Əsas Səhifə > Partiya, Güney Press > “Zas çalışacaq ki, ermənilərin azca da olsa, könlünü alsın və ya almağa çalışsın”

“Zas çalışacaq ki, ermənilərin azca da olsa, könlünü alsın və ya almağa çalışsın”


24-12-2021, 08:39
“Zas çalışacaq ki, ermənilərin azca da olsa, könlünü alsın və ya almağa çalışsın”
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas İrəvanda üçgünlük səfərdədir. Məsələ burasındadır ki, Belarus təmsilçisi olan KTMT baş katibindən İrəvanda narazıdırlar.

Səbəbi məlumdur: həm 44 günlük müharibədə, həm də bundan sonra iki dəfə sərhəddə baş vermiş qarşıdurmada Ermənistanın KTMT-ni bu münaqişəyə cəlb etmək istəyi alınmayıb. Eləcə də bu mövzuda rəsmi İrəvanın Belarus prezidenti Aleksandr Lukaşenkoya təsir etmək cəhdləri də faydasız olub. O səbəbdən KTMT-nin baş katibinin İrəvan səfəri diqqət çəkir.

Qeyd edək ki, Zas Azərbaycan-Ermənistan sərhədindəki gərgin vəziyyətdən narahatlığını bildirib. Zasın fikrincə, sərhəd məsələsi yalnız siyasi-diplomatik yolla tənzimlənməlidir: “Biz noyabrın 26-da Soçidə əldə olunmuş razılıqları dəstəkləyirik. Azərbaycanla Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsi üçün addımların atılması, həmçinin sərhədlərin müəyyənləşməsinə dair komissiyanın yaradılması istiqamətində işləmək lazımdır. Aydındır ki, gərginliyi azaltmaq üçün həmişəkindən daha ciddi tədbirlərə ehtiyac var”. Bəs ekspertlər nə düşünür, KTMT baş katibinin 3 günlük səfərinin anlamı ermənilərin könlünü almaq cəhdidirmi? Yeni qarşıdurma olarsa, KTMT-nin mövqeyi bu dəfə fərqli ola bilərmi?

DİA.AZ-ın məlumatına görə, hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, KTMT-nin baş katibinin İrəvan səfərindən hansısa ciddi nəticələr gözləməyə dəyməz: “Bu səfər, sadəcə, ilin sonuncu günlərinə təsadüf edir və Zas da özünə vəzifə borcu sayıb ki, Ermənistandakı təşkilata yönəlik çoxsaylı neqativ münasibəti bir qədər azaltsın. Heç kimə sirr deyil ki, Ermənistan son illərdə bu təşkilatı nüfuzdan salan addımlar atıb. Ermənistan nümayəndəsi Yuri Xaçaturov təşkilatın baş katibi olanda onun vəzifədən geri çağırılması və barəsində cinayət işinin qaldırılmasını yaxşı xatırlayırıq. Sonra isə hazırkı KTMT rəhbərinə qarşı demarşı da unudulmayıb. 2020-ci ildə Ermənistanın saysız-hesabsız avantüralarına KTMT-nin qarışmaması, Azərbaycanla baş-başa qalanda isə darmadağın olmasını Ermənistanda heç cürə yaddan çıxartmayıblar”. Ü.Cəfərov yuxarıda qeyd etdiyimiz məqamlara da münasibət bildirdi: “Bir fikri bölüşürəm: Zas çalışacaq ki, ermənilərin azca da olsa, könlünü alsın və ya almağa çalışsın.

Məndə zərrə qədər şübhə yoxdur ki, KTMT heç vaxt təşkilat formasında nə Rusiyaya, nə də onun Ermənistan kimi ”şestyorka"larına görə Azərbaycana qarşı addım atmayacaq. Diplomatik müstəvidə ola bilsin ki, hansısa bəyanat-filan səsləndirilsin. Amma praktiki şəkildə onların hər hansı addımı olmayıb və olmayacaq. Bunu anlamaq üçün o ölkələrin Azərbaycanla ikitərəfli əlaqələrinin hansı səviyyədə olmasına ötəri də olsa diqqət yetirmək kifayət edəcək. Nə Qazaxıstan, nə Belarus, nə Qırğızıstan və nə də adlarını çəkmədiyim respublikalar Azərbaycanla münasibətlərini avantürist Ermənistan siyasi-hərbi rəhbərliyinə görə korlamayacaq. KTMT, sadəcə, Rusiya Putini üçün bir formal “NATO” kimi təsəvvür edilir və onun adından başqa hər hansı bir faydası və faydalı iş əmsalı olmayıb və yoxdur, heç vaxt da olmayacaq. Rusiyada siyasi dəyişikliklərdən sonra yaxın zamanlarda bu təşkilat da özü-özünə dağılacaq və yaddan çıxacaq. Buna, sadəcə, bir balaca zaman, səbr etmək lazım olacaq".

Politoloq İlyas Hüseynov isə KTMT baş katibinin İrəvana üçgünlük səfəri zamanı Ermənistanın bir sıra yüksək vəzifəli rəsmiləri ilə görüşdüyünə diqqət çəkdi: “Ermənistan ötən ilin iyul hadisələrində, 44 günlük müharibədə, cari ilin may ayında, eləcə də 16 noyabr hadisələrində KTMT-nin fəaliyyətindən öz narazılığını ifadə edib. Xüsusilə qeyd etmək lazımdır ki, 44 günlük müharibədə KTMT-nin addımları rəsmi İrəvanı çox məyus etmişdi. Eyni zamanda Ermənistan çoxsaylı təxribatlar törətməklə Rusiyanın nəzarətində olan hərbi-siyasi bloku dəfələrlə regiona cəlb etməyə çalışsa da, öz istəyinə müyəssər ola bilməmişdi. Maraqlıdır ki, KTMT-nin üzv dövlətlərinin əksəriyyəti Azərbaycanı Vətən savaşından qazanılan tarixi qələbə münasibətilə bağlı təbrik edib”. Digər tərəfdən, İ.Hüseynov KTMT baş katibi Zasın Azərbaycan-Ermənistan sərhədindəki gərgin vəziyyətdən narahatlığını bildirməsinə də diqqət çəkdi: “Nəzərə almaq lazımdır ki, Zasın fikrincə, sərhəd məsələsi yalnız siyasi-diplomatik yolla tənzimlənməlidir. Yəni regionda olan problemlərlə bağlı hərbçilər yox, siyasətçilər məşğul olmalıdır. Brüssel görüşünün nəticələrinin rəsmi Moskvanı razı saldığını demək çətindir. Buna görə də dərhal sosial şəbəkələrin erməni seqmentində ilin sonuna kimi Moskvada üçtərəfli görüşün keçiriləcəyi ilə bağlı məlumatlar paylaşıldı. Növbəti raundun Moskvada olacağı heç kimdə şübhə doğurmur. Lakin KTMT-nin baş katibinin İrəvana səfəri də Moskva tərəfindən bir siqnal kimi dəyərləndirilə bilər”. Politoloq qarşıda duran vəzifələrdən də bəhs etdi: “Bu gün hər kəsə aydındır ki, sərhədlərin delimitasiyası işlərinə başlamaq ən ümdə vəzifədir. Bu kontekstdə Laçın dəhlizi ilə bağlı yaranan problemləri də aradan qaldırmaq olar. Digər tərəfdən, Fransada prezidentliyə namizədin müvəqqəti olaraq Azərbaycan ərazilərinə yerləşdirilmiş Rusiya sülhməramlılarının nəzarət zonasına gəlməsi də narahatverici məqamdır. Bu kimi təxribatların qarşısını almaq üçün Laçın dəhlizində Azərbaycan tərəfindən postların qurulması mütləq xarakter daşıyır. Rəsmi Bakının Brüsseldə irəli sürdüyü qarşılıq prinsipinin müəyyən olunması və buna adekvat tədbirlərin həyata keçirilməsi önəmli şərt kimi qəbul edilir”.

Geri qayıt