Əsas Səhifə > Partiya, Güney Press > "Bu, Rusiyanın çoxdankı istəyidir"
"Bu, Rusiyanın çoxdankı istəyidir"24-12-2021, 09:22 |
Rusiya Xarici İşlər Nazirliyinin münasibətlərin tənzimlənməsi üçün ABŞ-a və NATO-ya verdiyi saziş layihəsində Azərbaycanı maraqlandıran məsələ də var. Belə ki, təklif edilən layihəyə əsasən, NATO-nun şərqə doğru genişlənməyəcəyi, keçmiş SSRİ respublikalarının Alyansa qəbul edilməyəcəyi öhdəliyi götürülməlidir. Bu şərt indilikdə ən azı iki ölkəyə - Ukrayna və Gürcüstana aiddir. Aydındır ki, Qoşulmama Hərəkatında təmsil olunan Azərbaycanın yaxın illərdə NATO-ya üzv olmaq kimi iddiası yoxdur. Amma bu sənəd imzalanarsa, NATO artıq birmənalı öhdəlik götürmüş olacaq. Bunun isə Bakının gələcəkdə manevr imkanlarına, eləcə də NATO ilə birgə əlaqələrinə müəyyən təsirləri ola bilər. Demokratik Qüvvələrin Milli Şurası bəyanat yayaraq bildirib ki, Rusiyanın təqdim etdiyi “Regional təhlükəsizliyə dair yeni razılaşma” sənədində Azərbaycanın da dövlət müstəqilliyini təhdid edən müddəalar var: “Rusiyanın təqdim etdiyi təkliflərə əsasən, NATO və ABŞ Ukraynada, Qafqazda və Mərkəzi Asiyada özünün bütün hərbi fəaliyyətlərini dayandırmalı, sovet respublikaları olmuş müstəqil dövlətlərin NATO-ya üzv qəbul edilməyəcəyinə hüquqi təminat verməlidir. Bu təşəbbüs BMT-nin əsas prinsiplərindən olan xalqların öz müqəddəratını təyin etmə prinsipinə, Helsinki Yekun Aktının dövlətlərin suverenliyinin toxunulmazlığına dair prinsipinə və bütövlükdə beynəlxalq hüququn əsas prinsiplərinə ziddir. Azərbaycan, eləcə də sovet respublikası olmuş digər dövlətlər hazırda tam müstəqil dövlətlərdir. Rusiyanın bu təkliflərlə keçmiş sovet respublikalarını faktiki öz nüfuz dairəsi elan etməsi bütün bu dövlətlərin, o cümlədən Azərbaycanın dövlət müstəqilliyini və suverenliyini məhdudlaşdırmaq cəhdidir. Heç bir xarici dövlət, o cümlədən Rusiya Azərbaycanın digər ölkələrlə hərbi əməkdaşlığını məhdudlaşdıra, ölkəmizin NATO-ya və ya başqa bir müdafiə ittifaqına birləşməsinə veto qoya bilməz. Hərbi tərəfdaş və müttəfiq seçmək Azərbaycan dövlətinin müstəsna hüququdur. Biz Rusiya rəhbərliyini Azərbaycanın və digər dövlətlərin müstəqilliyinə hörmət etməyə çağırırıq. Azərbaycanın dövlət hakimiyyəti orqanları ölkəmizin müstəqilliyini təhdid edən bu təşəbbüslərin Azərbaycan üçün qəbuledilməz olduğunu rəsmən bəyan etməlidir". “Rusiyanın təklif etdiyi sənəd layihəsinin qəbul ediləcəyinə ciddi şübhələr var. Amma Rusiya da mövqeyində israrlıdır, xüsusilə Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı. Amma göründüyü kimi, burada Azərbaycandan da söhbət gedir. Azərbaycanın çətin ki, belə bir istəyi olsun”. DİA.AZ xəbər verir ki, bu barədə ”Yeni Müsavat"a şərhində Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirdi. Onun sözlərinə görə, nə ABŞ, nə də NATO Rusiyanın bu ultimatumunu qəbul etməyəcək: “Çünki bu, qəbulu mümkün olmayan ultimatumdur və əslində NATO-ya, ABŞ-a aşağılayıcı münasibətin təzahürüdür. İkincisi, bu yeni bir şey deyil. Yeni olan bu münasibətin, ultimatumun yazılı şəkildə sənəd halına salınmasıdır. Bu, Rusiyanın çoxdankı istəyidir. Belə tələblərin əsas mahiyyəti ondan ibarətdir ki, Rusiya yenidən dünyanın İkinci dünya müharibəsindən sonra olduğu kimi təsir zonalarına bölünməsini və kollektiv Qərbin keçmiş SSRİ məkanına girməməsini, Şərqi Avropadan da çəkilməsini istəyir. Bu isə dünyanın inkişafı mahiyyətinə ziddir. Onda sual olunur ki, bu cür tələblər niyə irəli sürülür? Məsələ burasındadır Ukrayna böhranından sonra dünyada yeni nizam quruculuğu və bununla bağlı geopolitik qarşıdurma həlledici mərhələyə daxil olub, Rusiya məsələsi gündəmə gəlib. ABŞ-ın, NATO-nun infrastrukturu Rusiyaya, keçmiş SSRİ məkanına doğru, xüsusən də Qara dəniz hövzəsində artır, NATO-nun təlimləri getdikcə ”soyuq müharibə" dövründəki təlimləri xatırladır. Ona görə bu ifadəni işlədirəm ki, ABŞ son dövrdə keçirdiyi təlimlərdə nüvə başlığı daşıyan təyyarələrlə Krıma zərbə endirməyi məşq edib. Bunu Rusiya bilir və hətta Putin çıxışında dilə gətirdi. Yəni Ukrayna məsələsi həm kollektiv Qərb üçün, həm də Rusiya imperiyasını bərpa eləmək istəyən mühafizəkar rus “dərin dövləti” üçün olmazsa olmaz məsələsidir. Çünki Ukrayna olmazsa, yeni Avropa təhlükəsizlik sistemini qurmaq mümkün deyil. Ukrayna olmazsa, Rusiya imperiyası mümkün deyil. Çünki Rusiya imperiyasının mərkəzi Kiyev rus dövləti hesab olunur. Kiyev olmasa Rusiya imperiyası tarixi legitimliyini itirir. Ona görə də Ukrayna məsələsi Avrasiyada yeni dünya nizamı quruculuğunun məhək daşı hesab olunur. Bura kim sahib olacaqsa, ən azı Avrasiya məkanında dünya nizamına o sahib olacaq. Ona görə də Ukrayna və onun ətrafında vəziyyət getdikcə kəskinləşəcək, toqquşmalar da mümkündür. Rusiya ABŞ və NATO-nun onun maraqlarını nəzərə almadığını düşünür. Ona görə də təhlükəsizliyini təhdid altında hesab edir və çıxılmaz vəziyyətə düşdüyündən belə hərəkətlər edir. Yəni bu, əslində Rusiyanın çıxılmaz vəziyyətdə olduğunu göstərir. Bu ultimatumlardan sonra Rusiya ya təslim olmalıdır, ya da yeni hərbi müdaxilələrə baş vurmalıdır. Hər ikisi də Kremlin, Rusiya “dərin dövləti”nin ziyanınadır". Rusiyanın NATO və ABŞ-a irəli sürdüyü ultimatum xarakterli sənəd layihəsinə keçmiş SSRİ respublikalarının münasibət göstərməsi, etiraz etməsinin gərəkliyi məsələsinə gəlincə, S.Əkbərin sözlərinə görə, NATO üzvü olmaq istəyən dövlətlər onsuz da münasibət bildirir: “Ukrayna və Gürcüstan münasibət bildirirlər və etirazlarını ortaya qoyurlar. Digər respublikaların isə NATO-ya üzv olmaq niyyəti olmadığı üçün düşünmürəm ki, onlar münasibət bildirəcəklər. Məsələn, Azərbaycanın dövlət başçısı İlham Əliyev dəfələrlə deyib ki, Azərbaycanın NATO-ya və Avropa İttifaqına üzv olmaq niyyəti yoxdur. Belə bir niyyəti olmadığı üçün də münasibət bildirilməyəcək. Amma burada mühüm məsələ var ki, ümumiyyətlə, Rusiya tələb edir ki, ABŞ keçmiş SSRİ ölkələrinin heç biri ilə hərbi əməkdaşlıq etməməlidir. Əsl münasibət bildirilməli olan məsələ budur. Çünki bu cür tələb respublikaların, o cümlədən Azərbaycanın suverenliyinə müdaxilədir. Ona görə ki, Azərbaycan ABŞ və NATO ilə hərbi əməkdaşlıq edir. Mənim və rəhbərlik etdiyim partiyanın fikri budur ki, Azərbaycan həm NATO-ya üzvlüyü hədəf almaqla Alyansla genişləndirilmiş, həm Avropa İttifaqı ilə yeni strateji tərəfdaşlıq sazişləri imzalamalıdır”. Geri qayıt |