Əsas Səhifə > Partiya, Güney Press > "Paşinyanın seçilməsi erməni cəmiyyətinin məğlubiyyətlə razılaşmasıdır"
"Paşinyanın seçilməsi erməni cəmiyyətinin məğlubiyyətlə razılaşmasıdır"23-06-2021, 08:30 |
Ermənistandakı revanşist qüvvələr, konkret olaraq “Qarabağ klanı” növbədənkənar parlament seçkilərində məğlub oldu. Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli Reyting.az-a müsahibəsində deyib ki, Ermənistanın sabiq prezidenti cinayətkar Robert Köçəryan və onun komandasının məğlubiyytində Azərbaycanın döyüş meydanındakı qələbəsi mühüm rol oynayıb: - Ermənistanda Nikol Paşinyanın liderlik etdiyi siyasi qüvvənin qələbəsi əslində, xalqın Robert Köçəryan və “Qarabağ klanı” adlandırılan tör-töküntülərə nifrətinin sayəsində baş tutub. Söhbət Paşinyana sevgidən deyil, hərbi cinayətkarlara nifrətdən gedir. Düşünürəm ki, separatçı hərbi cinayətkarların Ermənistanda hakimiyyətə gəlməməsi Azərbaycanın maraqlarına tam uyğundur. Qarabağ problemini ortaya atmaqla erməni xalqına fəlakətlər yaşadan məhz Köçəryan-Sarkisyan xəttidir. İndi əhali bu qüvvələrə dəstək vermirsə, deməli, Azərbaycanla əməkdaşlıq haqqında düşünür. Nəzərə alın ki, Köçəryan, Sarkisyan və onların tərəfdarı olan digər cinayətkarlar müharibə ilə bağlı bəyanatlar verir, Şuşa və Hadrutu geri alacaqları kimi illuziyalarla çıxış edirdilər. Amma xalq seçkidə onlara dəstək vermədi. O ayrı məsələdir ki, Azərbaycandakı siyasətçilərin açıqlamasını, diplomatik fəaliyyətini ermənilər də müşahidə edirdi. Onlar gördü ki, revanşistlər hakimiyyətə gəlsə daha ağır durumla qarşılaşa, müharibə olacağı təqdirdə isə Azərbaycandan daha ağır zərbələr ala bilərlər. Odur ki, 44 günlük müharibə revanşist qüvvələrin hakimiyyətə yolunu bağladı. Paşinyanın seçilməsi erməni cəmiyyətinin məğlubiyyətlə razılaşmasıdır. Köçəryanın seçkini udması ermənilərin məğlubiyyətlə barışmadığını ortaya qoyardı. Gördüyünüz kimi, erməni seçici Paşinyana “hə” dedi. - Azərbaycan uzun illərdir ki, Ermənistanı regionda sosial-iqtisadi layihələrdən faktiki olaraq təcrid etmişdi. Bu səbəbdən də Ermənistanda iqtisadi problemlər yaranmışdı, ən azından regional layihələrdən kənarda qalmaqla ölkə böyük vəsaitlər itirirdi. Ermənistan cəmiyyətinin ayağa qalxaraq revanşistlərə dəstək verməməsində iqtisadi problemlər və reallıqlar nə dərəcədə rol oynayıb? - Sözsüz ki, Azərbaycan Qarabağ problemi və işğal faktı ilə barışmadı. Ermənistan məhz Azərbaycanın uğurlu siyasəti sayəsində regional və qlobal layihələrdən kənarda saxlanıldı. Bu, Ermənistana ciddi zərbə və təzyiq oldu. Yəni Ermənistanın keçmiş siyasətçilərinin separatçılıq və təcavüzkar siyasəti Azərbaycanı belə uzaqgörən addımlar atmağa məcbur etmişdi. Odur ki, son 30 ildə Ermənistanda ciddi sosial-iqtisadi problemlərin olması həm də bu ölkənin regional layihələrdən təcrid edilməsi ilə bağlı idi. Erməni xalqı bu siyasətin də revanşistlər sayəsində ortaya çıxdığını gördülər. Odur ki, bu seçkilərdə onlara etimad göstərilmədi. İkincisi, Nikol Paşinyan hakimiyyətə gələndə iqtisadi vədlər vermişdi. Amma bunlar mif oldu. Sübut olundu ki, Ermənistanda iqtisadi-sosial problemlərin bir səbəbi də Azərbaycan və Türkiyə ilə münasibətlərin olmaması ilə bağlıdır. Bəli, İran kifayət etmir, Gürcüstanın da o qədər potensialı yoxdur, Rusiya ilə birbaşa əlaqə mövcud deyil və s. Ermənistan nə vaxta qədər diasporun pulu ilə yaşayacaq? Artıq işğaldan azad edilən ərazilərimizdən qızıl çıxara, mineral sualarımızı istismar edə bilmirlər. Getdikcə də gəlirləri azalır. Erməni xalqı da dərk edir ki, Türkiyə və Azərbaycansız iqtisadi artıma nail ola bilməyəcəklər. Bu mənada şübhə etmirəm ki, Zəngəzur dəhlizinin açılması, iqtisadi əlaqələrin qurulması qaçılmaz olacaq. Əminəm ki, bir neçə aydan sonra Ermənistan Azərbaycana və Türkiyəyə yalvarmağa başlayacaq. Nəinki sərhədləri bağlamaq, türk məhsullarına sanksiyalar qoymaq işə yarayacaq, əksinə, özləri deyəcək ki, gəlin, mehribanlaşaq. Erməni xalqı həm də iqtisadi problemlər səbəbindən Köçəryan və Sarkisyan cütlüyünə etimad göstərmədi. Bu məsələnin iqtisadi tərəfinə baxdıqda, burada Azərbaycanın atdığı uzaqgörən addımlar xüsusilə qeyd oluna bilər. Odur ki, erməni xalqı həm də ayağa qalxaraq Sarkisyan və Köçəryana qarşı dirəniş göstərdi. - Nikol Paşinyanın Qərbə bağlı olduğu, zamanında Soros Fondu ilə əlaqələri sirr deyil. Bu barədə nə deyə bilərsiniz? - Paşinyan jurnalist fəaliyyətindən bu yana qərbpərəst olub. Soros Fondunun tədbirlərində də iştirak edib. Yəni bu adamın siyasi dünyagörüşü hər halda Qərb təfəkkürü ilə bağlıdır. Amma eyni zamanda, Rusiyaya 10 noyabr razılaşmasına imza atan şəxsin bunu icra etməsi də lazımdır. Rusiyaya Azərbaycan və Türkiyə ilə problem yaratmağa ehtiyac yoxdur. Deməli, 10 noyabr razılaşması yerinə yetirilməsə Rusiya nüfuzdan düşür, imici korlanır, münasibətlər pisləşir və s. Sözsüz ki, Zəngəzur dəhlizi vasitəsilə Rusiyanın çıxışlar əldə etmək marağı var. Təsəvvür edin ki, Qara dənizdən çıxışda Rusiya gəmilərinə məhdudiyyətlər qoyulur. Sabah bunun daha da çətinləşib-çətinləşməyəcəyinə zəmanət yoxdur. Amma Zəngəzur dəhlizi vasitəsilə ruslar Aralıq dənizinə qədər gedə bilir. - Sizcə, Ermənistandakı seçki prosesini Qərb uddu, yoxsa... - Şübhəsiz ki, Köçəryan-Sarkisyan cütlüyündənsə, Paşinyanın hakimiyyətdə qalması Qərb üçün daha əhəmiyyətlidir. Əsas uduş ondan ibarətdir ki, NATO üzvü kimi Türkiyənin regionda iştirakı rəsmiləşdi. Əslində Rusiyanın iştirakçılığına alternativ yarandı. İndi Türkiyədə regiondadır, üstəlik, Türkiyənin iştirakı ilə Qərb alternativ regionda da mövcuddur. Qərbə burada Rusiyaya alternativ lazımdır. İndiki halda Paşinyan çalışacaq ki, xarici siyasətdə pariteti saxlasın. Yəni Rusiya ilə müəyyən münasibətlər saxlayacaq, amma əsas addımlar Qərbin xeyrinə atılacaq. Bu baxımdan Ermənistan formal olaraq KTMT-də qalacağını, Rusiya ilə münasibətləri inkişaf etdirəcəyini desə də, mahiyyətcə qərbyönümlü siyasət yürüdəcək. Bəli, Paşinyan ölkəsində seçki keçirdi, Rusiyanın kobud müdaxiləsi müşahidə edilmədi və Qərb də qalib gəldi. - Xaricdən dəstək alan, böyk maliyyə resursları olan və bu seçkidə uduzan “Qarabağ klanı”nın perspektivinə necə baxırsınız? - Bu seçkilər göstərdi ki, onların siyasi perspektivi yoxdur. Onlar iki seçkidə Paşinyana uduzublar. Erməni xalqının onlara nifrəti ortadadır. Revanşist qüvvələrin fikir və ideyalarnı erməni xalqı dəstəkləmədi. Bu da onların perspektivinin olmadığını göstərir. Geri qayıt |