Əsas Səhifə > Partiya, Güney Press > “Bu, korrupsiyaya yol aça, cəmiyyətdə narazılıq yarada bilər, çünki...”

“Bu, korrupsiyaya yol aça, cəmiyyətdə narazılıq yarada bilər, çünki...”


3-08-2021, 10:08
“Bu, korrupsiyaya yol aça, cəmiyyətdə narazılıq yarada bilər, çünki...”
Son günlər vaksinasiya prosesi ilə bağlı bir-birinə zidd standartlar formalaşıb. Dünyanın bir hissəsində vaksin olunmamaq üçün etirazlar baş qaldırdığı halda, bir qisim ölkələrdə peyvəndləmənin daha da intensiv aparılması üçün stimullaşdırıcı aksiyalar həyata keçirilir.

Qeyd etmək yerinə düşər ki, hazırda Fransada koronavirus infeksiyasına qarşı məcburi peyvənd tədbirlərinin genişləndirilməsinə qarşı aksiyalar keçirilir. “Le Figaro” qəzeti yazır ki, ölkə daxilində keçirilən mitinqlərdə 204 min 90 nəfər iştirak edib. Təkcə Parisdə 14 mindən çox etirazçı çıxıb. Nəşr zorakılıq dərəcəsinin artmasına da diqqət çəkib. Etirazçılar gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edən təhlükəsizlik qüvvələri ilə toqquşub.

Yalnız Fransada deyil, İsveçrənin Luzern şəhərində də eyni vaxtda iki etiraz aksiyası keçirilib. Aksiyaların birində peyvənd əleyhinə, digərində isə hökumətin karantin rejimi ilə bağlı tətbiq etdiyi qərara etirazlar səsləndirilib. Nümayiş zamanı bir polis əməkdaşının yaralandığı bildirilir. Aksiyalarda ümumilikdə 5 mindən çox insan iştirak edib.

ABŞ və Britaniyada isə vaksin olunan gənclərə maddi hədiyyələr edilir. ABŞ-da vaksin olunanlara 100 dollar verilir, Britaniyada isə gənclərə vaksin olunmaları halında restoranlarda endirim, pulsuz pitsa təklif edilir. Gənclər vaksinasiya məntəqəsinədək ödənişsiz taksidən istifadə edərək gələ biləcək, peyvənd olunduqdan sonra isə pulsuz pizza alacaq və ya evə qida sifarişi üçün endirim əldə edəcəklər. Krallığın Səhiyyə və Sosial İşlər Nazirliyi tərəfindən aparılan kampaniya gənclər arasında vaksinasiyanın stimullaşdırılması məqsədi daşıyır.

Qeyd olunur ki, Britaniyada yaşı 18-25 arasında olan 2.5 milyon nəfər hələ də peyvənd vurdurmayıb.

Rusiyanın “Skolkovo” Elm və Texnologiya İnstitutunun professoru Dmitri Kulish isə bildirib ki, insanları vaksinləməyə cəlb etmək lazımdır: “Rusiyada, bildiyiniz kimi, bir çox yerlərdə peyvənd olunmaq istəyən insanlara artıq müxtəlif yollarla dəstək verilir. Bir yerdə mükafatlar verirlər, bir yerdə daha yaxşı iş şəraiti ilə təmin edirlər - bu tamamilə qanunidir və haqlı olaraq aparılır. Buna baxmayaraq, peyvənd əleyhinə fikirlər hələ də var. Ruslardan utanıram, çünki bu hissləri nümayiş etdirirlər. Təəssüf ki, kollektiv məsuliyyət qaydalarına görə rusların ən azı yarısı peyvənd olunana qədər hamımız maska taxacağıq”.

Yeri gəlmişkən, smartfonlar, düyməli telefonlar, televizorlar, ağıllı saatlar, məişət texnikası satan Rusiya şirkəti BQ, əhali üçün peyvənd proqramını dəstəklədiyini açıqlayıb. BQ rəsmi olaraq COVİD-19 əleyhinə peyvənd edilən rusların BQ məhsullarına 40% -dək endirim etdiyini deyib. Bir peyvənd sertifikatınız varsa, “StopCovid” promo kodunu daxil edə və endirimləri əldə edə bilərsiniz.

Bəs görəsən, bu metodları Azərbaycanda da tətbiq etmək olarmı? Gənclər arasında vaksinləşməni genişləndirmək üçün Azərbaycanın təklifləri nə ola bilər?

Məsələ ilə bağlı millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a danışıb: “Bizdə də mümkündür, amma bunu qətiyyən etmək olmaz. 10 nəfərə verəcəklər, yüz nəfərin də adını siyahıya yazıb pulunu götürəcəklər. Büdcədən əlavə pullar xərclənəcək. Belə məsələlər bizdə, ümumiyyətlə, korrupsiya alətinə çevrilir. Bu cür məsələlərdə hər hansı prosedur həyata keçirilməsi cəmiyyətdə narazılıq yarada bilər. Vaksinasiya prosesinə necə başlamışıqsa, elə də davam etməliyik. İnsanlar bir-birilərinə başa salmalıdırlar ki, bunun vurulması vacibdir. Bundan sonra gedişatda olacaq məsələlərə baxarıq”.

Deputat, “vaksin olunmamaq üçün həkimlərə pul verənlər də az deyil, bəs bunlarla nə etməli” sualına da cavab verib: “Azərbaycanlıları harasa göndərəsən, başqa bir rəhbər gətirsən, deyəsən ki, yeni qaydalarla hərəkət et. Sirr deyil ki, minlərlə insan Dağıstandan pulunu verib, diplom gətizdirdi. Bu gün həqiqi təhsil alanlar kənarda qalıb, təhsil almayanlar vəzifə başındadır. Yoxlamısız ki, vəzifədə olan xeyli insanların böyük əksəriyyətinin diplomu saxtadır?! Araşdırılsa, heç biri qrup yoldaşını tapa bilməz. Bir nəfər göstərsin ki, bu qrup yoldaşımdır. Universitetdə 5 il oxumusansa, heç olmasa 50 nəfər qrup yoldaşın olmalıdır. Yəni bu kimi məsələlərin yanında vaksinasiya xırda məsələdir. Bizim özümüzlə bağlı olan ciddi bir problemli məsələdir. Hesab edirəm ki, bir sıra məsələlərə üzdən yanaşmağa məcburuq. Mədəni məsələlərə yanaşmada həqiqətən böyük problemlərimiz var. Cəmiyyətin sosial dirəniş motivasiyası çox aşağı səviyyədədir. Belə məsələlərdə də narazılıq özünü büruzə verir”.
“Yeni Müsavat”



Geri qayıt