Əsas Səhifə > Partiya, Güney Press > “Dövlət qurumlarımız yeni mexanizm üzərində işləyir, böyük bir dönüş yaranacaq”

“Dövlət qurumlarımız yeni mexanizm üzərində işləyir, böyük bir dönüş yaranacaq”


17-04-2021, 08:10
“Dövlət qurumlarımız yeni mexanizm üzərində işləyir, böyük bir dönüş yaranacaq”
Ölkədə sahibkarlığın inkişafı, onun rəqabət qabiliyyətinin artırılması istiqamətində dövlət tənzimlənməsinin təkmilləşdirilməsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğun olan cəlbedici biznes və investisiya mühitinin formalaşdırılması və əlverişliyinin daha da artırılması, mütərəqqi tənzimləmə və hüquqi bazanın olması ən vacib məsələlərdir.

Bəs, ölkəmizdə bu cür rəqabət qabiliyyətli investisiya mühitinin yaradılmasına nələr mane olur? Bu cür mühitin yaradılması üçün bizə nələr lazımdır?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Rüfət Quliyev AYNA-ya açıqlamasında deyib ki, Azərbaycanda bu istiqamətdə müsbət dönüş var: “Ölkə başçısı kiçik və orta sahibkarlığın inkişafı üçün böyük addımlar atır. Mən tez-tez sahibkarlarla görüşürəm, hətta CBC kanalında “Sahibkar Saatı” adlı verlişim də var. Həmin verlişdə də qeyd edirəm ki, sahibkarların əksəriyyəti bu məsələyə dair məlumatları əldə edə bilmir. Hansı dəyişikliklərin və güzəştlərin olduğu, dövlət orqanları tərəfindən hansı güzəştlərin edildiyi barədə məlumatsızdırlar. Orta sahibkarlıqdan danışmağımın səbəbi isə invesitsiya mühitinin daha çox kiçik və orta sahibkarlığın inkişafı üçün lazım olduğunu bildirməyimdir”.

Deputat bildirib ki, Azərbaycanda rəqabətqabiliyyətli investisiya mühitinin yaradılması məqsədilə “Rəqabət haqqında” Qanun qəbul olunması ilə bağlı gözləntilər var: “Milli Məclisdə bununla bağlı müzakirələr aparılır. Bu qanunun nə zaman Milli Məclisdə gündəmə çıxacağını isə deməyə çətinlik çəkirəm. Sözügedən məsələ millət vəkilləri arasında müzakirə olunur. İkincisi, investisiya mühitinə birbaşa təsir edən bank kreditləridir. Yuxarı faizli kreditlər sahibkarlara heç də kömək edə bilmir. Bu, dünyəvi prosesdir. Sahibkarların illik qazancı 10-12 faizdir. Əgər sahibkar 10-15 faizlə kredit götürürsə, sonra bu qədər krediti qaytara bilmir. Onlar gələcəkdə yeni toksit kreditlərə çevrilir. Əgər iş bu formada davam etsə, iki-üç ildən sonra dövlət bu məsələyə qarışıb bunu öz hesabı ilə tənzimləməyə başlayacaq. Həm maliyyə bloku, həm də iqtisadi blokumuzda böyük islahatlar aparılıb. Həmin blokların içərisində yeni paradiqmalar, siyasətlər, yeni təfəkkür var, yeni insanlar işləyir”.

“Biz banklara və maliyyə qurumlarına sual edəndə ki, niyə bank kreditlərinin faizi bu qədər yüksəkdir, onlar depozit faizlərinin yüksək olduğunu (10-11 faiz), insanların bundan faydalanaraq qazanc götürdüyünü deyirlər. Amma depozit faizlərini azaldıb diqqəti daha çox sahibkarlıq fəaliyyətinin inkişafı üçün kreditlərə ayırmaq lazımdır. Başqa maliyyə alətləri düşünmək lazımdır ki, insanlar lazım olmayan vəsaitlərini hansısa maliyyə qurumlarının nümayəndələrinə verib ordan qazanc əldə etsinlər. Bu, dünyanın bütün ölkələrində belədir. Depozit faizləri dünyanın bütün ölkələrində iki-üç faiz, maksimum dörd faizdir. Kredit faizləri də təxminən eynidir, yəni iki-beş faiz arası dəyişir. Bu göstəricilər iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə bu cürdür. Bunun üzərində dövlət qurumlarımız işləyir və yeni mexanizm hazırlayıb təqdim edəcəklər. Böyük bir dönüş yaranacaq, investisiya mühitinə birbaşa müsbət təsir göstərəcək”, - deyə Quliyev vurğulayıb.

Millət vəkilinin sözlərinə görə, rəqabət qabiliyyətli investisiya mühitinin yaradılması üçün bir neçə bank lazımdır ki, onlar bilavasitə bu işlə məşğul olub, sahibkarlara tam dəstək verə bilsin: “Burada yalnız banklar deyil, qeyri-bank strukturları da bu işlə məşğul ola bilər. Təbii ki, onların xüsusi lisenziyaları da olacaq. Bu cür imkanlar yaradılanda rəqabət qabiliyyətli investisiya mühitinin yaradılmasına da imkanlar açılacaq. Bu, bazar iqtisadiyyatının əsas meyar və qanunlarından biridir. Tələbat yerində qalanda, təklif çox olanda bu, müsbət formada təsir edəcək”.
İqtisadçı ekspert Ruslan Atakişiyev isə AYNA-ya şərhində qeyd edib ki, ölkədə rəqabət qabiliyyətli investisiya mühitinin formalaşması üçün hələ bir sıra islahatların aparılmasına ehtiyac var: “Birincisi, Azərbaycanda rəqabət mədəniyyəti formalaşmalıdır. Ölkəmizin məhkəmə sistemində ədalətlilik prinsipi, şəffaflıq təmin olunmalıdır, bununla bağlı islahatlar aparılmalıdır. İkincisi, müəllif hüquqularının qorunması, təmin olunması, müəllif hüquqlarının pozulmasına qarşı effektiv mübarizə tədbirləri xarakterizə olunan normativ aktlar hazırlanıb tətbiq olunmalıdır. İnvestisiya mühitinə bağlı olan əmlakın əldə olunması, özününküləşdirilməsi və yaxud da özgəninkiləşdirilməsi prosedurlarının asanlaşdırılması, vəsaitlərin qoyulması-çıxarılması prosedurları və s. kimi məsələlərlə bağlı, eləcə də öhdəliklərin yerinə yetirilməsi və yetirilməməsinə görə cavabdehlik, rəqiblərin məlumatlarından istifadə edilməsi, təkrarlanması, bunlara qarşı mübarizə, demplinq prosesləri, demplinqə qarşı effektiv mübarizə alətləri və bunun kimi ümumi tədbirlər həyata keçirilməlidir”.

Ekspertin sözlərinə görə, bazar mexanizminin tam işlək proseslərə keçməkdə, xüsusilə də normativ aktların vaxtında və operativ hazır olması məsələləri, regionlarda ləngimələr, ayrı-ayrı məmurların baş verən proseslərə uyğun davranmaması səbəbindən ləngimələr, inhisarçılıq meyilləri investisiya mühitinin formalaşmasının qarşısını alır.

“Bütün bunlar həmin prosesin getməsinə maneələr yaradır. Bu cür mühitin yaradılması üçün zamana yox, iradəyə ehtiyacımız var. Düzdür, bu iradənin ortaya qoyulmasına başladılar, amma ayrı-ayrı məmurlara gəldikdə görürük ki, iradənin tam şəkildə həyata keçirilməsində məmurlarda yeni bir şəraitə uyğunlaşma qorxusu var. Həmin qorxu da bu prosesi ləngidir. Bizim artıq vaxtımız yoxdur. Biz, hətta buna çoxdan gecikmişik. Şərqi Avropa ölkələri sosializmdən çıxdıqdan sonra, iyirimi il bundan əvvəl artıq bu sistemdən çoxdan keçib. Bunun üçün sistem tamamilə dəyişdirilməlidir. Məmurun birini çıxarıb yerinə yenisini təyin etmək heç bir dəyişikliyə gətirib çıxarmır. Bu maneələr aradan tez bir zamanda qalxmalıdır, çünki biz onsuz da dünya bazarında baş verən rəqabət məsələlərində geridəyik”, - deyə Atakişiyev fikrini yekunlaşdırıb.

Geri qayıt