Əsas Səhifə > Partiya, Güney Press > Hələlik Rusiya sülhməramlılarına səbir etməliyik
Hələlik Rusiya sülhməramlılarına səbir etməliyik19-04-2021, 08:23 |
1992-ci ilin əvvəlində - Azərbaycanın müstəqil dövlətçiliyinin hələ körpəlik çağlarını yaşadığı həm daxili, həm də xarici geosiyasi durum baxımından çox mürəkkəb və ziddiyyətli dövrdə ölkənin qanunvericilik orqanının rəhbəri olmaqla yanaşı, Prezident səlahiyyətlərini icra etmiş Yaqub Məmmədovla “Həftə içi” üçün söhbətimizdə Qarabağ məsələsi, Ermənistana, beynəlxalq təşkilatlara, ölkə ərazisində olan Rusiya ordusuna münasibət və s. məsələlərin müqayisəli təhlilini aparmağa çalışdıq. - Yaqub müəllim, bildiyiniz kimi, Ali Baş Komandan, Prezident İlham Əliyev son çıxışlarında da ATƏT-in Minsk Qrupunun fəaliyyətini tənqid edərək onlardan yeni təkliflər gözlədiyini açıqladı. Bunun ardınca hər üç ölkədən olan həmsədrlər birgə bəyanat verərək, sanki varlıqlarını sübut etməyə çalışdılar. Hakimiyyətdə olduğunuz dövrdə və sonrakı illərdə həmin qurumun fəaliyyətinə, daha doğrusu fəaliyyətsizliyinə şahid olan bir siyasət adamı kimi bu mövzuda nə deyə bilərsiniz? - Prezident İlham Əliyevin dediyi kimi, ATƏT 30 ildə Azərbaycana, ayrıca Qarabağa gəldi-getdi, nə iş gördü ki? Son iki ildə isə onlar ümumiyyətlə, fəaliyyətsiz olub, heç bir iş görməyiblər. 44 günlük müharibə dönəmində, nə də sonra konkret olaraq ədalətli bir addım atmadılar. Müharibədən sonra isə yalnız bir dəfə gəldilər Bakıya – Prezident tutarlı cavablarını verdi, çıxıb getdilər. Yaxşı, işə başlamaq istəyirlərsə, qoy başlasınlar, görək indi nə iş görürlər. Əvvəlki kimi fəaliyyət göstərəcəklərsə, təbii ki, onların bu işə qoşulmasının Azərbaycan üçün, dünya üçün nə mənası olacaq ki? - Həmsədrlər son bəyanatları ilə belə təəssürat yaradırlar ki, guya minalanmış sahələrin xəritələrini Ermənistandan alıb bizə verə bilərlər? - Əgər alıb-verə bilirlərsə, versinlər. Axı onu da etməyəcəklər. İlham Əliyevin də çıxışlarında dediyi kimi, biz beynəlxalq bir qurum olaraq Minsk Qrupundan tam imtina etməmişik. Gözləyirik ki, konkret bir iş görsünlər, səmərəli fəaliyyət göstərsinlər, son 30 ildəki kimi yox... Bunlar onu etməsə də, BMT bu məsələyə qoşulmalıdır və Ermənistan yekun sülh müqaviləsi bağlamağa məcbir edilməlidir. Bununla da bu münaqişə birdəfəlik həll olunmalıdır. Bütün o sual işarələrinə nöqtə qoymaq lazımdır. Əks halda, Ermənistandakı revanşist qüvvələr baş qaldırıb hakimiyyətə gəlsələr, yenidən vəziyyəti gərginləşdirə bilərlər. Odur ki, ya ATƏT-in, yaxud BMT-nin vasitəsilə, yaxud sadəcə, Türkiyə və Rusiyanın iştirakı ilə bu məsələni birdəfəlik bağlamaq gərəkdir... - Siz hakimiyyətdə olanda Ermənistanda da Levon Ter-Petrosyan prezident idi. Onunla danışıqlarda, ünsiyyətdə olmusuz, yəni siyasi xarakterinə bələdsiniz. Və bildiyiniz kimi, Ter-Petrosyanın rəhbərlik etdiyi siyasi təşkilat- Erməni Milli Konqresi də erkən parlament seçkilərinə qatılmağa hazırlaşır. Seçkilərdə onun şansını necə dəyərləndirirsiniz? - 1990-cı illərdə Ter-Petrosyan Qarabağ məsələsinin sülh yolu ilə həl olunmasının tərəfdarı idi. Mən Azərbaycan Prezidenti səlahiyyətlərini icra edən dövrdə telefon danışıqlarımızda və 1992-ci ilin mayında Tehrandakı sülh danışıqlarında da şəxsən mənə də bildirmişdi ki, o, məsələnin qansız-qadasız danışıqlar yoluyla həllinin tərəfdarıdır. Həmin danışıqlarda imzaladığımız memorandumda da qeyd olunmuşdu ki, hərbi əməliyatlar dayandırılsın və siyasi-diplomatik yollarla problem həllini tapsın. Hətta Şuşanın işğalından sonra da o, mənimlə telefon danışığında bildirdi ki, mən qətiyyən bunun əleyhinəyəm və çalışacağam ki, Şuşanı işğal etmiş qüvvələr oradan çıxsın. Sonralar Heydər Əliyevlə görüşündə də Ter-Petrosyan bu niyyətini etiraf etmişdi. Təəssüf ki, xaricdə və daxildə məsələnin həllini istəməyən və hakimiyyətə can atan qüvvələr buna imkan vermədilər. Bildiyiniz kimi, Köçəryan və Sərkisyan başda olmaqla Qarabağ klanı çevriliş edib Ter-Petrosyanı hakmiyyətdən uzaqlaşdırdılar... Hər halda Ermənistanda da hazırda seçkilərdə iştiraka hazırlaşan qüvvələr arasında Qarabağ məsələsinə daha praqmatik, real yanaşan Ter-Petrosyan olub. O da alimdir, böyük siyasi təcrübəsi var. Hər halda mən ona müsbət xarakteristika verə bilmərəm. Ermənilərə etibar etmək olmaz, üzdə bir söz deyirlər, əməldə başqa iş görürlər. Bütün hallarda o, hakimiyyətdə olduğu dövrdə də, son illərdəki çıxış və müsahibələrində də bildirib ki, müharibə tərəfdarı deyiləm, daxildə mənə tabe olmayan qüvvələr vəziyyəti gərginləşdirirlər... - Yəni deyirsiniz, seçkilərdə müəyyən faiz qazana bilər? - Bəli, çox güman ki, qazana bilər. Onun rəhbəri olduğu Ermənistan Milli Konqresinin ölkədə müəyyən nüfuzu var. O birilər - Robert Köçəryan və ya Vazgen Manukyan kimi revanşistlər parlamentdə çoxluq qazansa, vəziyyət gərginləşə bilər... Bu erməni tayfasının ağlını, sanki Allah başlarından alıb. 44 günlük müharibədə başlarına “Dəmir yumruq” yaxşı dəydi, ancaq yenə də ayılıb gerçək çıxış və inkişaf yollarının Azərbaycan və Türkiyə ilə sülh və dinc qonşuluq şəraitində yaşamaqda olduğunu anlamır, əksinə, yenə də revanşist, radikal, türkə-fob, Azərbaycana-fob çıxışlar edirlər. Ermənilər başa düşmür ki, indi artıq o dövr deyil -1990-cı illərin əvvəli deyil. Azərbaycanın sabit dövlətçiliyi, nizami ordusu, güclü texnikası olmayan, daxilində hərc-mərclik olan vaxtı deyil. İndi tamamilə başqa güclü dövləti, güclü ordusu, güclü iqtisadiyyatı olan Azərbaycan var. Ermənistandakı bədbəxtlər hələ də 1990-cı illərin abı-havasıyla yaşayırlar. Azərbaycan torpaqlarının bu 30 illik işğalı sayəsində nə qazandılar? Ermənistanın iqtisadiyyatı çökdü, əhalisinin yarısından çoxu ölkədən köçdü, səfalət, işsizlik baş alıb getdi... - Hakimiyyətdə olduğunuz dövrdə Rusiya Müdafiə Nazirliyinin rəhbərləri, ordu komandanlığıyla da ünsiyyətdə olmusuz. Sizcə, hazırda sülhməramlı adı altında Qarabağ torpaqlarımızda yerləşən, amma təəssüf ki, öz rəsmi missiyalarından kənara çıxaraq suverenliyimizə təhdid yaradan müxtəlif işlərlə məşğul olan Rusiya hərbi kontingenti ilə necə rəftar etməliyik? - O vaxt Azərbaycanda sülhməramlılar yox idi, amma Rusiya qoşunları hələ də Azərbaycanda idi. Rusiya Müdafiə Nazirliyinin 4-cü ordusu burada idi. Gəncədə iki diviziya, Qarabağda 366-cı alay var idi. Həmin alay Xocalı soyqırımında ermənilərə dəstək vediyinə görə biz onun çıxaırılmasını tələb etdik və buna nail olduq. Ancaq görünür, o alay Xankəndindən çıxanda silah-sursatlarının çoxunu ermənilərə qoyub getdiklərindən onlar sonradan Şuşanın, Laçının işğalında həmin silah-sursatdan istifadə etdilər... Onu da deyim ki, həmin dövrdə ölkəmizdə olan Rusiya ordusunun komandanlığı və zabitləri arasında Azərbaycana rəğbəti olanlarla yanaşı, düşmən münasibətdə olanlar da vardı. Məsələn, Gəncədə iki diviziya var idi, onlardan birinin komandirinin bizə münasibəti yaxşı idi. Sonradan -1992-ci ilin yayındakı uğurlu Ağdərə əməliyyatında bizim orduya güclü dəstək də vermişdi. Ancaq o birisi tamamilə əks mövqedə idi. Yəni, yəqin ki, hazırda Qarabağda olan Rusiya sülhməramlıları arasında da Azərbaycanı istəyən və istəməyənlər var. Bunları nəzərə almaq lazımdır... - Belə çıxır ki, hələlik Rusiya ordusunun Qarabağdakı fəaliyyətinə səbir nümayiş etdirməliyik? - Hələlik başqa yolumuz yoxdur. Hazırkı atəşkəs Rusiya rəhbərliyinin təşəbbüsü və vasitəçiliyi ilə əldə olunub. İndi biz necə tələb edə bilərik ki, çıxın gedin. Razılaşmaya görə, yalnız 5 ildən sonra Rusiya hərbçilərinin Qarabağdan çıxması məsələsinə baxmaq olar. Gözləyək görək, bu 5 ildə hansı proseslər gedəcək. Əgər həmin müddətdə Qarabağda tam sabitlik yaransa, köçkün soydaşlarımız oraya köçsə və orada ermənilərlə dinc yanaşı yaşayışa başlasa, o halda sülhməramlıların çıxması məsələsini qoymaq olar... - Ən təhlükəli və qorxulu məsələ Laçın dəhlizindəki sərhəd-keçid məntəqəsinin bizim nəzarətimizdə olmamasıdır. Yəni ermənilərin oradan kimləri, nələri ərazimizə keçirdiyini bilmirik. Siz 1988-1990-cı illərdə siyasi meydanda olmuş biri kimi Laçın dəhlizinin strateji əhəmiyyətini də yaxşı bilirsiniz... - Bəli, elədir. Bilirsiniz, o məsələ haqda müxtəlif fikirlər səslənir. Mən dəqiq bilmirəm Laçındakı sərhəd məntəqəsinə Azərbaycanın nəzarəti var, ya yoxdur. Hesab edirəm ki, o məntəqəyə bizim nəzarətimiz mütləq olmalıdır. Rusiya sülhməramlılarıyla paralel müstəqil dövlət kimi bizim də orada sərhəd, gömrük xidməti və digər xidmətlərimizin nəzarəti təşkil edilməlidir. Ora açıq qapı olmamalıdır. Buna yol vermək olmaz... Geri qayıt |