Əsas Səhifə > Partiya, Güney Press > "Rəsmi Bakı Ermənistanda seçkilərin pozulmasında yox, tezliklə yekunlaşmasında maraqlıdır"
"Rəsmi Bakı Ermənistanda seçkilərin pozulmasında yox, tezliklə yekunlaşmasında maraqlıdır"1-06-2021, 09:33 |
Ermənistanda dövlət böhranı yaşanır. İyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkiləri yaxınlaşdıqca bu böhran daha da dərinləşir. Düşmən ölkə iddia edir ki, Azərbaycan Ermənistandakı seçki prosesinə müdaxilə edir. Bunu işğalçı ölkədə müvəqqəti olaraq baş nazir vəzifəsini icra edən Nikol Paşinyan da çıxışında səsləndirib. Deyib ki, Bakı onun partiyasının parlament seçkilərində qələbəsində maraqlı deyil. O, bu fikri bazar günü rəhbərlik etdiyi partiyasının fəalları ilə görüşdə söyləyib. Paşinyan hesab edir ki, Ermənistandakı növbədənkənar parlament seçkilərinin nəticələrinə təsir göstərmək üçün Azərbaycan sərhəddə gərginlik yaradır. Politoloq Elxan Şükürlü Azərbaycanın burada maraqlı olduğunu düşünür: “Rəsmi Bakı Ermənistanda seçkilərin pozulmasında yox, tezliklə yekunlaşmasında maraqlıdır. Çünki Azərbaycan müharibədə Ermənistanı məğlub edib və bu məğlubiyyət faktını da tezliklə sülh sazişinə çevirmək istəyir. Bunun üçünsə müharibədən sonra Ermənistanda legitim, erməni xalqının seçdiyi bir hakimiyyət olmalıdır ki, Azərbaycanla sülh danışıqlarını apara bilsin. Odur ki, Azərbaycanın Ermənistandakı seçkilərin pozulmasında maraqlı olduğunu iddia etmək gülüncdür. Ermənistandakı seçkinin pozulmasında o qüvvələr maraqlıdır ki, müharibənin nəticələrindən narazıdırlar və seçkidə də qalib gələcəklərinə əmin deyillər. Ancaq şübhəsiz ki, Azərbaycanın Ermənistandakı seçkidə qalib gəlməsini istədiyi namizədlər var. Bunlar da o namizədlərdir ki, yenidən savaş istəmirlər, sülh sazişinin imzalanmasında, Azərbaycan və Türkiyə ilə sərhədlərin açılmasını və normal münasibətlər qurulmasını istəyirlər. Bu namizədlər isə Paşinyan, Levon Ter-Petrosyan və Vanetsyandır. Revanşistlərin - daşnakların namizədi Köçəryan Azərbaycan üçün arzuolunan namizəd deyil, çünki onun baş nazir seçilməsi sülh danışıqlarını uzada bilər. Onun da əsas dəstəkçisi Rusiyadır ki, Rusiya özü seçkilərin tezliklə baş tutmasında və sülh danışıqlarının aparılmasında maraqlıdır. Bu səbəbdən, düşünürəm ki, Rusiya üçün indi ilkin məqsəd Köçəryan və komandasının müəyyən səs faizi ilə parlamentə keçidini təmin etmək və ondan gələcək baş nazirə təzyiq aləti kimi istifadə etməkdir. Hazırda sərhədlərdəki gərginlik Köçəryana bu səs faizini qazandırmaqda kömək edir və məncə, əsas gərginlik katalizatoru kimi də Köçəryanın ordudakı tərəfdarları çıxış edir”. AĞ Partiya başqanının I müavini Əhəd Məmmədli: “Böyük dövlətlərin kiçik dövlətlərin daxili işlərinə qarışmaları təbiidir. Hətta bəzi hallarda böyük dövlətlərin belə daxili işlərinə qarışılır. Bu da həmin ölkələrin xarici siyasətinin geniş istiqamətlərindən xəbər verir. Azərbaycanın da daxili işlərinə çox qarışılıb, bundan sonra da qarışacaqlar. Amma Azərbaycan 44 günlük savaşda dünya ölkələri sırasında daha da üst mərtəbələrə çıxdı. Bu baxımdan da ölkəmizin qonşu ölkələrin həyatına təsiri daim olacaq. Söhbət təbii təsirlərdən gedir. Hazırda Azərbaycanın bunun üçün kifayət qədər riçakları var. Ermənistan nə qədər ki, böhrandan çıxmayacaq, bu, rəsmi Bakının maraqlarına tam cavab verəcək. Onun üçün də bu cür xəbərlərin çıxmasını pozitiv qəbul etmək lazımdır. Azərbaycan da bu qarışıqlıqdan yararlanmalı, Qarabağ məsələsini birdəfəlik həll etməli və Zəngəzur məsələsində irəliləməlidir, həmin dəhliz açılmalıdır”. “Yeni Müsavat” Geri qayıt |