Əsas Səhifə > Partiya, Güney Press > "Məhz Naxçıvan vasitəsilə yeni açılacaq Mehri dəhlizi..."
"Məhz Naxçıvan vasitəsilə yeni açılacaq Mehri dəhlizi..."11-03-2021, 08:17 |
Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıçın başçılıq etdiyi nümayəndə heyətini qəbul edən zaman Zəngəzur dəhlizinin açılmasının çox önəmli məsələlərdən biri olduğunu bildirib. Prezident birgə səylərlə buna da nail olacağımıza əminliyini ifadə edib. Qeyd edək ki, Azərbaycan Prezidenti, Rusiya prezidenti və Ermənistanın baş nazirinin ötən il 10 noyabrda imzaladığı birgə bəyanatda Zəngəzurun Mehri rayonu ərazisindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında yolun açılmasını nəzərdə tutan bənd var. Yanvarın 11-də isə Moskvada imzalanmış üçtərəfli bəyanatda noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın həmin 9-cu bəndinin icrası mexanizminin və vaxtının dəqiqləşdirilməsi kimi məsələlər əksini tapır. Yanvarın 11-də təsdiq olunmuş 4 bənddən ibarət üçtərəfli bəyanat Azərbaycanla Ermənistan arasındakı kommunikasiyaların açılmasına və nəqliyyatın təhlükəsiz hərəkətinin təşkilini nəzərdə tutub. Göründüyü kimi, Zəngəzurdan dəhlizin açılmasının mühüm əhəmiyyət daşıyacağını Azərbaycan Prezidenti xüsusi vurğulayıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov “Yeni Müsavat”a şərhində bildirdi ki, Azərbaycanın 44 günlük müharibədə qazandığı böyük qələbə həqiqətən də regionda yeni reallıqlar yaradıb. Yeni əməkdaşlıq imkanlarına yol açıb. Bu imkanlardan biri də bölgə ölkələrinin bir-biri ilə əlaqələrini, əməkdaşlığını genişləndirəcək yeni nəqliyyat dəhlizinin açılmasının nəzərdə tutulmasıdır. Zəngəzur dəhlizinin açılmasından Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, İran, Ermənistan, həmçinin Gürcüstan iqtisadiyyatı da yeni imkanlar əldə etmiş olacaq: “Dəhlizin açılması Azərbaycanın digər bölgələrini quru yollar vasitəsilə Naxçıvana birləşdirəcək, Naxçıvan blokadadan çıxacaq və Azərbaycanın əsas hissəsindən Türkiyəyə birbaşa yolumuz açılmış olacaq. Bu bəyanatın icrası ilə Naxçıvanda yaşayan əhalimizin gediş-gəlişindəki, yük daşımalarındakı bütün çətinliklər aradan qalxacaq. Bu, Azərbaycanın bütün regionlarının birləşməsi və bütövləşməsi deməkdir. Digər tərəfdən isə bu, regionun iqtisadi xəritəsini dəyişəcək, region üçün çox əhəmiyyətli və qitələri daha səmərəli şəkildə birləşdirəcək yeni beynəlxalq əhəmiyyətli nəqliyyat dəhlizi olacaq. Mehri dəhlizinin açılışı Asiyadan Avropaya və əks istiqamətdə ölkəmizin üzərindən keçən nəqliyyat dəhlizlərinin uzunluğunu kifayət qədər qısaldır. Yolun uzunluğunun azalması həm vaxt itkisinə qənaətdir, həm də yüklərin daşınmasının maya dəyərinin aşağı düşməsi deməkdir. Bu baxımdan, Mehri dəhlizi rəqabətqabiliyyətliliyinə görə səmərəli və rentabelli olacaq. Bu da ölkəmizin üzərindən daşınacaq beynəlxalq tranzit nəqliyyat dəhlizlərinin cəlbediciliyini və daşımaların həcmini kifayət qədər artıracaq. İxrac marşrutunun qısalması iqtisadi səmərə deməkdir və məhz Naxçıvan vasitəsilə yeni açılacaq Mehri dəhlizi Avropaya və Şərq ölkələrinə daşınacaq qeyri-neft məhsullarının artırılmasına imkan verəcək. İlkin hesablamalara görə, regionda kommunikasiyaların açılması Azərbaycanın ixracını 1,2 milyard manat, qeyri-neft ÜDM-i 2 %, emal sənayesini 3 % və mədən sənayesini 2,7 % artıra bilər. Təbii ki, belə yeni iqtisadi artımlara nail olmağımız ölkəmizin iqtisadi gücünün artması deməkdir”. Deputat qeyd etdi ki, dəhlizin açılması turizm sənayesinə də təsirini göstərəcək: “Gələcəkdə bu dəhliz vasitəsilə sərnişin daşımaları da təşkil olunacaq. Biz torpaqlarımızı işğaldan azad etdik, indi isə kommunikasiyaların açılmasından səmərəli istifadə etməklə iqtisadiyyatımıza əlavə gəlirlər gətirəcəyik. Ermənistanda hələ də bunu tam dərk etməsələr də dəhlizin açılması Ermənistanın da iqtisadiyyatına müsbət təsirini göstərəcək”. A.Hüseynov hesab edir ki, sözügedən dəhlizin açılması və istifadəyə verilməsi Azərbaycan Prezidentinin bir müddət əvvəl ifadə etdiyi bölgənin 6 qonşu ölkəsinin əməkdaşlıq formatının yaranmasında ciddi rol oynaya bilər. “Yeni Müsavat” Geri qayıt |