Əsas Səhifə > Partiya, Güney Press > “Cinayət Məcəlləsinin sovet təsirlərindən qurtulmasına ehtiyac var”
“Cinayət Məcəlləsinin sovet təsirlərindən qurtulmasına ehtiyac var”13-11-2021, 08:44 |
“Azərbaycanda məhkumların saxlanması üçün ayrılan vəsait azaldıla bilər. Çünki hər bir məhbusun cəzaçəkmə müəssisələrində saxlanılması vəsait tələb edir”. Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib. “Gələcəkdə ağır cinayət törətməyən məhbusların evdə və digər yerlərdə saxlanılması məsələsinə də baxıla bilər. Biz bununla da xərclərimizi azalda bilərik. Bununla bağlı qanunvericiliyə də müvafiq dəyişikliklər edilib”, - nazir vurğulayıb. Onun bu təklifi ekspertlər tərəfindən də dəstəklənib. Bu şəkildə həm dövlət büdcəsi üzərindəki həbsxanaların saxlanılması yükü bir qədər azala bilər, həm də yüngül cinayət törədənlər həbsxanalara düşüb oradakı mühitin təsiri ilə islah olmaq əvəzinə daha qatı cinayətkara, potensial qatilə dönüb illər sonra cəmiyyətə qatılmazlar. Ev həbsində onların üzərindəki sabit məhkum damğası da daha zəif olar və adaptasiya prosesində çətinlik çəkməzlər. Mövzu ilə bağlı şərh verən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycanda məhbusların sayı və ümumiyyətlə, Cinayət Məcəlləsində olan müddəalarının dəyişdirilməsi bir neçə illərdir müzakirə mövzusudur: “Təbii ki, Azərbaycanda ilk növbədə bu addımı atmaq üçün Cinayət Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsinə ehtiyac var. Yüngül və az ağır cinayətlərlə bağlı ola bilər ki, cərimə sistemi tətbiq edilsin. Bəzi ölkələrdə olduğu kimi cərimələr tətbiq oluna və ya məhkəmə xərclərinin həmin şəxsin üzərinə qoyulması yolu ilə çəkindirici addım kimi maliyyə sanksiyaları ola bilər. Təbii ki, ev həbsi və yaxud elektron qolbaqların tətbiqi də mümkündür ki, bir çox ölkələrin praktikasında da bu xərclərin xeyli azalmasına gətirib çıxarıb. Hətta yüngül və az ağır cinayətlər törətmiş şəxslərə böyük maliyyə sanksiyalarının tətbiqi ilə məhkəmə sistemində və hüquq-mühafizə orqanları sistemində müəyyən dərəcədə büdcə yükünün azaldılmasına nail olmaq olar. Yəni xərclərin bir hissəsinin həmin cərimələr vasitəsilə ödənilməsi mümkündür. Amma dediyim kimi, bunun üçün ilk növbədə Cinayət Məcəlləsinə ciddi dəyişikliklərin olunmasına ehtiyac var. Ümumiyyətlə, Cinayət Məcəlləsinin sovet təsirlərindən qurtulmasına ehtiyac var. Çünki bir çox müddəalar ya sovetin təcrübəsinə, ya da Rusiya qanunvericiliyinə əsaslanıb. Cinayət Məcəlləsinə yenidən baxılmasına və yeni yanaşmanın ortaya qoyulmasına ehtiyac var”. Hüquq müdafiəçisi Çingiz Qənizadə də bildirdi ki, bu fikri dəstəkləyir və həbsxanalarda həddindən artıq sıxlıq faktı var: “Samir müəllimin konkret bir sahə üzrə maliyyə yükünün ağırlığı ilə bağlı verdiyi açıqlama və narahatlıq başa düşüləndir və biz hüquq müdafiəçiləri olaraq bu fikri dəstəkləyirik. Uzun zamandır müəyyən yollar axtarılır ki, dövlətin müxtəlif sahələrdə lazımsız maliyyə yükü azaldılsın. Elə onlardan biri də pentensiar sahə ilə bağlıdır. Hazırda penitensiar sahədə çox böyük sıxlıq müşahidə olunur. Cənab prezidentin təşəbbüsü ilə verilmiş amnistiya aktın 16 min insana şamil ediləcəyi qeyd edilir. Amma onu da nəzərə almalıyıq ki, 3 min nəfər şəxs cəzaçəkmə müəssisəsindən azad olunacaq. Yerdə qalanların cəzası azaldılacaq və ya cəzanın digər növləri şamil olunacaq. Təxminən 3 min nəfər həbsxanalardan azad olunacaq, bu azdır. İndi ümid edirik ki, cənab prezident növbəti dəfə böyük bir əfv aktı imzalanacaq. Yenə də xeyli sayda insan cəzaçəkmə müəssisəsindən azad olunacaqlar. Amma bunlar fərdi addımdır. Ümumilikdə biz elə etməliyik ki, cəzaçəkmə müəssisələrinə daxilolmalar azalsın. Ona görə təbii ki, biz həm Cinayət Məcəlləsinə, həm Cinayət Prosessual Məcəlləsinə yenidən baxmalıyıq. İndiyə qədər iki ilə qədər sanksiyada həbs cəzası nəzərdə tutulmurdu, iki ildən az olmamaq şərtiylə nəzərdə tutulurdu. İki ildən az idisə onlar barəsində həbs qətimkan tədbiri seçilmirdi. Elə hesab edirəm ki, bu cəza müddətini artırmaq lazımdır. Yəni 2 yox, hardasa 3-5 ilə qədər həbs cəzası nəzərdə tutulan maddələrlə istintaq aparılırsa, onların haqqında qətimkan tədbirinin seçilməsi ən son günə, yəni məhkəmənin hökmü elan etdiyi günə qədər təxirə salınmalıdır. Şəxs azadlıqda olmalıdır, dəymiş zərərin ödənilməsinə çalışmalıdır və dövlət onun təminat yükündən azad olmalıdır. Bir də ehtiyatsızlıqdan törədilən cinayətlərlə bağlı məsələyə yenidən baxılmalıdır. Cəza məsələsinə yenidən baxmaq lazımdır. Ümumiyyətlə, kompleks şəkildə düşünülməlidir". Ç.Qənizadə vurğuladı ki, həqiqətən dövlətin bu sahədə maliyyə yükünü azaltmaq üçün biz qanunvericiliyə yenidən baxmalıyıq: “Məhkəmə istintaq təcrübəsində həbsli cəzaların və həbs qətimkan tədbirlərinin seçilməsində, eyni zamanda lazımsız yerə 4 ay müddətində həbs qətimkan tədbirlərinin seçilməsindən uzaq olmalıyıq. Çünki bəzən törədilən əmələ görə 4 aylıq həbs qətimkan tədbirinin seçilməsi başa düşülən deyil. O baxımdan bunlar hamısı təbii ki, yükdür. İstər istintaq təcridxanasında olanlar, istər barəsində hökm çıxarılanlar hamısı dövlət təminatındadır. Məhkumların sayı azalmalıdır və istintaq altında olan, barələrində həbs qətimkan tədbiri seçilib istintaqı gedən şəxslərin barəsində humanist addımlar atılmalı, dərhal həbs qətimkan tədbirinin seçilməsinə üstünlük verilməməlidir. Bunu da elə etmək lazımdır ki, şikayətçi və zərərçəkən tərəf dövlətdən və hüquq-mühafizə orqanlarından narazı qalmasın. Sadəcə, dəyən zərərin ödənilməsi üçün, törədilən cinayətin nəticələrinin aradan qaldırılması üçün insanlara müəyyən müddətə şans verilməlidir. Ən azı istintaqın həbssiz aparılıb, məhkəmənin hökmünə qədər onlara bu şəraitin yaradılmasını təmin etmək lazımdır. Amma ağır, xüsusilə ağır cinayətlər törədənlər var ki, təbii ki, burda tərəfin biri də Azərbaycan vətəndaşıdır, onlar narazı qalmasınlar deyə bu məsələyə həssas yanaşmaq, lazımi cəzaları təyin etmək olar. Ümumiyyətlə, ölkədə cəza siyasətinə yenidən baxılmalıdır”. “Yeni Müsavat” Geri qayıt |