Əsas Səhifə > Partiya, Güney Press > "Şəxsən mən konstruktiv bir dialoqdan hər hansı bir nəticəni əldə etməyin tərəfdarıyam"
"Şəxsən mən konstruktiv bir dialoqdan hər hansı bir nəticəni əldə etməyin tərəfdarıyam"16-04-2021, 08:53 |
Bu ilin fevral ayında 30-u professor olmaqla, 100-dən çox alim, incəsənət xadimi, ümumilikdə mindən artıq ziyalı Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh xanım Əliyevaya müraciət edərək Bakının əcnəbi dillərin “işğalından” azad edilməsinə yardım etməsini xahiş etmişdi. Həmin müraciət Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib. Amma Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin əməkdaşlarından ibarət komissiya problemin həlli istiqamətində heç bir addım atmadığı üçün müraciəti imzalayan ziyalıların nümayəndələri Prezident Administrasiyasına yenidən müraciət edərək humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva ilə görüşmək istədiklərini bildiriblər. Müraciət edən ziyalılar qeyd edib ki, bundan əvvəl sonuncu dəfə fevral ayının 21-də edilən müraciətdən sonra mart ayının 17-də BŞİH və Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) nümayəndələri bizimlə paytaxtın Rəsulzadə küçəsində monitorinq keçirib. Lakin monitorinq zamanı aşkarlanan pozuntular aradan qaldırılmayıb. Müraciətdən sitat: “Rəsulzadə küçəsində 42 ticarət və xidmət obyektindən 40-da Azərbaycan dilindən istifadə edilməyib. ADRA nümayəndələri sahibkarlıq subyektlərindən problemi aradan qaldırmaq, ”Azərbaycan Respublikasında dövlət dili haqqında" AR Qanununa (maddə 7.1.) əməl edilməsini tələb etmək əvəzinə, bütün bu pozuntuların qanuni olduğunu izah etməyə çalışdılar. Məlum oldu ki, bu strukturun əməkdaşları bəlli qanun pozuntularını aradan qaldırmaq üçün heç bir tədbir görmək niyyətində deyillər". Müraciəti Bakı Dövlət Universiteti, “Ərəb filologiyası” kafedrası, professor Aida Qasımova, AMEA-nın müxbir üzvü, Asiya Fəlsəfə Assosiasiyasının vitse-prezidenti Könül Bünyadzadə və “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin sədri Vasif Sadıqlı imzalayıb. “Yeni Müsavat” olaraq, məsələ ilə bağlı Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) mövqeyinin öyrənməyə çalışsaq da, cəhdlərimiz boşa çıxdı. Bakı Şəhər İcra Hakimiyyətindən isə bildirildi ki, bir müddət bundan əvvəl müraciət edənlərlə birgə komissiya yaradılıb, reydlər keçirilib: “Bizə olunan müraciətlə bağlı görüş keçirilib və Reklam Agentliyinin də daxil olduğu birgə komissiya yaradılıb. Novruz bayramından sonra komissiya müraciət edən ziyalılarla birlikdə Bakının müəyyən küçələrində keçirilən reydlərdə olub. Reydlər zamanı ayrı-ayrı ticarət mərkəzlərinin rəhbərləri ilə söhbətlər də aparılıb”. Bundan öncəki müraciətlərdə iştirak etmiş, BDU-nun professoru, filologiya elmləri doktoru, teletənqidçi Qulu Məhərrəmli “Yeni Müsavat”a danışıb. Professor qeyd edib ki, ana dilində gedən bir sıra zərərli tendensiyaların qarşısının alınması üçün ziyalıların, jurnalistlərin apardığı işlər çox müsbət haldır: “Ona görə ki, bütün hallarda dil psixoloji, sosial baxımdan bir toplumun səsidir, onun varlığının ifadəçisidir. Bu baxımdan dil nöqsanları ilə bağlı istər televiziya-radiolarda, istərsə də xəbər saytlarında özünü göstərən dil nöqsanlarına kəskin reaksiyaların verilməsini çox normal qarşılayıram. O ki qaldı Bakı küçələrində reklam və elanların yad dillərdə çoxalması, bunun özü də artıq bir neçə ildir ki, bariz şəkildə özünü göstərir. Ona görə də ziyalılar həm Bakı Şəhər İcra Hakimiyyətinə, eyni zamanda Dövlət Reklam Agentliyinə müraciət etdilər. Bakı Şəhər İcra Hakimiyyəti ilk müraciətin ardından ziyalıları dəvət etdi, görüş keçirdi. Həmin görüşdə mən də iştirak etmişdim. Deyim ki, çox səmərəli və ümidverici söhbətlər oldu. Fikrimcə, Bakı Şəhər İcra Hakimiyyəti ilə həmin dialoqu davam etdirmək lazımdır. Çünki həmin nöqsanlar birbaşa şəhər idarəçiliyi, reklamların idarə olunması, bu iş üzrə ixtisaslaşmış Reklam Agentliyi ilə bağlıdır. Fikrimcə, Reklam Agentliyinin də ciddi arqumentləri var ki, niyə bu reklamlar əcnəbi dillərdə yazılır. Bildiyiniz kimi, brendlər, beynəlxalq biznes şirkətlərinin adları, ticarət mərkəzlərinin öz istəkləri var və sairə. Düşünürəm ki, onlarla bir ortaq məxrəcə gəlmək mümkündür ki, həmin adlar həm xarici dildə, həm də ondan heç də ölçü etibarı ilə kiçik olmayan Azərbaycan dilində də yazılsın. Bəzən hansısa şirkətin önündən keçəndə görürük ki, orada ingilis dilində bir lövhə görürük. İngilis dilini anlayan onu başa düşür, amma hansısa şəhər sakini həmin sözün tərcüməsini bilmək istəyərsə, gərək yanında lüğət gəzdirsin. Bu baxımdan dövlət dili haqqında qanunun tələblərinə əməl olunmalıdır". Qulu Məhərrəmli qeyd edib ki, bu cür məsələlərdə intensiv, çoxlu sayda şikayətlərin olunmasının tərəfdarı deyil: “Şəxsən mən konstruktiv bir dialoqdan hər hansı bir nəticəni əldə etməyin tərəfdarıyam. Ona görə də hesab edirəm ki, bizim ziyalıların dövlət qurumları ilə dialoqu davam etməlidir. Çünki ana dili onlar üçün də milli sərvətdir. Ona görə də bu məsələdə həm dövlət qurumlarının, həm də cəmiyyətin ortaq məxrəcə gəlməsi çox önəmlidir. Müstəqillik illərində dilin inkişafı, ana dilinin saflığının qorunması ilə bağlı 20-dən çox sənəd imzalanıb, həmçinin dil haqqında xüsusi qanun var. Ana dilinin qloballaşma şəraitində işlənməsi ilə bağlı dövlət proqramı mövcuddur. Sonuncusu 2018-ci ilin noyabrında ölkə Prezidentinin imzaladığı sərəncamdır. Həmin sərəncamda Azərbaycan dilinin yad təsirlərdən qorunması ilə bağlı xüsusi müddəalar var. Bu müddəalara əsaslanıb dilimizin keşiyində sayıq dayanmalı, siyasi mövqeyindən, ictimai düşüncəsindən asılı olmayaraq hər kəs ana dilinin statusuna hörmətlə yanaşmalı, birgə addımlar atmalıdır”. Xatırladaq ki, ötən il də xeyli sayda ziyalı Bakının əcnəbi dillərin “işğalından” azad edilməsi ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin sədri, Dövlət Dil Komissiyasının sədr müavini Anar Rzayevə, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevaya, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova, yüzdən artıq millət vəkilinə müraciətlər etmişdi. Geri qayıt |