmasından sonra Azərbaycan istənilən danışıqlarda hüquqi üstünlük əldə edəcək. Ona görə də, qeyd etdiyim kimi, Ermənistanı daha çox buna məcbur etmək lazımdır. Azərbaycan ortaya belə bir mövqe qoymaldır ki, əgər sən mənim ərazi bütövlüyümü tanımırsansa, mənim ərazi bütövlüyümə qəsd və yenidən müharibə etmək barədə düşünürsənsə, mənim səninlə iqtisadi və siyasi əlaqələr qurmağım məntiqə uyğun deyil. Biz xoş məramımızı ifadə eləyirik, kommunikasiyaların açılmasının, Ermənistanın blokadadan çıxmasının tərəfdarıyıq, region xalqlarının yaxın qonşuluq münasibətləri çərçivəsində barış və sülh şəraitində yaşamasını istəyirik. Lakin sən də bunun müqabilində BMT-nin tanıdığı sərhədlər çərçivəsində mənim ərazi bütövlüyümü və suverenliyimi tanımalısan. Bizim ərazilərimiz tanınandan sonra biz istənilən məsələni istənilən masada müzakirə edə bilərik. - Türkiyənin bir sıra ekspertləri Türkiyənin bu danışıqlar prosesinin kənarına itələndiyini deyir. Türkiyə bu dəfə niyə kənarda qaldı? - Ermənistan və ayrı-ayrı dövlətlər regionda prosesin içərisində olmaqda maraqlıdır. Rusiya isə “masada” ondan başqa heç kimi istəmir. Azərbaycan masada Türkiyənin olmasında maraqlıdır. Amma masada əsas söz sahibi Rusiyadır. Yəni bu təkcə Azərbaycanın istəyi ilə bağlı olan məsələ deyil. Türkiyənin bu masada olmasını istəyən çox az dövlətlər var. Azərbaycandan başqa kimsə Türkiyənin masada olmasını istəmir. Bunu ilk növbədə istəməyən Rusiyadır, Avropa ölkələridir. Hətta Rusiyaya embarqo, sanksiya tətbiq eləyən dövlətlər belə Rusiyanın regiona daxil olmasına qarşı çıxmadılar. Türkiyənin hətta sülhməramlı qismində regiona gəlməsini əngəlləmək üçün mövqelər ortaya qoydular. Hər kəs Türkiyəyə qarşı çevrildi. Rusiya bu məsələdə mövqelərini açıq ifadə etməsə də, hamı çox yaxşı bilir ki, Kreml Türkiyənin nəinki masada, bölgədə olmasını istəmir. Faktiki olaraq tək Azərbaycanın istəyi ilə bu məsələni gerçəkləşdirmək o qədər də asan deyil. Azərbaycan fərqli mövqe tutmalıdır. Azərbaycan ərazilərini qorumaq üçün Türkiyə ilə ikitərəfli birgə əməkdaşlıq müqaviləsi bağlayıb, türk ordusunu öz ərazisinə dəvət etməlidir. Türkiyə Monitorinq Mərkəsindəki funksiyasından istifadə edirsə, sülhməramlıların, o cümlədən Ermənistanın Dağlıq Qarabağın üzərində hüquqlarının genişləndirməsinə və hər məsələyə müdaxilə etməsini əngəlləyən bir siyasət yürütməlidir. Eləcə də Ermənistan və İranla sərhədlərinin qorunması istiqamətində Türkiyə-Azərbaycan müqaviləsi bağlanmalıdır. Görünür ki, bu məsələ ilə bağlı Türkiyənin də edə biləcəyi çox az şey var idi. - Başqa bir mülahizəyə görə, Putin və Makron Cənubi Qafqazda hansısa yeni bir model barədə razılığa gəldilər. - Heç kəs Cənubi Qafqazda yeni model düzəldə bilməz. Hər hansı yeni model birinci növbədə Azərbaycanla razılaşdırılmalıdır. Azərbaycanın Türkiyənin razılığı və maraqları qorunmadan hər hansı prosesdə iştirakı məntiqdən çox uzaq görünür. Əgər bu, Azərbaycanın maraqlarına zidd olacaqsa, dövlətimiz heç bir halda razılaşmayacaq. Türkiyənin maraqlarına zidd olarsa, Azərbaycan belə layihələrdə iştirak etməyəcək. Əgər qəbul etsək ki, Fransa regionda Türkiyəyə qarşı sərt mövqedə dayanan ölkədir, Rusiya Surya və Liviyada Türkiyə ilə döyüş halındadır, deməli hər hansı “Rusiya-Fransa modeli” Türkiyənin ziyanına ola bilər. Ona görə də Azərbaycan bu məsələrərdə iştirak etməyəcək. Azərbaycanın iştirak etmədiyi hər hansı layihə isə iflasa uğrayacaq. Geri qayıt |